Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:25

►“Azərbaycan xalqında irqçilik olmayıb. İrqçilik bir almanlarda olub, bir ermənilərdədir, bir də Amerikada Trump-da. İnanmıram ki, amerikalılar da onu prezident seçsin”.

İrqçilik və Dözümsüzlüyə qarşı Avropa Komissiyası iyunun 7-də Azərbaycanla bağlı hesabatını açıqlayıb.

Hesabatda Azərbaycanda bir sıra sahələrdə durum təqdir olunur.

Məsələn, ölkədə etnik azlıqlara nifrət olmadığı deyilir. Və ya bir neçə il qabaq “Eurovision” mahnı yarışması zamanı LGBT mənsublarının qorunduğu bildirilir.

Amma hesabat müəllifləri bir məqama xüsusi diqqət yetirirlər:

“Siyasi liderlər, təhsil müəssisələri, media ermənilərə qarşı nifrət çıxışları yayır, Ermənistanla barışığa çağıran insan haqları fəalları isə ağır cəzalar alıblar”.

Avropa Komissiyası irqçilik təşviq edən qrupların zorakılığı qızışdırması hallarının və onlara dəstəyin cəzasız qaldığını hesab edir. Hökumətə verilən tövsiyələrdən biri də dövlət rəsmilərinin bütün səviyyələrdə ermənilərə qarşı nifrət çıxışından çəkinməsinin təmin edilməsidir.

Milli Məclisin üzvü, yazıçı Aqil Abbas AzadlıqRadiosuna müsahibəsində hesabatda səslənən fikirlərə emosional şəkildə münasibət bildirir:

– Onu deyənlər qələt edir, başını da daşa döyür. Mənim deyəcəyim söz budur. Ermənilər bizi təhqir edir, avropalılar bizi təhqir edir. Ermənilər şəxsən məni təhqir edib, evimi-eşiyimi yandırıb, nəslim çöllərdədir, torpağımı işğal edib, torpağımda daşı daş üstündə qoymayıb.

____________________________________________________________

Bunlara da bax:
Əliyevlər devalvasiyadan milyonlar qazandılar (Araşdırma)
A.Merkel: “Ümid edirəm, alman fondları yenə Azərbaycanda işləyəcək”

____________________________________________________________

– Müharibə vəziyyətində olan ölkədə sıravi vətəndaşın qarşı tərəfə nifrəti bəlkə də anlaşılandır, amma bunu yüksək kürsülərdən, özü də məmurların dilindən eşitmək nə qədər doğrudur?

– Azərbaycanda 30 min erməni yaşayır. Dövlət səviyyəsində ermənilərə qarşı heç bir ayrıseçkilik olmayıb. İçi mən qarışıq, deputatlar və dövlət rəsmiləri deyirlər ki, “erməni Azərbaycan vətəndaşlığını qəbul etsə, Azərbaycanda yaşaya bilər, deputat seçilər, prezident seçilə bilər, nazir də ola bilər”. Heç bir dövlət xadimi, heç bir dövlət işçisi, millət vəkili bundan başqa çıxış etməyib. Avropa bunu hardan çıxarır, bilmirəm. Azərbaycanda 30 min erməni yaşayır, qırmışıq onları, döymüşük onları, öldürmüşük onları? Amma Ermənistanda bir dənə azərbaycanlı tapsınlar mənə, bircə dənə. Adını desinlər mənə. Bircə nəfər tapsınlar.

– Bu cür qarşılıqlı ədavət barışa mane olurmu, sizcə?

– Mən deyirəm, ermənilər barışa mane olur. Qayıdaq Ermənistana da, gedək Qarabağa – evimizə. Avropa nə nağıl danışır? İrqçiliyi Amerika edir. Prezidentliyə namizəd Trump irqçilik edir. Niyə ona qarşı kampaniya aparmırsız? Azərbaycanda erməni əleyhinə hansı işlər görülür? Erməni gəlib burda futbol oynayır, voleybol oynayır, şahmat oynayır. Erməni bura beynəlxalq iclaslara, konfranslara gəlir, kim onlara bir söz deyir? Bir Azadlıq Təşkilatı (Qarabağa Azadlıq Təşkilatı – red.) hərdən deyir ki, “bunlar Azərbaycana niyə gəlir?” Düz edir də. Azadlıq Təşkilatı üzvlərinin hamısının evini-eşiyini erməni yandırıb, sənin evini yandırsalar, nə deyərsən? Amma biz yenə tolerantlıq göstəririk. Yenə də deyirik, “Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlığımızı qəbul etsinlər, gözümüz üstündə yerləri var”. Xankəndində yaşayan erməni, ya Martunidə yaşayan vətəndaşlığı qəbul etsin , gəlsin deputat olsun, nazir olsun, özəlləşdirmədə iştirak etsin, nə istəyir, etsin. Azərbaycan xalqında irqçilik olmayıb. İrqçilik bir almanlarda olub, bir ermənilərdədir, bir də Amerikada Trump-da. İnanmıram ki, amerikalılar da onu prezident seçsin.

– Hesabatda alternativ hərbi xidmət haqqında qanunun qəbul olunmaması da tənqid edilir. Bu qanun qəbul ediləcəkmi?

– Sizin suallarınıza cavab verdim. Daha artıq danışmayacam, vəssalam.

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG