Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:54

Asif Yusiflini buraxmadılar


Asif Yusifli
Asif Yusifli

«Bu adamı həbsdə saxlamaq Qarabağ torpaqlarına hörmətsizlikdir. Onun həbsdə qalması təkcə qanunsuzluq deyil, həm də günahdır».

Bunu vəkil Fəxrəddin Mehdiyev Bakı Apellyasiya Məhkəməsində AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ əlili Asif Yusifli barədə deyib.

«BƏRAƏT VERİLMƏLİDİR»

A.Yusifli bir nəfərin 6500 manat pulunu ələ keçirməkdə suçlanaraq, CM-nin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinib, 7 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan Ali Məhkəmə yüngülləşdirici halları nəzərə alıb, cəzanı maddənin sanksiya həddindən 6 ilə endirib. Amma bu ilin mayında qanunvericiliyə dəyişikliklərdən sonra 6500 manat ziyan artıq külli miqdar hesab olunmur. Vəkil F.Mehdiyevin müraciətindən sonra Nizami Rayon Məhkəməsi A.Yusifliyə ittiham maddəsini CM-nin 178.2-ci maddəsinə dəyişib. Baxmayaraq ki, bu maddədə 3 ildən 7 ilə qədər həbs və ya cərimə cəzası nəzərdə tutulub, məhkəmə Qarabağ əlilinin 6 illik cəzasını elə olduğu kimi saxlayıb.

Həmin qərardan apellyasiya şikayətinə oktyabrın 31-də Bakı Apellyasiya Məhkəməsində Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası baxıb.

F.Mehdiyev deyib ki, Nizami Rayon Məhkəməsinin qərarını cəza hissəsində qanunsuz və ədalətsiz hesab edir: «Biz Asif Yusiflinin, ümumiyyətlə, günahsız olduğunu düşünürük və hesab edirik ki, ona bəraət verilməlidir. Amma bu gün işə mahiyyəti üzrə baxılmadığına görə o barədə danışmıram. Ali Məhkəmə məhz müstəsna yüngülləşdirici halları nəzərə alaraq, Asif Yusifliyə münasibətdə Cinayət Məcəlləsinin 62-ci (müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsini tətbiq edib. Amma Nizami Rayon Məhkəməsi 178.2-ci maddənin yuxarı həddində cəza təyin edir».

«ÖVLADLARI AĞIR XƏSTƏDİR»

A.Yusiflinin işində xeyli yüngülləşdirici halların olduğunu deyən vəkil onları bir-bir sadalayıb.

«Bu işdə maddi ziyan yoxdur, vəsait artıqlaması ilə ödənilib. Zərərçəkmiş kimi tanınan şəxs özü dəfələrlə məhkəməyə müraciət edib, Asif Yusifliyə qarşı heç bit şikayəti, tələbi olmadığını bildirib. Asif özü birinci qrup Qarabağ əlili olub. Həbsdən sonra ona tibbi komissiyadan keçməyə imkan yaradılmayıb və birinci qrupu alıb ikinci qrup veriblər. Üstəlik, 2012-ci ildə keçirdiyi ağır avtoqəzadan sonra aldığı xəsarətlərdən hələ də əziyyət çəkir. Ailə vəziyyəti son dərəcə ağırdır, iki övladının ikisi də xəstədir – azyaşlı qızı ağır şəkər xəstəsidir, oğlu da göz xəstəliyindən əziyyət çəkir. Özü də hüquqşünasdır, ictimai-siyasi baxımdan aktiv, ziyalı adamdır», - vəkil bildirib.

A.Yusiflinin iki ildir ki, həbsdə saxlanıldığını vurğulayan müdafiəçi məhkəmədən çəkdiyi cəza ilə kifayətlənib onun azadlığa buraxılmasını və ya verilmiş maddədə nəzərdə tutulan cərimə cəzası tətbiq edilməsini istəyib.

«GÜNAHSIZAM»

A.Yusiflinin özünün çıxışı qısa olub. O, vəkilinin dedikləri ilə razılaşdığını bildirib. Yalnız onu əlavə edib ki, ilk dəfə məhkum olunan şəxsə maddədəki maksimum cəzanın 3/4-dən çox cəza verilə bilməz. Ona münasibətdə isə qanunun bu tələbi pozulub. Qarabağ əlili həmçinin, ümumiyyətlə, günahsız olduğunu vurğulayıb.

Hakimlər kollegiyası iki dəqiqəlik müşavirədən sonra Nizami Rayon Məhkəməsinin qərarının qüvvədə saxlanıldığını elan edib.

F.Mehdiyev AzadlıqRadiosuna bildirib ki, qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.

A.Yusifli 2014-cü il noyabrın 25-dən həbsdədir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG