Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:11

"Məni də hədələdilər ki, görərsən, başına nələr gələcək”


Amid Süleymanov
Amid Süleymanov

►“Polis şöbəsində Samirin sosial şəbəkədə yazdığı statusların surətini çıxarıb mənə göstərdilər. Dedilər ki, “siz ağıllanmayacaqsınız, bu nədir yazıb?””

Sutkalıq cəza alanlara psixoloji təzyiq göstərildiyi deyilir. Şəki cəbhəçisinə yemək də qəbul olunmur

Mayın 28-də saxlanılmış Xalq Cəbhəsi Partiyasının Şəki şöbəsinin Gənclər Komitəsinin sədri Samir Həsənovla ailəsinə nə görüş verilir, nə də ərzaq qəbul olunur. Bu haqda AzadlıqRadiosuna gənc fəalın qardaşı İslam Həsənov məlumat verib.

İslam Həsənov: “Məni də hədələdilər ki, “görərsən, başına nələr gələcək””
Gözlə

No media source currently available

0:00 0:00:39 0:00

İslam Həsənov deyir ki, yerli polis şöbəsində onun özünü də hədələyiblər:

“Yemək apardıq, yeməyi belə qəbul eləmədilər. Nə yemək götürürlər, nə də görüş verirlər. Onun həftədə bir dəfə telefonla danışmaq haqqı var. Telefonla danışanda da yanında dayanıb müdaxilə edirdilər. Danışmağa, sözün deməyə imkan vermədilər. Polis şöbəsində Samirin sosial şəbəkədə yazdığı statusların surətini çıxarıb mənə göstərdilər. Dedilər ki, “siz ağıllanmayacaqsınız, bu nədir yazıb? Niyə statuslarında yazır ki, məmurlar, polis rüşvət alır?” Mən də dedim ki, “Samir tənqidi fikirlərini yazır, heç kimi təhqir etmir”. “Qələt eləyir, başını daşa döyür” deyəndə, dedim ki, “təhqirə keçməyin”. Belə deyəndə məni də hədələdilər ki, “deyəsən, sən də yetişmisən, görərsən, başına nələr gələcək””.

Şəki polis şöbəsindən AzadlıqRadiosuna İslam Həsənovun dediklərinə münasibət bildirməyəcəklərini söylədilər. Görüşə gəlincə, bildirdilər ki, bundan ötrü müraciət olunmalıdır:

Şəki polis şöbəsindən İslam Həsənovun dediklərinə münasibət bildirməyəcəklərini söylədilər
Gözlə

No media source currently available

0:00 0:00:11 0:00

“O haqda heç nə deyə bilmərik. Məhkəmənin qərarı ilə 15 sutka cəza alıbsa, həmin müddət bitəndən sonra buraxılacaq. Görüş almaq istəyirlərsə, rəhbərliyə ərizə ilə müraciət etməlidirlər”.

Samir Həsənov mayın 28-də Şəkidə müxalifətin 28 May –Respublika günüylə bağlı keçirdiyi tədbirdə saxlanıb. Yerli məhkəmə polisə müqavimətə görə ona 15 sutka cəza verib. İyunun 3-də məhkəmənin qərarından apelyasiya şikayəti verilib.

____________________________________________________________

Bunlara da bax:
Azərbaycanlılar kapitalı Türkiyəyə yatırır
"Nəzarət Palatası problemi malalamaqla məşğuldur"

____________________________________________________________

Psixoloji təzyiq, pis rəftar...

Mayın 25-həbs olunmuş və 10 sutka cəza almış NİDA Vətəndaş Hərəkatının üzvü Amid Süleymanova isə saxlanan zaman "psixoloji təzyiq göstərilib". Bu haqda onun vəkili Nemət Kərimli bildirir:

Nemət Kərimli: "Amidə psixoloji təzyiq, pis rəftar göstərilib"
Gözlə

No media source currently available

0:00 0:00:37 0:00

“Psixoloji təzyiq, pis rəftar göstərilib. Əvvəlcə gecə gəlib evlərinin qapısını döyüblər. Səhər gəlib qapını sındıracaqları ilə hədələyiblər. Evə zorla daxil olub, Amidi ayaqyalın polis şöbəsinə aparıblar. 5-ci bölmədə ona “sən nə paylaşırsan, facebookda neyləyirsən, maliyyə mənbələriniz hardandır” kimi suallar veriblər. Heç nə əldə eləyə bilməyəndə polisə tabe olmamaqda ittiham ediblər. Deyiblər ki, “bununla razılaşmasan, həbs olunacaqsan”. O da psixoloji təzyiq altında polisin dedikləriylə razılaşıb”.

Vəkil deyir ki, Amid Süleymanov valideynləri ilə görüşə bilir. Binəqədi rayon polis şöbəsindən ona təzyiq göstərilməsi ilə bağlı vəkilin dediklərini təkzib etdilər.

Anar Abdulla
Anar Abdulla

“Göz qorxutmaq üçündür”

Mayın 25-də həbs olunan və 10 sutka cəza alan başqa bir NİDA-çı Anar Abdullanın həbsindən əvvəl isə onun videomüsahibəsi yayılmışdı. Həmin müsahibədə hələ mayın 24-də evinin yaxınlığında polisin onu izlədiyini söyləyirdi. Deyirdi ki, həbsi siyasi sifariş olacaq. Mayın 25-də isə həbs edildi.

Anar Abdullanın vəkili Şəhla Hümbətovanın sözlərinə görə, inzibati həbs qərarında onun polisə müqavimət göstərdiyi yazılsa da, əslində sosial şəbəkələrdəki fəallığına görə tutulub:

"Anar Abdulla vətəndaş mövqeyi nümayiş etdirdiyi üçün cəzalandırılıb" - Vəkil Şəhla Hümbətova
Gözlə

No media source currently available

0:00 0:00:28 0:00

“İnzibati həbs qərarında göstərilir ki, polisin tələbinə tabe olmayıb. Amma faktiki olaraq, ona deyiblər ki, ““Facebook”dakı paylaşmalarına görə tutulursan”. Onlar fəal olduqlarına, vətəndaş mövqelərini nümayiş etdirdiklərinə görə cəzalandırılıblar. Həm də bu həbslər digərlərinin gözünü qorxutmaq üçündür”.

Vəkilin bu dedikləri ilə bağlı Anar Abdullanın saxlanıldığı Nərimanov rayon polis şöbəsindən heç bir məlumat verə bilməyəcəklərini dedilər.

Hər iki fəal Binəqədidə inzibati həbs olunanların müvəqqəti saxlanma yerində saxlanılır. Onların həbs müddəti iyunun 4-də bitir. İyunun 3-də isə onlar barəsində həbs qərarından apellyasiya şikayəti verilib.

XS
SM
MD
LG