Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:28

Avropa liderləri Avropa Oyunlarına niyə qatılmadı?


Açılış mərasimində Avropanın «hədəfə» aldığı ölkələrin liderləri iştirak ediblər.
Açılış mərasimində Avropanın «hədəfə» aldığı ölkələrin liderləri iştirak ediblər.

-

«Azadlıq» qəzetinin şənbə buraxılışında birinci Avropa Oyunlarında iştirak edən dövlət liderlərinin tərkibi təhlil olunur: «Avropanın aparıcı ölkələrindən heç birinin lideri Avropa Oyunlarında iştirak etmədi. Amma bunun əvəzində Avropanın «hədəfə» aldığı ölkələrin liderləri Avropa Oyunlarında böyük məmnuniyyətlə iştirak ediblər. Onlar Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Alyaksandr Lukashenka, Tacikistan prezidenti Emomali Rahmon, Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov, Serbiya prezidenti Tomislav Nikolić-dir. Əslində bu, Avropanın Azərbaycana qarşı münasibətinin təzahürüdür. Hakimiyyətin hansı acınacaqlı durumla üz-üzə olduğunu iqtidar təmsilçilərinin açıqlamaları da göstərir».

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli «Azadlıq»a müsahibəsində deyir ki, Avropa Oyunları həm də Azərbaycan hakimiyyətinin təbliğatına yönəlmiş addım idi: «Amma təəssüflər olsun ki, bu gün həm Azərbaycan, həm də Azərbaycan iqtidarı dünyaya tamamilə fərqli rakursda təqdim olunur. Bu gün bütün dünya Azərbaycanda keçirilən Avropa Oyunlarından danışır. Amma mövzu tam fərqlidir. Mövzu siyasi məhbuslar, media azadlığı, siyasi repressiyalar, tanınmış insan haqları təşkilatlarının təmsilçilərinin Azərbaycana buraxılmamasıdır. Yəni ölkəmiz adına xoşagəlməyən mövzulardır. Heç kim arzulamaz ki, Azərbaycan dünyaya bu cür təqdim olunsun. Hər kəs istəyərdi ki, Azərbaycanda keçirilən bu oyunlar tam fərqli əhval-ruhiyyədə keçsin. Çünki idman yarışları ədalət, bərabərlik, dostluq kimi prinsiplər üzərində qurulur».

«5.4 MİLYARD MANAT GƏLİB, 6.2 MİLYARD XƏRCLƏNİB»

«Bizim yol» qəzeti yazır ki, 2015-ci ilin yanvar-may aylarında Azərbaycanda 21.3 milyard manatlıq və ya ötən il dövrü ilə müqayisədə 5.3 faiz çox Ümumi Daxili Məhsul istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, sənaye sektorunda fəaliyyət göstərən fiziki şəxslər tərəfindən bu ilin 5 ayında 10.8 milyard manatlıq məhsul istehsal edilib ki, bu da ötən illə müqayisədə 3.7 faiz artım deməkdir. Lakin mədənçıxarma bölməsində neft hasilatının 0.9 faiz azaldığı göstərilib. Əmtəəlik qaz hasilatı isə, əksinə, 11.5 faiz artıb.

Rövşən Ağayev
Rövşən Ağayev

İqtisadçı-ekspert Rövşən Ağayev bildirir ki, bu ilin 4 aylıq büdcə gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz (1.1 milyard manat) az icra olunub: «Büdcə icrasındakı bu azalma tempi sonrakı aylarda da davam etsə, büdcə gəlirləri planlaşdırılan 18.6 milyard manata qarşı maksimum 16.5-17 milyard manat icra olunacaq. Belə olacağı təqdirdə proqnoz edilən xərcləri icra etmək üçün hökumətə əlavə 4.5 milyard manat vəsait lazım olacaq. Bunun təxminən 1.8 milyard manatı artıq var. Büdcə ehtiyatı kimi saxlanan və büdcə kəsirini örtməyə yönəldiləcək sərbəst büdcə qalığını nəzərdə tuturam. Ən azı 1.5-2 milyard manatın isə investisiya xərcləri hesabına ixtisarı indidən real görünür».

ATBULAQLA ATLETLƏR KƏNDİNİ SƏHV SALAN SÜRÜCÜ

Atletlər kəndində avtobusun avstriyalı idmançıları vurması hələ də medianın diqqət mərkəzindədir. «Yeni Müsavat» qəzetində Xalid Kazımlı yazır ki, illərdir media ictimai nəqliyyatda sürücü problemini qabardır:

«Bir-iki il öncə jurnalist araşdırmaları ortaya çıxarmışdı ki, paytaxtda marşrut avtobuslarında çalışan yüzlərlə sürücünün heç sürücülük vəsiqəsi yoxdur, vəsiqəsi olanların da əksəriyyətinin sənədi isə əslində avtobus idarə etmək üçün deyil.

Bu gerçəklik ortaya çıxandan sonra guya ki, tədbirlər görüldü, nəqliyyat şirkətləri sənədi qaydasında olmayan sürücüləri kənarlaşdırdı, ancaq bu, problemin həlli üçün yetərli olmadı».

Avstriyalı üzgüçü qızların qəzaya düşməsinin görüntüləri
Avstriyalı üzgüçü qızların qəzaya düşməsinin görüntüləri

Müəllif hesab edir ki, cəzasızlıq yol qaydalarının kobud pozulması hallarını kütləviləşdirib: «Atletlər kəndində baş verən qəzanın mayası məhz buradadır, sürücülərin beyninə həkk olunub ki, onlar maşını istədikləri kimi sürə bilərlər».

Müəllif yazır ki, Avropada nəzərdə tutulmuş yerlərdə piyadaya yol verməyən, səkiyə çıxıb piyadanın hərəkətinə mane olan, şəhər içində qəza törədən sürücü yoxdur: «Bu, onlarda öz-özünə yaranmayıb. Bu xüsusda güzəştsiz davranan dövlət strukturları illərlə, bəlkə də on illərlə qayda pozanları cərimə sanksiyalarına məruz qoya-qoya, heç bir ayrı-seçkilik etməyə-etməyə («bu, filankəsin qohumudur», «bu bizim adamdır» və s.) indiki durumun yaranmasına, hamının nizam-intizamlı olmasına nail olublar. İstənilən mədəni ölkədə, istənilən nümunəvi şəhərdə sürücüləri bir neçə ay ərzində özbaşınaburaxsalar, yenə vəziyyət pisliyə doğru dəyişəcək, düzən pozulacaq».

GRACE KELLY: ŞAHZADƏ VƏ STİL İKONASI

«Yeni Azərbaycan» qəzeti Heydər Əliyev Mərkəzində açılan «Grace Kelly: Şahzadə və stil ikonası» sərgisindən yazır.

Sərgi iyunun 12-də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə açılıb.

Mərasimdə Monako knyazı, Grace Kelly-nin oğlu, Monako Şahzadəsi Albert II iştirak edib:

Sərgi noyabrın 1-dək açıq olacaq.
Sərgi noyabrın 1-dək açıq olacaq.

«Azərbaycanda ilk dəfə keçirilən bu nadir sərgi tanınmış Hollivud aktrisası və Monako şahzadəsi Grace Kelly-nin həyat yoluna həsr olunub. Bakı tamaşaçılarına ümumilikdə 200-dən artıq eksponat təqdim edilir. Bu eksponatlar sırasında həyatını avtomobil qəzasında itirən şahzadənin sevimli avtomobilləri də var. Onlar ilk dəfə məhz Bakıda nümayiş olunur. Sərgidə Grace Kelly-nin müxtəlif filmlərdə çəkiliş zamanı, eləcə də Monako şahzadəsi olduqdan sonra mərasimlərə geyindiyi libasları, onların hazırlanması tarixçəsi, həmçinin bu geyimlərlə bağlı maraqlı faktlar izləyicilərə çatdırılır. Grace Kelly-yə məxsus aksesuarlar sırasında onun sevimli ayaqqabıları, boyunbağıları, əlcəkləri, çantaları var. Sərgidəki libaslar, Grace Kelly-nin geyimləri və aksesuarları onun milyonların sevimlisinə və kumirinə çevrilməsinə səbəb olan xarakterini bir daha açmağa imkan verir. Bir vaxtlar Grace Kelly-nin «Mən köhnə paltarlarıma köhnə dostlarım kimi sədaqətliyəm» sözləri qəzet və jurnallarda sitata çevrilmişdi».

Qəzet yazır ki, «Grace Kelly: Şahzadə və stil ikonası» sərgisi ilk dəfə 2007-ci ildə Monakoda açılıb və onu 135 min tamaşaçı izləyib. Bundan sonra ekspozisiya Paris, Moskva, Roma, San-Paulo, Toronto, Bendiqo, Astana, Monreal, Doylestaun və Apeldorn şəhərlərində təqdim olunub.

Heydər Əliyev Mərkəzindəki bu sərgi ziyarətçilər üçün iyunun 13-dən noyabrın 1-dək açıq olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG