Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:29

“ANS ÇM”in iddiasına baxan hakim dəyişdi


"ANS ÇM" radiosunun Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiası üzrə məhkəmə prosesi
"ANS ÇM" radiosunun Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiası üzrə məhkəmə prosesi

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində "ANS ÇM" radiosunun Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiası üzrə məhkəmə prosesi davam edir.

“BƏRİ BAŞDAN MÖVQE ORTAYA QOYUR”

Sentyabrın 6-da keçirilən məhkəmə iclasında "ANS ÇM"in nümayəndəsi Raqif Mustafayev iddiaya hakim Elçin Məmmədovun sədrliyi ilə baxılmasına etiraz edib. Vəkil bildirib ki, "ANS ÇM"lə bağlı ötən məhkəmə iclasında verilən vəsatətlərin heç birinin təmin olunmaması, həmçinin Elçin Məmmədovun Teleradio Şurasına qarşı başqa bir iddia (ANS telekanalının lisenziyasına xitam verilməsinə dair qərarın ləğvi) üzrə çıxardığı qərar bəri başdan onun mövqeyini ortaya qoyur:

"Biz müvəqqəti xarakterli müdafiə tədbiri görülməsi (məhkəmənin nəticəsi məlum olana qədər radionun yayımının bərpası) barədə vəsatət qaldırmışdıq. Bu cür vəsatətlərə müşavirə otağında baxılıb, ayrıca akt şəklində qərar verilməlidi. Tərəflərin də həmin qərardan şikayət vermək hüququ var. Amma hakim vəsatətimizlə bağlı qərarı akt şəklində bizə vermədi. Yaxud telekanalla bağlı məhkəmədə Mirşahin Ağayev sizə sübutlar təqdim elədi, lakin onların heç birini araşdırmadan iddianın təmin olunmaması barədə qərar çıxardınız. Bununla da tərəflərin bərabərliyi, çəkişmə, sübutların araşdırılması prinsiplərini pozdunuz. Sizin qəbul etdiyiniz qərar açıq-aşkar qanunsuz idi. Bu qanunsuz qərarla da mövqeyinizi ortaya qoydunuz. Ona görə bu iddiamıza necə baxacağınız da bəri başdan bəlli olur".

Buna da bax:​ Məhkəmə ANS-ə qarşı iddianı təmin etdi

“MƏQSƏD İŞİ UZATMAQDIR”

Teleradio Şurasının nümayəndəsi Toğrul Məmmədov etirazın əsassız olduğunu bildirib və təmin olunmamasını istəyib: "Bu etiraz heç bir sübuta, qanunvericiliyin normalarına söykənmir. Hesab edirik ki, etiraz işin uzadılmasına xidmət edir və təmin olunmamalıdı".

Etirazla bağlı qərar verilməsi üçün məhkəmə prosesində fasilə elan olunub. Fasilədən sonra etirazın təmin olunduğu, işin hakim Müseyib Bayramova verildiyi bildirilib.

Buna da bax:​ Vahid Mustafayev: ‘Siz padşahsınızsa, öz nökərlərinizi fikirləşin’ [video]

Hakim Müseyib Bayramov işlə tanış olmaq üçün sentyabrın 9-na qədər məhkəmə prosesini təxirə saldı.

"ANS ÇM" iddiasında MTRŞ-nın lisenziyanın ləğvi barədə qərarının qanunsuz və etibarsız sayılmasını və 1 milyon manat təzminat tələb edir. Telekanalla bağlı iddiada isə qərarın ləğvi ilə yanaşı, şirkətə dəymiş 4 milyon 317 min maddi ziyan, 355 min əldən çıxmış fayda, 1 milyon da mənəvi ziyanın ödənilməsi tələb olunurdu. Bu iddia sentyabrın 2-də keçirilən prosesdə təmin olunmadı. MTRŞ ANS-in lisenziyasının ləğvi üçün müraciətini iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdindən sonra ANS-in efirində terrorizmə dəstək xarakterli materialların yayımlanmasıyla əsaslandırıb. Bildirilib ki, telekanalın ABŞ-dakı müxbiri ilahiyyatçı Fethullah Gülen-dən müsahibə alıb və həmin müsahibə xarici KİV-lər vasitəsilə anons olunub. Bununla əlaqədar Baş Prokurorluqdan Teleradio Şurasına məktub daxil olmuşdu. Məktubda qeyd olunurdu ki, ANS telekanalı terrorizmin təbliğinə yol verir, milli, dini ədavəti qızışdıran materiallar yayımlayır. Buna görə də ANS-in yayımının dayandırılması istənilirdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG