Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:24

'Başımı qoymağa hazıram ki, həmin pul yerli rejissorlara verilsəydi...'


Əli və Nino-nun Gürcüstanda premyerası
Əli və Nino-nun Gürcüstanda premyerası

Əli və Nino” filminin Bakı təqdimatından sonra onun haqqında, asta səslə də olsa, tənqidlər dilə gətirilməyə başlandı. Amma bu haqda uca səslə danışmağa çoxları cürət etmir. Bakıda adının çəkilməsini istəməyən tənqidçilərdən biri deyir: “Film bərbaddır. Bu cür mövzunu murdarlayıblar, ancaq prodüserə görə hamı ağzına su alıb susur”.

Filmin prodüseri prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

Gürcüstandakı sənətçilərsə “Eurasianet”ə danışarkən, filmi kəskin tənqid edərək, onu Azərbaycan hökumətinin «oyuncaq layihəsi» adlandırıblar. Hətta bəzi tamaşaçılar məyus olduqlarını, onun filmdən çox “reklam çarxı təsiri” bağışladığını bildiriblər. Adının çəkilməsini istəməyən tənqidçilərdən biri «Eurasianet»ə deyib: “Filmə baxandan sonra bir daha əmin oldum ki, hökumət sənətə, özəlliklə tarixi drama qarışmamalıdır”.

Buna da bax:​ 'Əli və Nino' filmini tənqid edirlər: Reklam çarxına oxşayır

"Əli və Nino"nun Bakıda primyerası
"Əli və Nino"nun Bakıda primyerası

“Ssenaridəki axsamalar bədii keyfiyyətə təsir göstərib”

Azərbaycan kinoprodüser və rejissoru Fehruz Şamıyev filmin görüntü həllini, eləcə də baş qəhrəmanları oynayan aktyorların seçimini bəyəndiyini söyləyir: “Kastinq, vizual həll, məkan seçimləri uğurludur”. Amma Şamıyev “Əli və Nino”nun film kimi bədii keyfiyyətini yetərsiz sayır və bunu ssenaridəki “axsamalara” bağlayır: “Hadisələr bədiilikdən çox, informativ xarakter daşıyır”.

Azərbaycan rejissoru əsərdən aldığı “zövqü, enerjini” filmdən ala bilmədiyini, filmdə görüntüyə üstünlük verildiyindən “kinematoqrafik məqamlar”ın axsadığını söyləyir:

“Kinematoqrafik məqamlar deyərkən, onu nəzərdə tuturam ki, hadisənin kino dili ilə verilməsinə çalışmayıblar. Filmdə hisslər yetərincə çatdırılmayıb. Daha çox əsərdəki hadisələrin bədii ardıcıllığı gözlənib. Hadisələr dinamikdir və əsərdə baş verənləri tez bir zamanda tamaşaçıya çatdırmağa çalışırlar. Mənə elə gəlir ki, ssenarist ve rejissor Qurban Səidin “Əli və Nino”sundakı hadisələri, sadəcə, ekrana köçürməyə çalışıb və bu da hadisələrin üzərindən sürətlə keçilməsi ilə nəticələnib. Ssenari düzgün qurulsaydı, film daha keyfiyyətli alınardı”.

Buna da bax:​ "Əli və Nino" Gürcüstanda göstərilir

Fehruz Şamıyev əsərlə müqayisədə filmdə Azərbaycan Cümhuriyyətinin qurulması ilə bağlı dövrə az yer verildiyini də qeyd edir.

“Tarixi mövzu arxa planda, sevgi ön plandadır”

Tarixi məqam demişkən, filmə baxan rejissor Mehriban Ələkbərzadə də Azərbaycan tamaşaçısının gözlədiyi vurğuların orda olmadığını düşünür:

“Mən düşünürəm ki, filmdə bu coğrafiyanın maraqları və tarixi mövzuları arxa planda, sevgi ön plandadır. Filmdə mənim görmək istədiyim tarixi reallılqlar vardı ki, onu görmədim. Bu da rejissorun yozumudur. Görünür, belə görüb. Və görünür, bunu nəzərə almışdılar”.

Buna da bax:​ Gənc Azərbaycan rejissorları: 'Nazirlikdən 50 min istədik, vermədilər ki, filmimizi çəkək'

Mehriban Ələkbərzadə filmdə görmək istəyib görə bilmədiklərini rejissorun, ssenaristin “başqa bir coğrafiyanın insanı olmasına və bizim problemlərimizə doğma ola bilməməsinə” bağlayır.

Düzdür, o dərhal da çəklişdə maraqlı üsullardan istifadə edildiyini, gözəl səhnələr olduğunu qeyd edir: “Bu, rejissorun dəsti-xəttinə görə alınmış filmdir. Filmdə yetərincə zövq oxşayan səhnələr, kinematoqrafiya üçün maraqlı məqamlar var. Amma başqa maraq bucağından baxanda, vurğuların dəyişdiyini görürük. Biz başqa xətt, istinad gözləyirdik”.

Mehriban Ələkbərzadənin sözlərinə görə, Qurban Səidin yazdığı əsərdə söhbət təkcə iki gəncin məhəbbətindən getmir, “tarixi coğrafiyada baş verən hadisələr də öndə idi” deyir.

Buna da bax:​ "Əli və Nino" - senzuranın kor qoyduğu tarixi film...

“Filmi Elxan Cəfərov çəksəydi...”

Rejissor Hüseyn Mehdiyev də Mehriban Ələkbərzadə kimi düşündüyündən, film çəkilməzdən öncə onun uğurlu alınacağına inanmadığını bildirib:

“Kinoda, sənətdə aktyoru, rejissoru idmançı kimi transfer etmək düzgün deyil. Şekspiri belə gətirib Azərbaycandan əsər yazmağa vadar etsək, bu, Azərbaycan əsəri olmayacaq, ingilis əsəri olacaq. Ona görə də bu filmin dünyada maraq doğuracağına, spesifik baxış ortaya qoyacağına inanmırdım”.

Hüseyn Mehdiyev deyir, “başını qoymağa” hazırdır ki, həmin pul, həmin imkanlar yerli rejissorlara, misal üçün Elxan Cəfərova verilsəydi, daha uğurlu layihə ortaya çıxardı:

“Elxan Cəfərovun son filminə baxdım. Onun necə batal səhnələr çəkdiyini görəndə, əmin oldum ki, bizdə böyük potensiallı rejissorlar var. O bu filmi çəksəydi, yüz dəfə artıq uğur gətirirərdi, dünya da onu alıb baxardı. Çünki orda azərbaycanlı rejissorun ruhu, öz münasibəti olacaqdı”.

Buna da bax:​ "Əli və Nino" bunu təbliğ edib - "Biz respublikaçıyıq, monarxist deyilik"

Xatırlatma

2015-ci ildə çəkilişinə başlanılmış "Əli və Nino" filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Thykier, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi “Academy Award” mükafatı laureatı Kristofer Hempton-dur.

Yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan “Əli və Nino” Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və XX əsrin əvvəlində Rusiyanın Azərbaycanı işğal etməsi fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgisindən söz açır.

Filmdə baş rollarda Adam Bakri (Əli) və Mariya Valverde (Nino) çəkilib.

"Əli və Nino" filminin təxminən 20 milyon dollara başa gəldiyi deyilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG