Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:29

Xəstəliklərin dərmanlara müqaviməti artır


Foto illüstrasiya
Foto illüstrasiya

BMT Baş Assambleyası sentyabrın 21-də xəstəliklərin dərmanlara müqaviməti ilə bağlı yüksəksəviyyəli toplantı keçirəcək. Qurumun toplantıları nadir hallarda səhiyyəyə həsr olunur. «The Washington Post» qəzeti yazır ki, dərmanlara müqavimət probleminin bu səviyyədə müzakirəsi onun qlobal təhlükə olmasının göstəricisidir.

28 MİLYON ADAM YOXSULLAŞA BİLƏR

Dünya Bankı xəstəliklərin dərmanlara müqavimətinin külli miqdarda insanı yoxsullaşdıra biləcəyini deyib. Təşkilatın hesablamalarına görə, insan və heyvanlarda dərmanlara müqavimət artarsa, 2050-ci ilə qədər 28 milyon adam yoxsullaşa bilər.

«The Washington Post» yazır ki, bu, təkcə insanların sağlamlığıyla bağlı məsələ deyil, həm də kənd təsərrüfatı, ətraf mühitlə əlaqədar ciddi suallar yaradır. Çünki xəstəliyin müqaviməti mexanizmi mobildir, bir bakteriyadan başqasına keçə bilər.

XX əsrin ortalarından bu yana antibiotiklər tibbin dayağı hesab olunub. Amma antibiotiklərdən yerli-yersiz və həddən artıq istifadə xəstəliklərin bu dərmanlara müqavimətini artırıb və iş o yerə çatıb ki, bəzi antibiotiklər təsirlərini artıq itiriblər. Antibiotikin təsirsizliyi isə adi boğaz ağrısının, ya da yaranın keçmişdəki kimi həyati təhlükə olması deməkdir.

KÜLLİ MİQDARDA VƏSAİT

Dünya Bankının sağlamlıq, ərzaq və məskunlaşma məsələləri üzrə baş direktoru Tim Evans «Reuters» agentliyinə müsahibəsində deyib: «Biz antibiotiklərin sayəsində nail olduqlarımızın itirilməsinə imkan verə bilmərik. Xəstəliklərin müqaviməti məsələsindəki fəaliyyətsizliyimiz bizə çox baha başa gələ bilər, məsələyə təcili və ciddi şəkildə baxılmalıdır».

Tim Evans antibiotiklərdən istifadəyə nəzarətin gücləndirilməsinin, diaqnostika laboratoriyalarının inkişafının vacib olduğunu bildirib. Onun fikrincə, fermaların, heyvanların kəsildiyi yerlər ciddi şəkildə yoxlanmalı, baytarlarla təlimlər təşkil olunmalı, bütün bunlara külli miqdarda vəsait ayrılmalıdır.

«Reuters» yazır ki, hazırda antibiotiklər insanlardan çox heyvanların müalicəsi, həm də müalicədən çox artırılmasından ötrü istifadə olunur.

QLOBAL ÜDM DÜŞƏ BİLƏR

«The Washington Post» son illər Birləşmiş Ştatlar və Britaniyanın bu məsələyə diqqət etməyə başladığını, amma problemin bütün ölkələrin sərhədini keçdiyini vurğulayır. Keçən il Çində tədqiqatçılar xəstəliklərin dərmanlara müqavimətinin artdığını elan ediblər.

Dünya Bankının hesablamalarına görə, təhlükə aradan qaldırılmasa, 2050-ci ilə illik qlobal ÜDM azı 1.1% düşər, itki 3/8% olar.

BMT Baş Assambleyasının sentyabrın 21-nə planlanan toplantısında məqsəd insan və heyvanların müalicəsində antibiotiklərdən istifadəyə nəzarətin yaxşılaşdırılmasına, antibiotiklərə ehtiyac olub-olmadığını müəyyən etməkdən ötrü diaqnostikanın inkişafınanail olmaqdır. Həmçinin, infeksion xəstəliklərə nəzarətin gücləndirilməsi, yeni antibiotiklərin tapılması və hazırlanması işinin stimullaşdırılması qarşıya qoyulan hədəflərdəndir.

XS
SM
MD
LG