Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:38

Apple şirkətinin FTB ilə çəkişməsində Facebook, Google, Twitter, Wozniak, Trump, McAfee, Snowden və başqaları müxtəlif tərəfləri seçiblər.

Oscar Raymundo Macworld saytında yazır ki, Apple şirkəti ilə Federal Təhqiqatlar Bürosu arasında şəxsi sirlər məsələsində yaranmış qarşıdurmada bütün kommunikasiya texnologiyaları şirkətləri - Facebook, Google, Twitter və hətta Snowden Apple-i müdafiə edirlər. Onlar şəxsi sirlərin hətta təhlükəsizlik xidmətlərindən belə qorunmalı olduğu qənaətindədirlər.

Amma əksər siyasətçilər, məsələn prezidentliyə respublikaçı namizəd Donald Trump hesab edir ki,bu məsələdə FTB və onun xeyrinə hökm çıxarmış məhkəmə düzgün mövqe tutub.

Apple şirkətinin rəhbəri Tim Cook

Apple şirkətinin rəhbəri Tim Cook

Məsələnin məğzi bundan ibarətdir ki, ABŞ Federal Məhkəməsi Apple şirkətini onun istehsalı olan iPhone telefonlarından birinə daxil olmaq üçün Federal Təhqiqatlar Bürosuna giriş verməyə təhkim edib.

Apple bunu çox təhlükəli nümunə adlandıraraq məhkəmə qərarı ilə razılaşmır.

Lakin məsələni qəlizləşdirən budur ki, söhbət San Bernardinoda atəş açaraq 14 nəfərin həyatına son qoymuş iki terrorçudan birinin telefonundan gedir.

“Bir nəfərin sirri bütün xalqın canından artıqdırmı?”

FTB və məhkəmə bu mövqedədirlər ki, ictimaiyyətin maraqları və təhlükəsizliyi bir nəfərin şəxsi sirlər azadlığından daha mühümdür.

Bütün bunlara baxmayaraq, kommunikasiya texnologiyası şirkətləri və onların rəhbərləri inanırlar ki, iPhone müştərilərin şəxsi sirlərini hətta FTB kimi strukturdan da qorumaqda haqlıdır.

İndi Apple şirkətinin icraçı direktoru Tim Cook-un məhkəmə qərarı ilə bağlı etiraz məktubunun ardınca ABŞ-da “ictimai rəy məhkəməsində” böyük bir debat başlanıb.

Ötən cümə axşamı sosial media nəhəngi Facebook bəyan edib ki, hakimiyyətin adamların təhlükəsizliyi üçün gördüyü işi yüksək qiymətləndirir, lakin öz istifadəçilərinin internet təhlükəsizliyini qızğın şəkildə müdafiə edəcək.

“Biz terroru qətiyyətlə pisləyirik və terror qurbanları ilə tam həmrəyik. Terror aktlarını tərif və təbliğ edənlərə bizim xidmətimizdə yer yoxdur. Biz həmçinin adamların asayişini qoruyan hüquq-mühafizə orqanlarının çətin və mühüm fəaliyyətini yüksək qiymətləndiririk” – deyilir Facebook-un USA Today qəzetində dərc olunmuş bəyanatında.

Bəyənatda bildirilir ki, “biz hakimiyyət orqanlarından qanuni ricalar alanda, onları yerinə yetiririk, lakin eyni zamanda biz telekommunikasiya texnologiyaları şirkətlərindən öz təhlükəsizlik sistemlərini zəiflətmələri kimi tələblərə qarşı qızğın mübarizə aparırıq”.

“Arxa qapı” yaxşı şey deyil

Apple şirkətinin həmtəsisçilərindən Steve Wozniak CNBC şəbəkəsinə müsahibəsində deyib ki, bu insidentlə yaxından tanış deyil, lakin məhkəmə qərarının tam əleyhinədir.

“Mən düşünmürəm ki, adamların işlətdikləri telefonlara “arxa qapı” qoyulmalıdır, - deyib Steve Wozniak, - Mən inanıram ki, Apple brendinin geniş tanınması və qiymətləndirilməsi, onun mənfəətləri, əslində elə “etibar” elementinə əsaslanır”.

Steve Wozniak müsahibədə Steve Jobs-un FTB ilə mübahisəsini yada salıb.

“Bir dəfə onlar (FTB) Apple şirkətinə gəlib demişdilər ki, Çin casuslarından qorunmalıyıq. Onlar deyirdilər ki, casuslar bizim İP-lərimizi oğurlamaq istəyirlər. Onda Jobs söruşdu ki, FTB də eyni işlə məşğul deyilmi? Onlar “yox” dedilər” – deyib Steve Wozniak.

Google şirkətinin rəhbəri Sundar Pichai özünün Twitter hesabından Cook-un FTB ilə çarpışmasını dəstəkləyib.

O deyib ki, şirkətləri hakerlik qarşısında açıq qoymaq onların təhlükəsizliyinə zərbə vurur.

Twitter-in icraçı direktoru Jack Dorsey də Apple rəhbərinin tərəfini saxlayıb.

Qaçaq ABŞ casusu Edward Snowden Twitter mesajında Apple şirkətini dəstəklədiyini bildirib.

John McAfee “ayaqqabısını yeməyə hazırdır”

McAfee antivirus proqramının yaradıcısı John McAfee bu məsələ ilə bağlı maraqlı mövqe bildirib. O Business Insider saytına müsahibəsində deyib ki, FTB-yə Apple-in sözü gedən konkret iPhone-nunun kodunu sındırmaqda kömək edə bilər.

John McAfee

John McAfee

John McAfee deyib ki, Apple-dən öz məhsulunun sirrini açmasını tələb etmək dövlətin öz nüvə silahlarının kodlarını dərc etməsi kimi bir şey olardı.

“Tim Cook və Apple şirkətinə hörmətsizlik olmasın, amma mən dünyanın ən yaxşı hakerləri ilə işləyirəm” – deyib John McAfee.

O bildirib ki, “iPhone-nun kodunu üç həftəyə açmasa, canlı efirdə ayaqqabısını yeməyə hazırdır”.

Lakin o xəbərdar edib ki, “belə bir hadisə Amerikanın axırının başlanğıcı olardı”.

WhatsApp şirkətinin rəhbəri Jan Koum da Tim Cook-un Facebook məktubu ilə həmrəylik ifadə edib.

O deyib ki, bu gün söhbət azadlığın qorunmasından gedir.

Ötən dekabr ayında WhatsApp məhkəmə qərarını yerinə yertirmədiyinə görə Braziliyadan qovulub.

Tanınmış iş adamı Mark Cuban deyib ki, FTB Apple-dən bir iPhone cihazının açılmasını tələb edib, lakin təhlükə bundadır kİ, məsələ bir telefonla qurtarmaya bilər.

“Bu bircə dəfə baş versə, hamımız şəxsi məxfiliyimizi birdəfəlik itirə bilərik” – deyib biznesmen.

Trump: “Apple özünü kim hesab edir?”

Lakin bu mübahisədə əksər siyasətçilər və millət vəkilləri FTB-nin və məhkəmənin tərəfindədirlər.

Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trump deyib ki, o, bu məsələdə 100 faiz məhkəmələrin tərəfindədir.

Donald Trump

Donald Trump

O bəyan edib ki, belə şeylərdə “sağlam düşüncədən” çıxış etmək lazımdır.

Trump Apple barədə sərt danışıb: “Onlar özlərini nə hesab edirlər?”

Senator Tom Cotton Apple şirkətini “ölmüş İŞİD terrorçusunun şəxsi sirlərini Amerika xalqından uca tutmaqda” ittiham edib.

Senator düşünür ki, iPhone telefonuna “arxa qapının” qoyulması nəinki terrorla, hətta başqa cinayətlərlə də mübarizəyə kömək edə bilər.

Prezidentliyə başqa bir resppublikaçı namizəd Marco Rubio hesab edir ki, Apple “yaxşı bir vətəndaş şirkət” kimi dövlətlə könüllü əməkdaşlıq etməlidir. Bununla belə, siyasətçi bu məsələnin xeyli qəliz olduğunu da etiraf edib.

Elə eləməsinlər təzə qanun çıxardaq

Senator Dianne Feinstein PBS-in NewsHour proqramına deyib ki, Apple FTB-nin istədiyi spesifik informasiyaları sanksiya əsasında verməyə borcludur.

Senator Dianne Feinstein deyib ki, lazım olsa təzə qanunlar yazıla bilər

Senator Dianne Feinstein deyib ki, lazım olsa təzə qanunlar yazıla bilər

Senator bunu da əlavə edib ki, sözü gedən iPhone San Bernardino bələdiyyəsinin mülkiyyətidir və o, FTB-yə telefonun açılması üçün icazə verib.

Senatın kəşfiyyat komitəsinin sədr müavini olan xanım Feinstein deyib ki, Apple belə bir qayda ilə razılaşmasa, Konqres lazımi qanunları qəbul edib Apple şirkətini buna məcbur edə bilər.

Los Ancelesdən konqresmen Ted Lieu bəyan edib ki, Apple və ya hər hansı özəl şirkət “hüquq-mühafizə orqanlarının şöbəsinə” çevrilməyə məcbur edilə bilməz.

“Hökumət Facebook-u məcbur edə bilərmi ki, o istifadəçilərindən kimin potensial cani olduğunu üzə çıxaran proqram tətbiq etsin? – deyə sual edib millət vəkili, - Və ya hökumət Google şirkətini məcbur edə bilərmi ki, o İŞİD-i axtaran bütün istifadəçilərin siyahısını təqdim etsin?”

Günün bütün mövzuları

XS
SM
MD
LG