“Washingtonpost” bu barədə məqalə dərc edib
Almaniyanın Dortmund şəhərində Cənab “Flirt” İraq və Suriyadan olan qaçqın tələbələrə qadınları ələ almağın yolunu misallarla açıqlayır:
“Sənin ətrinin qoxusu mənə çox xoş gəlir”, “Sizin gözəl səsiniz var” və s. (“flirt” deyərkən, bu halda kişinin özünü qadına məftunmuş kimi göstərməsi nəzərdə tutulur –red.)Ardından tələbələrinə eyni intonasiyaylacümlə qurmağı təklif edir. 20 yaşlı Essam Kadib al Ban uca səslə “Allah səni yalnız məndən ötrü yaradıb” deyir. Sonra başqa varianta cəhd göstərir: “Mən səni sevirəm. Sənin yanında gecələyə bilərəm?”.
“Sevdiyinizi... ən azı... 3 ay deməyin”
Horst Wenzel sifətini turşudur, amma tezcə də özünü ələ alır:
“Sevdiyinizi onlara, ən azı, ilk 3 ayda deməyin. Onlar belə yanaşmadan ürpəşirlər. Alman qadınları ünsiyyətdə “saqqız” kimi yapışanları sevmirlər”.
27 yaşlı Wenzel imkanlı və macəraaxtaran kişilərə qadınlara necə yanaşmağın yollarını öyrətməklə öz yaşayışını təmin edir. Amma bu il o qərara alıb ki, eyni zamanda, könüllü şəkildə ölkəsinə yarar saxlasın. Axı ölkəsi son iki ildə bura gəlmiş 1 milyondan çox qaçqını var gücüylə inteqrasiya etmək – özüylə bütövləşdirmək istəyir. Onların çoxu savaşdan əziyyət çəkən müsəlman ölkələrindən qaçıb. Həmin ölkələrdə cinslərarası ünsiyyət tam fərqli qurulur. Wenzel deyir ki, ünsiyyətin yaranması inteqrasiyanın ən yaxşı yoludur: “Bu dərsləri elə o üzdən verirəm” .
On bir gəncin qatıldığı “Almaniyaya necə vurğun olmalı” adlı tədbir bir neçə mərhələdən ibarətdir. Bura gələnlər öyrənməyə hələ çox şey olduğuna inanırlar.
Suriyalı 24 yaşlı zərgər Omar Mohammed utancaqdır. Alman qadınlarının şimal xalqlarına məxsus görünüşləri və vurğulu danışıqları ilə onu cəlb etdiyini deyir. Di gəl, bu qadınlar ondan ötrü sirr olaraq qalırlar, çünki onlara necə yanaşacağını bilmir:
“Arada çox fərq var”
“Dilə yaxşı yiyələnməmisənsə, sərbəst danışa bilmirsənsə, qızla tanış olmaq çətindir. Arada çox fərq var. Bu fərqlər yalnız mədəni və dini fərqlər deyil. Bizim vətənimizdə bu cür ünsiyyət üçün tam azadlığımız yox idi... Mən alman qadını ilə evlənmək istərdim. O, mənə dil səddini aşmaqda kömək edər, buradakı yer və qanunları daha yaxşı tanıdıb-öyrədərdi”.
Bəzi alman qadınları qaçqınlara qarşılıq verirlər. Jasmin Olbrich adlı qadın deyir ki, onun Yaxın Şərq görünüşlükişilərdən xoşu gəlir. O alman kişilərindən narazılıqla danışır və çox pivə içdiklərini, futbola çox baxdıqlarını və bir də, dərilərinin çox ağ olduğunu söyləyir.
Yeni il gecəsi Kölndə gəlmələr onlarla qadını “əlləşdirəndən” sonra sığınmaçılara Almaniyanın hər yerində mənfi münasibət artıb. Almaniyanın görünüşünü dəyişən Suriya, İraq və Əfqanıstan qaçqınları nifrət hədəfinə çevrilib.
Miqrantlara qarşı zorakılıq, sağınacaq və məscidlərin yandırılması halları çoxalıb. Belə antimiqrant ovqatı alman siyasətini dəyişir. Almaniya naminə Alternativ partiyası (AfD) kansler Angela Merkel-in miqrant siyasətinə qarşı kampaniya aparır.
Seksdən də danışılır
“Flirt” dərsinə qatılanlara bu bədbəxtliklərdən qaçmağın yolları deyilir.
“Biz bu dərslərin real xeyrini görürük”, -Kadib al Ban belə deyir və sözünə davam edir: “Müəllim bizə alman qadınlarının necə düşündüklərini, onlarla necə danışmaq lazım olduğunu, onları anlamağı və adət-ənənələr barədə danışır”.
Wenzel, adətən, bir günlük dərsə - 1,4 avro (təxminən 2,7 manat), qrup üçün 4 min avro alır. Bu ucaboy və sarışın oğlan Almaniya mediasında özünü əks cinsə sevdirmə “flirt” sənətindən məsləhət üzrə avtoritet sayılır. O deyir ki, yarım milyon almaniyalı onun “flirt universiteti” bloqundan yararlanır.
Wenzel bildiklərini qaçqınlara da öyrədir: “Sohbət “flirt”dən, tanışlıqdan və seksdən gedəndə, bir çox gəncin ilkin mərhələ yaşadığı görünür”.
Wenzel öz dərslərində gəlmələrə qadına yanaşma yollarından, ilk görüşdə ola biləcək özgün ideya və komplimentlərdən söz açır. Qadınları əyləndirmək və onlarda fikir formaladışrmaq barədə məsləhətlər verir. Deyir ki, onları teatra, konsertə və ya Londona, Amsterdama səyahətə dəvət edin. Sonuncu məsləhət, yəqin ki, daha çox onun varlı müştərilərinə yarayar. Çünki sığınacaq istəyənlərə qeydiyyatda olduqları şəhəri tərk etməyə icazə verilmir. Onların gəzintiyə də pulları yoxdur.
Wenzel ardınca seksdən danışır.
“Burada kişilər və qadınlar hər zaman sekslə məşğul olurlar. Birinci, ikinci və ya üçüncü görüşdə. Almaniyada bunun böyük əhəmiyyəti yoxdur. Bu. normaldır”.
Qurbağa gölünə daş atılan an...
Otaqdakı kişilər pıqqıldaşır, amma sonra özlərini ələ alırlar. “Washingtonpost”un əməkdaşı yazır ki, Wenzel kişi və qadın orqazmı arasındakı fərqdən və qadını necə ehtirasa gətirməkdən danışmağa keçəndə elə bil qurbağa gölünə daş atılır. Onlardan bir neçəsi qızarır, digərləri pərt halda döşəməyə baxır. Tələbələrdən biri əsəbləşərək yanında oturan qonşusuna ərəbcə pıçıldayır: “Amma nikahacan seks gühahdır, haramdır!”.
Daha sonra reallığa uyğun olan çalışmalar başlanır. Bir tələbə özünü qadınlara bəyəndirmək üçün trenajor zalında məşq təklif edir. Müəllim etirazını bildirir: “Qadınların çoxu bodibilder tipli kişiləri sevmir”.
Bir başqa tələbə “Ferrari”də görüşə getməyi təklif edir. Wenzel cavab verir ki, görüşə ancaq pula marağı olan qadınları çağıracaq. Tələbələr vəziyyətlərinin heç də yaxşı olmayacağı ilə razılaşırlar.
Dərs bitəndə...
Dərs bitəndə kişilərin əksəriyyəti çox şey öyrəndiyini və öz biliyindən yararlanmağa hazır olduğunu deyir.
Amma suriyalı Kadib al Ban, görünür, öz fikrini çox da dəyişməyib. O deyir:
“Mənim alman “gölfrendim” (“hər mənada yaxın qız tanışı” – red.) olsa, sevinərdim, amma evlənəndə, ancaq öz ölkəmdən, mənim mədəniyyətimi və ənənəmi daşıyacaq qız istəyirəm”.