Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:03

-

Londonun Viktoriya və Albert Muzeyi «Undressed» («Çılpaq») adlı sərgidə həm də alt paltarının gizli tarixçəsini nümayiş etdirir.

Söhbət təkcə örtünməkdən deyil, özünü göstərməyin də tarixçəsindən gedir. Yüzillər boyunca insanlar alt paltarını qorunmaq, özünü təmiz saxlamaq və rahatlıq üçün geyiniblər. Di gəl, bütün zamanlarda seksuallıq və dram elementləri də diqqət çəkib.

OTAQDAKI O BİRİ ADAM?

Araşdırıcı Susanna Cordner-in sözlərinə görə, insanlarda alt paltarın tarixən maraqsız və saya olması təsəvvürü formalaşıb. Onun fikrincə, sözügedən sərginin məqsədi bunun belə olmadığını göstərməkdir: «Tarixin istənilən dönəmində alt paltarı baxılmaq üçün tək tamaşaçısını – otaqdakı o biri adamı hədəf götürüb».

İnsanlar, adətən, alt paltarını geyinənin qadın, tamaşaçısınınsa kişi olduğunu düşünürlər. 1750-ci ildən günümüzədək hazırlanmış 200-ü aşan alt paltarını nümayiş etdirən sərgidə qadın alt paltarları - korsetlər, krinolinlər, corablar və cürbəcür alt köynəkləri daha çox gözə dəyir.

Eksponatlar arasında kraliça Viсtoria-nın (elə Viktoriya və Albert muzeyi də onun və ərinin adını daşıyır) anasının geydiyi pambıq tumandan tutmuş, «svarovski» kristalları ilə bəzədilən büsthalter və ipli tumanlaradək hər şey var.

DAVID BECKHAM-İN ÜÇKÜNC TUMANI?

Haqqında az şey bilinən kişi alt paltarları da sərgidə diqqət çəkir. Onların arasında XVIII əsrə aid və birbaşa dəri üzərinə geyildiyinə görə, alt paltarı sayılan köynəklər də var. Bu köynəklər üst geyiminin altında qalar, yalnız yaxalıq və manjetləri görünə bilərdi. Daha yaxın zamanlara aid kişi alt geyimləri arasında David Beckham-in boksçusayaq və üçkünc enlipaça tumanlarını da görmək olur.

Viktoriya və Albert Muzeyi

Viktoriya və Albert Muzeyi

Qadını incəbel göstərən korsetlərin cürbəcür növləri diqqət çəkir. Aralarında istər funksional, istər fetişistmeylli, istər XIX əsrə aid - milləri balina sümüyündən, istərsə Dita Von Teese-in geydiyi, beli 46 santimetrədək incəldən korsetlər var.

Sərginin kuratoru Edwina Ehrman deyir ki, «likra»nın (ingiliscəsi «lycra» – sintetik parça növü – red.) icadı alt paltarı tarixinin «dönüş nöqtəsi»dir. Onun fikrincə, bu, həm də onu göstərir ki, alt paltarının təkamülü texnologiya və yaradıcılığın da təkamülüdür.

NƏ ALT VAR, NƏ DƏ ÜST?

Sərginin üzə çıxardığı maraqlı məqamlardan biri də alt və üst geyimləri arasındakı sərhədin çoxdan silinməsidir. Ehrman-ın sözlərinə görə, insanlar, ən azı, XVI əsrdən bəri öz alt paltarlarını ətrafdakılara göstərirlər:

«1800-cü illərin əvvəllərində gənc qadınlar oturarkən, upuzun tumanlarının qırçınlarını göstərərdilər. Corablar da ayaqlara diqqət çəkməyin bir üsulu idi. Beləliklə, bu meyl həmişə olub, ancaq bizlər indi onu aşırı dərəcəyə çatdırmışıq».

Xanım Ehrman-ın xatırlatdığı ekstrimlərdən bəzilərini moda nümayişlərində görmək olar. Elə bu sərgi də alt paltarı tərzində hazırlanan üst geyimi biçimləriylə zəngindir - Kate Moss-un 1990-cı ildə geydiyi parıltılı və sezdirici məşhur dondan tutmuş, Alexander McQueen-in ekstravaqant qızılı korsetli paltarınadək.

MEYL «DAHA ÇOX ÖRTÜNMƏ»YƏDİR?

Alt və üst geyimləri arasındakı sərhədin silindiyini əvvəllər yalnız evdə geyilən idman forması, kombinezon, pijama və s.-in küçələrdə görünməyə başlaması da göstərir.

Ehrman-ın fikrincə, moda illərcə bədənin daha çox sezdirilməsinə yönəlmişdisə, «daha çox örtünmə» növbəti meyl ola bilər.

Fransız alt paltarı dizayneri Fifi Chachnilheç kimin görməyəcəyi bir büsthalteri hazırlamaq istəmədiyini dilə gətirib və daha sonra deyib: «Həyat bir səhnədir və bu səhnədə hər qadın bir rol oynayır».

Günün bütün mövzuları

XS
SM
MD
LG