Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:23

'Rusiya-ABŞ münasibətləri sınaq dövrünü yaşayır'


James Clapper, 7 sentyabr 2016

James Clapper, 7 sentyabr 2016

Moskva ilə Vaşinqton münasibətlərdə gərgin dövr yaşayır, amma bunu “ən pis dövr” də adlandırmaq olmaz. Amerikanın Səsi radiosunun verdiyi məlumata görə, belə bir açıqlama ilə ABŞ Milli Kəşfiyyatının başçısı James Clapper çıxış edib.

Amma o, Rusiya-Amerika münasibətlərinin soyuq müharibə dövrünün ən kəskin məqamları səviyyəsinə enməsi haqda deyilənlərlə razılaşmayıb. Eyni zamanda, etiraf edib ki, münasibətlərində “gərgin dövr” yaşayan hər iki ölkə “çoxsaylı çətin problemlərlə” üzləşirlər.

“Deyə bilmərəm ki, durum o vaxtkından pisdir”

James Clapper-in Nyu-Yorkda Beynəlxalq Münasibətlər Şurasındakı çıxışı zamanı Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaly Churkinin bir qədər öncə verdiyi bəyanatı şərh etməsini istəyiblər. Churkin ABŞ və Rusiyanın son 40 ildə əlaqələrinin ən pis dövrünü yaşadığını bildirmişdi.

“Deyə bilmərəm ki, bu münasibətlər mənim xatırladığım dövrdəkindən çox pisdir. Axı, özüm soyuq müharibə dövrünün əsgəriyəm, bütün bunları yaşamışam, deyə bilmərəm ki, durum o vaxtkından pisdir”, – Clapper bildirib. O, daha sonra əlavə edib: “Onda çox pis dövr idi və biz yola getmirdik”.

Bununla belə, James Clapper etiraf edib ki, indi iki ölkənin münasibətləri sınaq dövrünü yaşayır. Kəşfiyyat qurumunun direktoru, “əlbəttə, istənilən meyarlarla baxanda bu münasibətlər yüksək səviyyədə deyil” söyləyib. O, iki ölkə arasında çox sayda “çətin problemlər”in olduğunu vurğulayıb və bu problemlərdən ikisinə, Suriya və Ukrayna məsələsinə toxunmaqla kifayətlənib. “Yəni bu, bizim münasibətlərdə gərgin dövrdür”, - Clapper söyləyib.

Vladimiir Putin və Barack Obama, 5 sentyabrr 2016

Vladimiir Putin və Barack Obama, 5 sentyabrr 2016

ABŞ-Rusiya münasibətlərindəki müsbət yönlərə gəlincə, Milli kəşfiyyatın direktoru bildirib ki, iki dövlət əvvəlki kimi “ünsiyyət saxlayır”.

“Dövlət katibi Kerry və xarici işlər naziri Lavrov daim dialoq aparırlar və bu da yaxşıdır. Ancaq bu münasibətlərin yenidən qurulması, görünür, növbəti administrasiya üçün sınaq olacaq” , – James qeyd edib.

Clapper Putindən də danışıb

Rusiya prezidenti Vladimir Putinin davranışının qiymətləndirilməsi ilə bağlı xahişə cavab olaraq, ABŞ kəşfiyyatının rəhbəri söyləyib ki, o, “bəzi hallarda keçmişə təpilir”.O izah edib ki, söhbət elə də uzaq keçmişə çəkilməkdən, tutalım, çarizm dövrünə çəkilməkdən getmir:

“Düşünürəm, onun nəhəng, qüdrətli Rusiya ilə bağlı xülyaları var. Onun üçün həddən artıq vacibdir ki, Rusiyaya hörmət etsinlər və ona ABŞ-la bərabər səviyyədə qüdrətli dövlət kimi yanaşsınlar. Düşünürəm ki, onun davranışları daha çox bununla izah edilməlidir”.

“Rusiya müasir HHM sistemini Suriyada tətbiq etmək istəməsəydi, quraşdırmazdı”

James Clapper Rusiyanın Suriyadakı hərbi fəaliyyətini ciddi qəbul etdiyini bildirib və Rusiyanın Amerika hərbi təyyarəsini vura bilmə ehtimalını da istisna etməyib. Bu zaman Milli kəşfiyyat rəhbəri Rusiyanın müasir hava hücumundan müdafiə sistemlərinə “ciddi yanaşdığını” söyləyib: “Ona görə də, məncə, gözləmək olar ki, onlar quruda öz qüvvələrinə təhlükə hiss edən kimi Amerika təyyarəsini vura bilərlər ”.

James Clapper-in qənaətincə, Rusiyanın “çox müasir HHM sistemləri, çox böyük imkanları” var. O, həmin sistemləri “tətbiq etmək fikirləri olmasaydı, onu orada quraşdırmazdılar” deməklə fikrinə yekun vurub.

Günün bütün mövzuları

XS
SM
MD
LG