Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:25

►Ana hesab edir ki, gənc oğlunun üzərində qeyri-peşəkarcasına əməliyyat aparıldığından həyatını itirib

Salyan sakini Ceyran Dünyamalıyeva deyir, 1 il 7 ay əvvəl oğlu İlkin həkim səhlənkarlığının güdazına getməsəydi, indi 24 yaşı vardı... Ana övladının 22 yaşındakı faciəsini danışdıqca, nalə çəkir, ağlayır, qarğıyır… İlkin ailənin yeganə övladı olub. Borc-xərclə özünə ev tikib ki, yaxınlarda ailə qurub anasını sevindirsin. Ananın iddiasına görə, 1 il 7 ay əvvəl həkimlər həm övladının, həm də onun arzularının üzərindən xətt çəkiblər.

2 MİN MANATA ƏMƏLİYYAT OLUNUB

Danışır ki, İlkinin səhhətində hələ hərbi xidmətə getməmişdən əvvəl problem olub. Ancaq rüşvət vermədiklərindən onu elə xəstəhal hərbi xidmətə aparıblar. 1 ay sonra vəziyyətinin ağırlaşdığını gördükdə təcili ordudan tərxis ediblər.

İlkinin xəstəliyi şiddətləndikcə cərrahiyyə əməliyyatına ehtiyac yaranıb. 2014-cü ilin iyununda onu Bakıdakı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna aparıblar. 2 min manat müqabilində İlkin əməliyyat olunub:

“Pul verdik, əməliyyat etdirdik, əməliyyatdan bir müddət sonra vəziyyəti ağırlaşdı. Əvvəl rayon xəstəxanasına, oradan Bakıya gətirdik. Barat həkim müayinə elədi, dedi, “hər şey qaydasındadır”. Qayıdıb çıxıb getdik. Ancaq İlkin ağrılardan əziyyət çəkirdi, çəkisi günbəgün azalırdı. Getdikcə halı lap pisləşirdi. 2014-cü il dekabrın 8-də təzədən Bakıya gətirdik. Barat həkimə zəng vurduq, dedik, “İlkin ölümcül vəziyyətdədir”. Dedi, “toydayam, gələ bilmərəm, aparın “Semaşko”da müayinədən keçirin, vaxtım olanda mən də baxaram”. Apardıq, “Semaşko”da müayinə olundu, dedilər, “bağırsağı cırılıb, ağciyərə nüfuz edib, “qanqrena” prosesi gedir, təcili əməliyyat olunmalıdır”. İstədik ki, elə əməliyyatı orada etsinlər, ancaq üzərlərinə götürmədilər, dedilər, “əvvəldən həkimi kim olubsa, onun yanına aparın”. Gətirdik İnstituta. Dekabrın 10-da, nəhayət, Barat həkim də gəlib çıxdı. Etiraf etdi ki, bir neçə ay öncə əməliyyat zamanı tələb olunan silikon “setka” qoyulmayıb. Sonrakı fəsadlara səbəb də məhz bu olub. Dekabrın 11-də İlkini əməliyyata götürdülər. Saat 17.10-da həkim xəbər gətirdi ki, əməliyyat uğurla başa çatıb. Biz əməliyyat otağına yaxınlaşanda gördük ki, həkimlər bir-bir aradan çıxır. Sən demə, bizi aldadırlarmış. Qohumlardan biri əməliyyat otağına girib çıxdı, dedi, “İlkinin üzərində göyərmiş meyit ləkələri var”. Sən demə, İlkin əməliyyat stolunda keçinib, həkimlər bunu bizdən gizlədib. Bizim duyuq düşdüyümüzü hiss edib hamımızı çölə çıxartdılar. İlkindən xəbər tuta bilmirdik. Gecə növbətçi həkim gəlib dedi ki, “başınız sağ olsun, uşaq keçinib””.

____________________________________________________________

Bunlara da bax:
'İlham Əliyevə müraciət edib deyirəm ki...'
Rusiyadan Ermənistana gələsi silah ləngiyir

____________________________________________________________

“ONLARI DÖVLƏT DƏ MÜDAFİƏ EDİR”

Ana övladının ölümündə həkim Barat Bayramovu günahlandırır. O, həqiqəti əks etdirən ilk ekspertiza rəyinin sonradan dəyişdirildiyini də deyir:

“Ekspertiza sənədində göstərilir ki, guya xəstə instituta 2014-cü il dekabrın 10-da daxil olub. Halbuki, İlkini xəstəxanaya ayın 8-də gətirmişdik. Sənəddə tarixi qabağa çəkməklə guya həkimi haqlı çıxarmağa çalışırlar. Tarixin saxtalaşdırılmasının özü də ayrıca cinayətdir. Ancaq insan həyatı ilə oynayan bu adamları dövlət də müdafiə edir. Məhkəmədə bizimlə elə davranırdılar ki, sanki biz Barat həkimin uşağını öldürmüşük”.

İlkin Əbilovun ölüm faktı ilə bağlı Nizami rayon Prokurorluğunda araşdırma aparılıb və ötən il noyabrın 3-də müstəntiq həkimlərin əməllərində cinayət tərkibi olmadığını əsas gətirərək cinayət işi üzrə icraata xitam verib. Ceyran Dünyamalıyeva qərarla razılaşmayaraq məhkəməyə müraciət edib. Nizami rayon Məhkəməsində qapalı məhkəmə keçirilərək şikayət əsassız hesab olunub və təmin edilməyib.

HƏKİM-CƏRRAH MƏHKƏMƏDƏ NƏ DEYİB

Elə həmin məhkəmədə İnstitutun döş qəfəsi cərrahiyyəsi şöbəsində həkim-cərrah işləyən Barat Bayramov İlkin Əbilovun ölümü məsələsinə aydınlıq gətirməyə çalışıb.

O, bildirib ki, 2014-cü il iyunun 27-də İlkin Əbilov xəstəxanaya qəbul edilib. Müayinələrdən sonra ona diafraqmanın plastikası əməliyyatı məsləhət görülüb. İyulun 9-da əməliyyat olunub. Vəziyyəti stabil olub, bir neçə gün sonra evə buraxılıb. Oktyabrda ailə üzvləri təkrar müraciət ediblər. Xəstəyə baxış keçirilib. Narahatçılığın əməliyyatla əlaqəli olmadığı müəyyən edilib. Onda qıcolmalar olduğuna görə həkim-nevropatoloqa müraciət etməsi məsləhət görülüb.

Noyabrın əvvəlində ailə növbəti dəfə müraciət edib. Bu dəfə İlkində təngnəfəslik və köp olub. Səbəbsə əvvəlki əməliyyatdan sonra həkim məsləhətinə baxmayaraq, həddən artıq qida qəbul etməsi olub. Müayinələr aparılıb, mədəsinə zond qoyulub, məsləhətlər verilib, evə buraxılıb. Ötən il dekabrın 9-da İnstitutun növbətçi-həkimi axşam saat 22.30-da ona zəng vuraraq İlkin Əbilovun qarın nahiyəsindəki ağrılarla müraciət etdiyini deyib.

O isə İnstitutda təcili cərrahiyyə xidməti olmadığına görə başqa xəstəxanaya göndərilməsini məsləhət görüb. Dekabrın 10-da səhər saatlarında İlkin Əbilov təkrar İnstituta qəbul edilib.

Müayinə zamanı vəziyyətinin ağır olduğunu görüb onu reanimasiya şöbəsinə yatırıblar. Dekabrın 11-də əməliyyata götürülüb. Əməliyyatdan sonra o, vəziyyəti yaxşı olmadığından süni tənəffüs aparatına qoşulub və reanimasiya şöbəsinə təhvil verilib. Həmin gün axşam 22.00 radələrində evdə olarkən xəstəxanaya zəng vurub xəstənin vəziyyəti ilə maraqlandıqda, onun keçindiyini bildiriblər.

CƏRRAHIN DEDİYİNİ TƏSDİQLƏYİBLƏR

Məhkəmədə İlkin Əbilovun cərrahiyyə əməliyyatında iştirak etmiş digər həkimlər də izahat veriblər və həkim-cərrahın dediklərini təsdiqləyiblər.

Məhkəmə həkimlərin dediklərini əsas götürərək Ceyran Dünyamalıyevanın şikayətini təmin etməyib. Ana məhkəmə qərarından apellyasiya şikayəti verib. Lakin Bakı Apellyasiya Məhkəməsi şikayət müddətinin ötürüldüyünü əsas gətirərək iyunun 16-da şikayətə baxmaqdan imtina edib.

İlkinin ailə üzvləri onun ölümü, prokurorluğun həkimləri cəzasız saxlaması, məhkəmələrin də prokurorluğa, özləri demiş, havadarlıq etməsi ilə razılaşmırlar. Onlar həkimlərin cəzalandırılmasına nail olmayanadək ölkənin güc nazirlikləri qarşısında aksiyalar keçirəcəklərini deyirlər.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (17 iyun)

Azərbaycanda tabu mövzular
“Sayt yaratmışam deyə ata-anama təzyiq edirlər”

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (17 iyun)

Yarış başladı, qazananlar və itirənlər

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG