Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:38

ABŞ Rusiya ilə apardığı Suriya danışıqlarından çıxır


John Kirby
John Kirby

Birləşmiş Ştatlar bəyan edib ki, Suriyada qan tökülməsinin qarşısının alınması üçün Rusiya ilə aparılan danışıqlardan çıxır. Vaşinqton bu qərarını Moskvanın öz öhdəliklərinə əməl etməməsi ilə əlaqələndirib.

Oktyabrın 3-də yayılmış bəyanatında Dövlət Departamentinin sözçüsü John Kirby Rusiyanı və onun müttəfiqi olan Dəməşq rejimini dinc əhali yaşayan ərazilərə hücum etməkdə günahlandırıb.

Sözçü deyib ki, Rusiya və Suriya hərbi əməliyyatların dayandırılması məqsədinə uyğun olmayaraq özlərinin hərbi kurslarını davam etdirirlər.

Kirby deyib ki, Vaşinqton danışıqlardan çıxmaq qərarını asanlıqla qəbul etməyib.

Hərbçilər arasında əlaqələr qalacaq

Rusiya Xarici İşlər Nazirliyi Birləşmiş Ştatların bu qərarından təəssüfləndiyini bildirib və əlavə edib ki, Vaşinqton öz uğursuzluğunun günahını Moskvanın üzərinə atmaq istəyir.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Vaşinqton razılaşmanın əsas müddəalarının həyata keçirilməsi sahəsində heç bir addım atmayıb.

Bununla yanaşı ABŞ Dövlət Departamentinin sözçüsü Elizabeth Trudeau bildirib ki, danışqların ləğv olunmasına baxmayaraq, ABŞ və Rusiya hərbçiləri bir-birləri ilə təmasda olmaqda davam edəcəklər.

Bu, iki tərəfin Suriya səmasında hər hansı toqquşmasının və xoşagəlməz insidentlərin qarşısının alınması üçün zəruridir.

Dövlət Departamenti bunu da bildirib ki, Birləşmiş Ştatlar ABŞ-Rusiya birgə mərkəzinin yaradılması üçün göndərilmiş kontingentini geri çağırıb.

Bu mərkəz cəbhə xətləri boyunca atəşkəsə riayət edilməsinə nəzarət etməli idi.

Rusiya isə Clinton-Yeltsin sazişindən çıxıb

Amerikanın bu qərarından bir neçə saat əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan etmişdi ki, Moskva nüvə silahı üçün yararlı plutonium ehtiyatlarının məhv edilməsinə dair Vaşinqtonla 16 il bundan əvvəl bağlanmış sazişdən çıxır.

Plutonium razılaşmasını Bill Clinton (sağda) və Boris Yeltsin imzalamışdılar
Plutonium razılaşmasını Bill Clinton (sağda) və Boris Yeltsin imzalamışdılar

Təhlilçilər Moskavın bu addımını Rusiya və ABŞ arasında artmaqda olan gərginliyin təzahürü kimi qiymətləndiriblər.

Vladimir Putin bu qərarını Birləşmiş Ştatların Rusiyaya qarşı qeyri-dost hərəkətləri ilə izah edib.

Moskva NATO-nun Şərqi Avropada genişlənmək planlarını belə hərəkətlərdən hesab edir.

Xəbər verilir ki, sözü gedən saziş prezidentlər Bill Clinton və Boris Yeltsin arasında 2000-ci ildə imzalanmışdı.

Bu sazişdə söhbət cəmi 34 ton plutoniumun məhv edilməsindən gedirdi.

Moskva və Vaşinqtonun rəsmi məlumatlarına görə Birləşmiş Ştatların nüvə silahına yararlı 95, Rusiyanın 128 ton plutonium ehtiyatı var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG