Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:26

Məsuliyyətsiz stomatoloqlar və pinti ginekoloqlar hepatitin, AİDS-in dostudur...


Aynur Ələkbərova
Aynur Ələkbərova
-


24 yaşlı Sahil Cəfərov hepatit virusunun ağır formasından əziyyət çəkir. O, hər 3 aydan bir müalicə olunur. Sahil Cəfərov bu virusa diş həkiminin ehtiyatsızlığı ucbatından yoluxduğunu deyir:

«DİŞİMİN MÜALİCƏSİ QURTARANDAN BIR MÜDDƏT SONRA CİYƏRİMDƏ MÜXTƏLİF AĞRILAR BAŞLADI»

«Diş həkiminə getmişdim. Dişimin müalicəsi qurtarandan bir müddət sonra ciyərimdə müxtəlif ağrılar başladı. Məlum oldu ki, məndə hepatit C virusu aşkarlanıb. Mən əminəm ki, bu virus stomatoloqdan keçmişdi. Onun əlində qoruyucu vasitələr yox idi. İş otağında sterilizə aparatı yox idi. Hazırda müalicə olunuram. Çox bahalıdır. Hər kurs təxminən 7-8 min dollar arası pul tutur».

Gəncə şəhərinin baş infeksionisti İradə Dəmirova da deyir ki, son vaxtlar hepatit C virusuna yoluxanların sayı artıb. Onun deməsinə görə, hepatitdən müayinə olunan xəstələrin təqribən 15 faizində məhz onun C növü aşkarlanır. Həkim bunun ilkin səbəbinin miqrasiya olduğunu deyir. Düşünür ki, insanlar arasında maarifləndirmə işi də aparılmalıdır.

İradə Dəmirova
İradə Dəmirova
İradə Dəmirova əlavə edir ki, bu virusun artmaması üçün bütün tibb müəssisələrində sterilizə aparatları olmalıdır. Həkimin deməsinə görə, buna birbaşa Səhiyyə Nazirliyi nəzarət etməlidir.

Sterilizə - həkimlərin sadə dildə izahatına görə, alətlərin müasir formada qaynadılmasıdır. Məsələn «avtoklab» adlı sterilizə aparatı qaynar buğun təzyiqi ilə mikrobların məhv olmasına səbəb olur. Bundan başqa xüsusi məhlullar var ki, onun içərisində alətlər saxlanılır, əşyalar təmizlənir. Bu məhlul ən güclü mikroblarla mübarizə aparır.

Həkim stomatoloq Aynur Ələkbərova isə deyir ki, diş müayinəsi və müalicəsi üçün istifadə olunan alətlərin cəmi 40 faizi birdəfəlikdir. Odur ki, kabinetdə sterilizə aparatlarının olması zəruridir.

«SON ZAMANLAR VİRUS MƏNŞƏLİ XƏSTƏLİKLƏR ÇOX YAYILIB»

«Son zamanlar virus mənşəli xəstəliklər çox yayılıb. Bunun səbəbi diş həkimlərinin, ginekoloqların qaydalara riayət etməməsidir. Bir diş həkiminin ehtiyatsızlığı ucbatından hepatit A, B, C-yə yoluxa bilərlər. Sterilizasiyanın bir neçə mərhələsi var. Bu mərhələlərin hansınasa düzgün əməl olunmursa bu artıq hansısa br xəstəliyə gətirib çıxara bilər.

Avtoklav
Avtoklav
Həkimin özü əlcəkdən, maskalardan istifadə etməlidir. Müəyyən alətlər var ki, onlar bir dəfə istifadə olunur, sonra atılır. Bu haradasa, 40 faiz təşkil edir. Amma başqa alətlər yuyulmalıdır. Bu «avtoklab»dır. Burada alətlər yüksək təzyiq və buğ vasitəsilə sterilizə edilir. Bağlamaq da olar ki, istifadəyə qədər heç bir toz, mikrob düşməsin. Alətlər xüsusi məhlullarda yuyulmalıdır».

Həyatı qaralmış Sahil Cəfərov ciyərindəki ağrılardan əziyyət çəkir. Üstəlik çox bahalı olan müalicəsini davam etdirib, sağala biləcəyinə belə gümanı azdır. Sahil Cəfərovun gənclərə mesajı var:

«BİRİNCİ İNSAN ÖZÜ-ÖZÜNÜN HƏKİMİ OLMALIDIR»

«Allah heç kimə qismət eləməsin. Birinci insan özü-özünün həkimi olmalıdır. Gənclərimizdən xahişim odur ki, həkimə gedərkən, stomatoloqa, bərbərə gedərkən maraqlansınlar ki, sterilizə aparatları varmı? Əlcəklər, qoruyucu maskalar varmı? Tələb eləsinlər».

Təəssüf ki, hələ də sterilizatorsuz stomatoloji kabinetlərin varlığı, eləcə də ginekoloqların, bərbərlərin, manikür ustalarının məsuliyyətsizliyi itirilmiş ömürlər bahasına başa gəlir.
XS
SM
MD
LG