Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:26

'Akkord' korporasiyası alman şirkətiylə ortaq biznesə başlayır


«Akkord Sement»
«Akkord Sement»

«Akkord Sement» markasıyla sement buraxan Qazax Sement Zavodu artıq «HGC Group» MMC adlanır.

ALMANLAR 50 FAİZ PAY GÖTÜRÜB

Bu ilin iyununda prezident İlham Əliyevin Almaniyaya səfəri gedişində «Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası» ASC bu ölkənin «HeidelbergCement AG» şirkətiylə tərəfdaşlığa dair memorandum imzalayıb. Sənəd «Qazax Sement Zavodu» MMC-də alman kapitalının 50 faizlik ortaqlıq şəklində iştirakını nəzərdə tutub. Tərəflər Almaniya şirkətinin Gürcüstandakı müəssisələrində «Akkord» korporasiyasının 25 faiz pay alması barədə də razılığa gəliblər.

Addəyişiminin Vergilər Nazirliyində (dövlət qeydiyyat orqanında) qeydiyyata alınması razılaşmanın gerçəkləşdiyinə dəlalət edir. Məlumatı AzadlıqRadiosuna «HGC Group» MMC-də də təsdiqləyiblər.

Buna da bax-'Akkord'un əli aşağıymış...

«Akkord» korporasiyasında razılaşmanın təfərrüat və gələcəyinə dair AzadlıqRadiosunun sorğusuna cavab verilməyib.

DÜNYA SEMENT BAZARININ İKİNCİSİ

«HeidelbergCement» qrupu dünyanın ən böyük tikinti materialları istehsalçılarından sayılır və dünyanın 60 ölkəsində sement və hazır beton aqreqatları buraxan 3 mindən çox müəssisəsi var. Bu zavodlarda 63 min işçi çalışır. Şirkət sementin istehsal həcmi baxımından, dünyada 2-ci yeri tutur. «HGC Group» MMC-də isə 450-dən çox işçi var.

«HeidelbergCement» şirkəti səhmlərinin 75 faizə qədərlik bölümü birjada sərbəst alış-verişə buraxılıb. Ludwig Merckle «HWO GmbH» şirkəti vasitəsilə onun 25.5 faizinə nəzarət edir.

GÜRCÜSTAN BAZARINI ƏLƏ KEÇİRİBLƏR

«HeidelbergCement» 2006-cı ildən Gürcüstan bazarında təmsil olunur. Onun bu ölkədə 3 şirkətivar. On səkkiz müəssisəni birləşdirən bu şirkətlərdə («HeidelbergCement Georgia», «HeidelbergBeton Georgia» və «HeidelbergCement Caucasus») 1200 nəfər çalışır.

Buna da bax-'Synergy Group' zərərlə işləyə-işləyə böyüyür

QAZAXDA SEMENT İSTEHSALI 3 MİLYON TONA ÇATDIRILACAQ

Qazax Sement Zavodunun tikintisinə 225 milyon manat sərmayə yatırılıb. Zavod 2013-cü ildən sement, 2014-cü ildənsə klinker – sement xammalı istehsal edir. Gələn ilədək onun istehsal gücünü 1 milyon tondan 3 milyon tona yüksəltmək nəzərdə tutulur. Bu ilin 6 ayında zavod Gürcüstana 72.8 min tonadək klinker göndərib və 3.3 milyon dollar gəlir götürüb.

ALMANLARIN ŞƏRİKİ KİMDİR?

2005-ci ildə yaradılan «Akkord» korporasiyası «VIP Estate» şirkəti (51 faiz) vasitəsilə Əşrəf Kamilovun nəzarətindədir. O, 99 faiz şəxsi payla «Synergy Group» şirkətlər qrupuna, eləcə də bir çox digər şirkətlərə də nəzarət edir.

«Akkord» korporasiyasına 20-dək şirkət daxildir. Bu ilin əvvəlinə qurumun 755 milyon manat dəyərində aktivi olub. Maraqlıdır ki, korporasiyanın tərkibindəki «Qazax Sement Zavodu» MMC-nin maliyyə məlumatları ötən ilin birləşdirilmiş maliyyə hesabatlarına daxil edilməyib. Əks halda, aktivlər 1 milyard manatı aşardı.

«Synergy Group» MMC, ən azı, 25 şirkəti birləşdirir. Onun aktivi (2015-ci ilin məlumatı) 406 milyon manatdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG