Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:10

Yanvar aksiyalarından sonra bircə məhsul ucuzlaşıb


Arxiv fotosu: Ağcabədi rayonunda etiraz aksiyası, 12 yanvar 2016

Arxiv fotosu: Ağcabədi rayonunda etiraz aksiyası, 12 yanvar 2016

►İcra hakimiyyəti rəsmisi: “Heç bir qiymət artımı yoxdur."

Yanvarda bölgələrdə bahalıq əleyhinə etirazların mərkəzində Siyəzəndəki aksiya dayanırdı. İki günlük (yanvarın 12-13-də) etirazlardan sonra Daxili İşlər Nazirliyi 55 nəfərin saxlanması, bir neçəsi haqda həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məlumat yaydı.

İH: İş yerlərinin açılması gözlənilir

Siyəzən rayon icra hakimiyyəti başçısının müavini Təhminə Bəxtiyarova deyir ki, hazırda rayonda sakitlikdir, tutulanlar da buraxılıb:

“Heç bir qiymət artımı yoxdur. Unun qiyməti düşüb. Çörəyin də qiyməti cənab prezidentin çıxışından sonra düşüb. Dükanlarda vaxtlı-vaxtında monitorinqlər keçirilir. Tutulanlardan da heç kim qalmayb, hamısı buraxılıb”.

Rayon sakinlərinin işlə təminatına gəldikdə isə, icra başçısının müavini bununla bağlı planların olduğunu söyləyir:

“Rayonda iş yerlərinin açılması gözlənilir. Ancaq indi konkret heç nə deyə bilmərəm”.

Siyəzəndəki aksiyalarda iştirak etməsə də, polis şöbəsinə çağrılıb sonradan buraxılan Müsavat Partiyasının yerli təşkilatının sədri Mərdan Mehdili deyir ki, bahalaşmadan sonra əvvəlki qiymətinə qayıdan ancaq un və yumurta oldu:

“Qalan ərzaq məhsulları, bütün ölkədə olduğu kimi, bahadır, qiymətlərdə də heç bir dəyişiklik yoxdur”.

Mərdan Mehdili sutkalıq cəza alanların çoxunun azadlığa çıxdığını bildirir. Ancaq barələrində həbs qətimkan tədbiri seçilən bir neçə nəfər hələ də həbsdədir.

Buna da bax: Səməd Seyidov: "Məni vəzifəmdən çıxarmayıblar"

“Yenə çox bahadır”

Aksiyalar keçirilmiş Ağcabədi rayonunda da dəyişiklik unun qiymətindədir. Rayon sakini Rəşid Nəcəfli deyir ki, az qala, hər şey dekabr devalvasiyasından sonrakı həddə qalıb, yəni ucuzlaşmayıb:

“Bircə un ucuzlaşdı. Ancaq digər ərzaqlar əməlli-başlı bahadır. Hələ aksiyalardan sonra bir az ucuzlaşıb. Yenə çox bahadır. İşsizlik isə əvvəlki kimi qalıb. Qısa müddətdə neyləyə bilərlər ki? İşsizliyin səviyyəsi biabırçı vəziyyətdədir”.

Ağcabədi rayon icra hakimiyyəti başçısının müavini Naibə Mustafayeva isə qısa cavabla kifayətləndi:

“Rayonumuzda heç bir problem yoxdur.”

Buna da bax: Müxalifətçilər: "Kadırov bizi ölümlə hədələyir"

Ağsuda 200 yerlik iş vədi

Yanvarda Ağsuda da bahalaşma əleyhinə etirazlar səslənmişdi, yerli icra hakimiyyətində aksiyaçılarla görüş də keçirilmişdi. Rayon sakini Elşən Məmmədov deyir ki, burada da dəyişən unun qiymətidir:

“Aksiya keçirilən vaxt unun kisəsi 28 manat idi. İndi 24 manatdır. Əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov gəlib görüş keçirdi. Yalan-gerçək siyahı tutuldu. 200 nəfərin işlə təmin olunacağını bildirirlər”.

Ağsu, Füzuli, Lənkəran və Quba rayon icra hakimiyyətlərindən isə bildirdilər ki, bu bölgələrdə prezidentin çıxışından sonra problemlərin həlli istiqamətində işlər görülür.

Ötən ilin dekabrında manat kəskin devalvasiyaya uğradı, dollara qarşı dəyərini 40 faizdən çox itirdi. Bundan dərhal sonra kütləvi bahalaşma dalğası başlandı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG