Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:26

Vahid Mustafayev: ‘Siz padşahsınızsa, öz nökərlərinizi fikirləşin’ [video]


Sentyabrın 2-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində ANS-in Milli Televiziya və Radio Şurasına qarşı iki iddiasına baxılıb. İddialardan biri ANS telekanalının, ikincisi isə ANS ÇM radiosunun lisenziyasına xitam verilməsinə dair Teleradio Şurasının iyulun 18-də qəbul etdiyi qərarların ləğvi haqdadır.

"ANS ÇM" iddiasında qərarın qanunsuz və etibarsız sayılmasını və 1 milyon manat təzminat tələb edir. Telekanalla bağlı iddiada isə qərarın ləğvi ilə yanaşı, şirkətə dəymiş 4 milyon 317 min maddi ziyan, 355 min əldən çıxmış fayda, 1 milyon da mənəvi ziyanın ödənilməsi tələb olunur. Hər iki iddiaya hakim Elçin Məmmədovun sədrliyilə baxılıb.

Buna da bax: Türkiyədə çevriliş cəhdi: Hər şey necə başladı?

“1000-ə YAXIN ƏMƏKDAŞIMIZ İŞSİZ QALIB”

Əvvəlcə ANS ÇM radiosu ilə bağlı məhkəmə iclası keçirilib. ANS ÇM-in vəkili Raqif Mustafayev vəsatət qaldırıb və məhkəmədən müvəqqəti xarakterli müdafiə tədbiri kimi, 18 iyul 2016-cı il tarixli qərarın icrasının dayandırılması, cavabdehin üzərinə radionun fəaliyyətinin bərpası barədə öhdəlik qoyulmasını istəyib:

Mirşahin Ağayev: “Biz heç bir yazılmış və yazılmamış qanunu pozmamışıq”

"Cavabdeh Teleradio Şurasının hərəkətləri nəticəsində ANS-ə və onunla əlaqəli digər qurumlara külli miqdarda ziyan dəyib. Bizim 1000-ə yaxın əməkdaşımız işsiz qalıb. Şuranın qərarının qanunsuz və etibarsız sayılması barədə iddiamıza baxılıb qərar qəbul edilməsi, həmin qərarın qüvvəyə minməsi bir xeyli vaxt alacaq. Həmin müddətdə belə böyük şirkətə bu qədər ciddi ziyanın dəyməsinin davam etməsinə göz yummaq olmaz. Ona görə də xahiş edirik, müvəqqəti xarakterli müdafiə tədbiri kimi, belə bir qərardad qəbul edəsiniz".

Buna da bax: Türkiyədə çevriliş niyə alınmadı: 5 səbəb

Teleradio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov bu vəsatətin əsassız olduğunu bildirib və onun təmin olunmamasını istəyib.

Hakim deyib ki, məhkəmə bu vəsatətə növbəti mərhələdə münasibət bildirəcək.

“KONTUZİYA ALMIŞAM”

Vahid Mustafayev: "Bizə heç bir qərar verilməyib, polislər gəlib, heç bir qanuni əsas olmadan bizi çıxarıb, qapıları bağlayıblar".

R. Mustafayev hakimin nəzərinə çatdırıb ki, radionun fəaliyyətinə xitam verilməsi barədə qərar indiyədək ANS ÇM-ə təqdim olunmayıb.

ANS-in prezidenti Vahid Mustafayev də bu məsələ ilə bağlı çıxış edib: "Bizə heç bir qərar verilməyib, polislər gəlib, heç bir qanuni əsas olmadan bizi çıxarıb, qapıları bağlayıblar. Bu günə qədər ora daxil ola bilmirik, hətta xadimələrimiz belə girib təmizlik işi aparmaq imkanından məhrumdur".

Buna da bax: Türk yazıçısı: Türkiyədə iki şər qüvvə toqquşub

V. Mustafayev onu da qeyd edib ki, prezidentin 1 iyun 2016-cı il tarixli sərəncamı ilə lisenziyanın verilib-alınması səlahiyyəti İqtisadiyyat Nazirliyinə verilib. Ona görə də Teleradio Şurası ANS ÇM-in lisenziyasını ləğv edə bilməzdi: "Biz regionda ilk müstəqil radio olmuşuq, Çingiz Mustafayevin adını daşıyır bu radio. Hər kəsə demək istəyirəm ki, bugünkü hərəkətlərinə görə ehtiyatlı olsunlar, sabah xalqın qarşısında heyfslənməsinlər. Biz cəbhələrdə olmuşuq, məhkəmə zallarında yox. Bütün bədənim tikə-tikədi, kontuziya almışam".

“ŞİRKƏT ÖHDƏLİYİNİ YERİNƏ YETİRƏ BİLMİR”

Vahid Mustafayev: "Hər kəsə demək istəyirəm ki, bugünkü hərəkətlərinə görə ehtiyatlı olsunlar, sabah xalqın qarşısında heyfslənməsinlər".

ANS-in hüquqşünası Sevda Məhərrəmova isə "ANS-Commerce" şirkətinin üçüncü tərəf qismində prosesə cəlb olunması haqda vəsatət qaldırıb. Bildirib ki, müqaviləyə əsasən, radioda reklam yerləşdirmək, sponsor cəlb etmək səlahiyyəti bu şirkətə verilmişdi. Bu mənada, Teleradio Şurasının qərarı bu şirkətin maraqlarına da toxunur: "ANS ÇM bu şirkətlə müqavilədən sonra avans götürüb, amma müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirə bilmir. Ona görə şirkət də reklam aldığı qurumların qarşısında pis vəziyyətdə qalıb".

Buna da bax: Azərbaycanda yeni ittiham: Gülençi

V. Mustafayev də bu məsələyə ətraflı münasibət bildirərək deyib ki, beynəlxalq şirkətlər də Teleradio Şurasına qarşı beynəlxalq səviyyədə iddialar qaldıracaqlar: "Çünki Azərbaycan ərazisində onların hüquqları pozulub. "ANS Commerce" bir sıra beynəlxalq şirkətlərdən reklamlar alıb yerləşdirirdi. Bu şirkətə dəyən ziyan yüzminlərlə dollar həcmindədir. Biz hələ ki, beynəlxalq strukturların qarşısını alırıq. Vəd veririk ki, məsələ dövlətimiz tərəfindən həll olunacaq. Xahiş edirik, bu qanun pozuntularının qarşısını alın. Tarix qarşısında tarixi hərəkət edin, ANS ÇM-i Azərbaycan xalqına qaytarın".

Buna da bax: Mirşahin Ağayev: "Beynəlxalq təşkilatlar..."

Teleradio Şurasının nümayəndəsi T. Məmmədov bu vəsatətə də etiraz edib: "Əgər ANS ÇM-in milyon şirkətlə müqaviləsi varsa, onların hamısı bu işə cəlb olunmalıdır? Hesab edirik ki, vəsatət əsassızdır".

Hakim vəsatəti təmin etməyib.

“YÜZMİNLƏRLƏ PUL İTİRİRİK”

Bu qərar ANS-in prezidenti V. Mustafayevi hiddətləndirib: "Bu həmin müstəqil dövlətdir, həmin müstəqil məhkəmədir ki, onun uğrunda vuruşmuşuq, indi siz burada kabinetdə, mantiyada oturmusuz, vəsatətlərimizi rədd edirsiz, heç bir izahat da vermirsiz. Sizi də başa düşürəm, tabe olduğunuz adamlar var. Bizim 1000-ə yaxın əməkdaşımız heç bir günah etmədiyi halda, belə bir pis vəziyyətə salınıb. Biz müharibədən çıxıb buralara gəlmişik. Əminəm, siz cavan olanda televiziyanı açıb, Qarabağ barədə xəbərləri bizdən almısız. Bizim nə günahımız var axı? Biz sizin yanınıza köməyə gəlmişik. Siz bu gün dövlət imtahanı verirsiz. Bu iş adi iş deyil, tarixi işdir. Xahiş edirəm, özünüz hesab etdiyiniz bir səviyyədə bizə hörmət edin. Biz yüzminlərlə pul itiririk. Bu pulları Prezident Aparatı, Nazirlər Kabinetinin qərarları əsasında sərmayədarlar vasitəsilə Azərbaycana gətirmişik. Onlara burada biznes üçün münbit şərait olduğunu demişik. Onlar da inanıblar, gəliblər. İndi də bizdən izahat istəyirlər. Cavab verməkdə aciz qalmışıq. İstəmirik ki, Azərbaycan xarici dövlətlərin qarşısında pis vəziyyətdə qalsın. Bizə bir yol göstərin, biz onlara nə deyək ki, biabır olmayaq? Söhbət Mirşahindən, Vahiddən getmir, dövlətçiliyimizdən gedir. İndi baxdığınız məsələlər mənim bütün həyatımdır. Bütün həyatımı bu işə qoymuşam. Onlar bizimlə yanaşı, digər televiziya və radio kanallarından da pullarını geri çəkəcəklər. Çünki inamları olmayacaq. Təəccüblənirlər ki, necə ola bilər, bir günün içində televiziyanı, radionu bağlayırlar?

Buna da bax: Fethullah Gülen, Erdoğan və «İmamın ordusu»

İşsiz qalan 1000-ə yaxın əməkdaşın arasında ağır xəstəsi olan, çətinliyə düşənlər var. Mən oğru deyiləm, rüşvətxor deyiləm, dövlət təşkilatı deyiləm ki, büdcədən pul oğurlayım. Biz indi sizə padşah kimi baxırıq. Siz də padşahsınızsa, heç olmasa, öz nökərlərinizi fikirləşin, adamları küçələrdə ac qoymayın. Bizi öldürməyin, qoyun yaşayaq, sabah yenə bizə ehtiyacınız olacaq. Xahiş edirik, bir az mərhəmətli olun. Nəzərə alın ki, biz də adamıq, biz də sizin vətəndaşlarınızıq".

Bundan sonra Teleradio Şurasının nümayəndəsi T. Məmmədov iddiaya yazılı etirazı məhkəməyə təqdim edib.

Buna da bax: Əli Kərimli ona qarşı «Gülençi» ittihamları barədə

Məhkəmə ANS ÇM-in nümayəndələrinin həm Teleradio Şurasının 18 iyul 2016-cı il tarixli qərarı, həm də iddiaya etirazla tanış olması üçün prosesi sentyabrın 6-na qədər təxirə salıb.

***

Telekanalın lisenziyasına xitam verilməsinə dair qərarla bağlı iddiaya baxılarkən ANS-in vitse-prezidenti Mirşahin Ağayev çıxış edib.

"Bu gün Azərbaycanda tarixi məhkəmə iclası keçirilir. Bu, eyni zamanda tarixin məhkəməsidi. Mühakimə olunan həm də tarixin 25 illiyidir.

Biz 25 ildir ki, işləyirik, uşaq deyilik, mövcud oyun qaydalarını da yaxşı bilirik. Ona görə də heç bir yazılmış və yazılmamış qanunu pozmamışıq", – M. Ağayev bildirib.

ANS-in vitse-prezidenti Mirşahin Ağayev

ANS-in vitse-prezidenti Mirşahin Ağayev

“SƏFİR TƏŞƏKKÜR EDİBMİŞ”

Daha sonra M. Ağayev Teleradio Şurasının nümayəndəsi T. Məmmədovdan soruşub: “ANS tərəfindən terror təbliğatı aparıldığını nə vaxt bildiniz?”

T. Məmmədov suala belə cavab verib: "Sizin çıxışınızdan sonra - iyulun 15-də axşam".

V. Mustafayev isə bildirib ki, iyulun 17-də Türkiyə səfiri Alper Coşqun şəxsən ANS-in efirində Mirşahinin "Hesabat" verilişində telekanala Türkiyə hökumətinə dəstəyə görə təşəkkür edib. T. Məmmədov isə bunu görmədiyini bildirib.

Buna da bax: Faiq Əmirli maşınından çıxan kitabların ona aid olmadığını deyir [video]

Sual-cavabdan sonra hakim E. Məmmədov müşavirəyə gedib və az sonra geri qayıdaraq, telekanalın lisenziyası ilə bağlı iddiasının təmin olunmadığını açıqlayıb.

Məhkəmədən sonra M. Ağayev bildirib ki, qərardan apelyasiya şikayəti veriləcək.

MTRŞ ANS-in lisenziyasının ləğvi üçün müraciətini iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdindən sonra ANS-in efirində terrorizmə dəstək xarakterli materialların yayımlanmasıyla əsaslandırıb. Bildirilib ki, telekanalın ABŞ-dakı müxbiri ilahiyyatçı Fethullah Gülen-dən müsahibə alıb və həmin müsahibə xarici KİV-lər vasitəsilə anons olunub. Bununla əlaqədar Baş Prokurorluqdan Teleradio Şurasına məktub daxil olmuşdu. Məktubda qeyd olunurdu ki, ANS telekanalı terrorizmin təbliğinə yol verir, milli, dini ədavəti qızışdıran materiallar yayımlayır. Buna görə də ANS-in yayımının dayandırılması istənilirdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG