Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:24

Baş həkim Şəhrəbanu Məlikova: “Küvezdə körpə var - o uşaq ölsə, biz nə edəcəyik?!”

Ağsu rayon Mərkəzi Xəstəxanasına verilən elektrik enerjisi kəsilib.

Xəstəxananın baş həkimi Şəhrəbanu Məlikova “Report”a bildirib ki, Mərkəzi Xəstəxananın yeni binası bu ilin iyun ayında istifadəyə verilib:

“Xəstəxananın işıq borcu köhnə binaya uyğun olaraq 2015-ci ilin axırında hesablanıb və büdcədən ödənib. Xəstaxananın yeni binası əvvəlki bina ilə müqayisədə böyük olduğundan, ödənilən işıq pulu tamamilə istifadə olunub. Noyabr və dekabr aylarında istifadə olunacaq işıqpulunu ödəmək üçün pulumuz yoxdur. Həm də "Azərişıq" ASC-yə borcumuz yaranıb. Bu səbəbdən də xəstəxananın işığı kəsilib. Bizə bildirirlər ki, işıqpulu verilməsə, xəstəxananın işığı bərpa olunmayacaq”.

Şəhrəbanu Məlikova hazırda xəstəxanada 22 dializ xəstəsi olduğunu deyir:

“Əməliyyat olunmalı xəstələrimiz var, yeni körpələr dünyaya gəlib, küvezdə körpə var - o uşaq ölsə, biz nə edəcəyik?!”.

Baş həkimin sözlərinə görə, xəstəxanaya elektrik enerjisi generatorla verilir:

“Təcili əməliyyatları bu şəraitdə edirik, amma belə nə qədər davam edə bilər?! Həm də generator dializ aparatlarını işlətmir”.

Həkim dövlət qurumlarına və nazirliklərə müraciət edib: “Hər yerə müraciət etmişik, amma cavab verilmir, heç kim heç nə demir. Hazırda xəstəxanada istilik, havalandırma sistemi işləmir, su və işıq yoxdur. Bu sistemlərin hamısı elektriklə işləyir. Məcburuq ki, xəstəxananı bağlayaq çıxaq. Bəs xəstələri nə edək, hara yollayaq?!”

Ağsu rayon Mərkəzi xəstəxanasının yeni binası 2016-cı il aprelin 29-da istifadəyə verilib. Açılış mərəsimində prezident İlham Əliyev də iştirak edib. Bu barədə prezidentin rəsmi internet saytında məlumat və fotolar verilib.

Açılış mərasimindən baş həkim Şəhrabanu MƏLİKOVA diqqət və qayğıya görə Prezident İlham Əliyev-ə minnətdarlıq edib:

"Cənab Prezident, müasir tələblərə cavab verən xəstəxana binasını bizə hədiyyə etdiyinizə görə Sizə minnətdarlığımızı bildiririk. Çox sağ olun. Allah Sizə cansağlığı versin".

Prezident isə baş həkimə vətəndaşlara yaxşı xidmət göstərməyi tövsiyyə edib:

"Sağ olun. Vətəndaşlara yaxşı xidmət göstərin".

“Azərişıq”-ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev AzadlıqRadiosuna Ağsu Mərkəzi Xəstəxanasının elektrik borcuna görə bağlandığını təsdiqləyib. O deyib ki, elektrik enerjisi borc ödənildikdən sonra bərpa ediləcək.

Səhiyyə Nazirliyindən isə məsələyə gələn həftə münasibət açıqlayacaqlarını bildiriblər.

Şənbə günü olduğundan Ağsu icra hakimiyyəti və yerli səhiyyə idarəsi ilə əlaqə saxlamaq mümkün olmayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG