Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:24

-

Ali Məhkəmə Əli Seyfəliyevin sədrliyi ilə həbsdə olan AXCP Məclis üzvü, Qarabağ əlili Asif Yusiflinin kassasiya şikayətinə baxıb.

Məhkəmə onu azad etməsə də, cəzasını 7 il yarımdan 6 ilə endirib.

Vəkil Fəxrəddin Mehdiyev Ali Məhkəmədən A.Yusifli barəsində bəraət hökmü çıxarılmasını xahiş edib. Vəkilin düşüncəsinə görə, məhkəmə prosesində A.Yusiflinin təqsiri sübut edilməyib. O, həmçinin qeyd edib ki, şikayətçi A.Yusifliyə qarşı iddiasından imtina edib. Üstəlik, A.Yusifli ittihamları rədd edir və siyasi səbəblərlə həbs edildiyini düşünür.

F.Mehdiyev sonda da deyib ki, A.Yusifliyə azad olmaq imkanı yaradan istənilən qərarı məqbul sayır.

O, A.Yusiflinin iki azyaşlı övladının olduğunu, uşaqlardan birinin şəkər xəstəliyindən əziyyət çəkməsini söyləyib. Eyni zamanda, vəkil A.Yusiflinin Qarabağ əlili olmasına da diqqət çəkib .

F.Mehdiyev deyib ki, Qarabağ münaqişəsinin indiki, həssas məqamında A.Yusiflinin azad edilməsini bütün veteranlar alqışlayar.

Amma məhkəmə A.Yusiflini azadlığa buraxmayıb. Onun cəzasını 7 il yarımdan 6 ilə endirib.

Vəkil Ali Məhkəmənin qərarından Plenuma və Avropa Məhkəməsinə şikayət ediləcəyini söyləyib.

Məsələyə AXCP sədri Əli Kərimli də münasibət bildirib. O, bu qərarı hakimiyyətin Qarabağ döyüşlərinə əsl münasibəti kimi dəyərləndirib.

A.Yusifli 2014-cü il noyabrın 25-də dələduzluq və sənədlərin saxtalaşdırılması ittihamı ilə saxlanıb.

2015-ci ildə məhkəmə onu 7 il yarım müddətinə azadlıqdan məhrum edib. Sonra Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG