Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:31

«Akkord»da müəmmalı ertələnmə


Akkord.az
Akkord.az

►İllik ümumi yığıncağı baş tutmayıb. Əsas səbəb – 2 səhmdardan birinin yığıncağa qatılmamasıdır

Ölkənin ən iri sənaye-inşaat korporasiyası olan «Akkord» şirkətinin illik ümumi yığıncağı baş tutmayıb. Səhmdar cəmiyyətinin iyunun 6-da yaydığı məlumatda bunun səbəbi «illik hesabatın təqdim olunmaması», səs hüququna malik səhmdarların 60 faizinin toplantıya qatılmamalarıyla izah edilib.

Vur-tut, 2 səhmdar varsa...

Bu hal yüzlərcə səhmdarın və paylara nəzarətin mürəkkəb olduğu başqa bir səhmdar cəmiyyətində baş versəydi, normal qarşılanardı. «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC-yə gəlincə, ən son açıqlanmış məlumata görə, keçmiş səhmdar İlqar Hacıyev 2 il öncə səhmdar sırasını tərk edəndən sonra bu qurumun, vur-tut, 2 səhm sahibi var. Yığıncağa onlardan hansının gəlmədiyi bildirilmir.

AzadlıqRadiosu «Akkord»un ictimaiyyətlə əlaqələr departamentinə üz tutsa da, məsələyə aydınlıq gətirməyən belə bir cavab alııb:

«Kommersiya sirri haqqında» qanuna əsasən, kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və ya səhmdarları barədə məlumatlar kommersiya sirri hesab olunur».

İllik yığıncaqda yetərsay məsələsi...

Korporasiyanın 2014-cü ildə Bakı Fond Birjası araçılığıyla açıqladığı məlumatda deyilirdi ki, «VİP Estate» MMC-nin «Akkord»dakı payı 51 faiz, İlqar Allaz oğlu Hacıyevlə Dərya Müsəllim oğlu Vəliyevin hər birinin payı 24,5 faizdir. 2015-ci ildə Dərya Vəliyevin payının 49 faizə çatdığı açıqlanıb. Başqa bir hesabatda isə korporasiyaya «VİP Estate» MMC (təsisçi – «Solos» MMC) vasitəsilə Kamil Əşrəfovun nəzarət etdiyi bildirilir.

Yığıncaqda yetərsay məsələsinə gəlincə, Mülki Məcəllənin tələbinə görə, səhmdar cəmiyyətində yetərsay üçün ümumi yığıncağa səsli səhmlərin 60 faizinin sahibləri qatılmalıdır. Başqa sözlə, «Akkord» korporasiyasında hər iki səhmdarın (və ya nümayəndəsinin) yığıncağa gəlməsi tələb olunurdu. İyulun 15-nə təyin edilən yığıncaqda isə səsli səhm sahiblərinin 40 faizinin iştirakı yetərli sayılacaq. Gündəlikdə duran məsələ 2015-ci il üçün illik hesabatın təsdiqlənməsidir.

«Akkord» istiqrazlarının dövriyyə müddəti...

«Qiymətli kağızlar bazarı haqqında» qanuna görə, «Akkord» bu ildən başlayaraq, yarımillik maliyyə hesabatlarını da ictimaiyyətə açıqlamalıdır. Bu tələb şirkətin qiymətli kağızlarının kütləvi təklifindən qaynaqlanır. İlin sonunda «Akkord»un Azərbaycanda yerləşdirdiyi 50 milyon manat həcmində üçillik istiqrazların dövriyyə müddəti başa çatır. Deməli, «Akkord» avqustadək həm illik, həm də yarımillik hesabatlarını təsdiqləyib-açıqlamalıdır.

Qanundan qaynaqlanmayan gizlilik

Mütəxəssislərin fikrincə, «Akkord» Şirkətlər Qrupu səhmdarlarının adını mediadan gizlətməyin «Kommersiya sirri haqqında» qanuna aidiyyatı yoxdur. Çünki səhmdar kapitalında iştirakla bağlı məsələlər digər qanunvericilik aktları ilə tənzimlənir. Mülki Məcəllənin və «Qiymətli kağızlar bazarı haqqında» Qanunun tələbinə görə, bazarda qiymətli kağızları alınıb-satılan şirkətlərin 10 faiz və daha çox səhmlərinə sahib olanların adları illik hesabatda açıqlanmalıdır. Məlumatların Elektron Açıqlanması Sistemi, Bakı Fond Birjası və şirkətin öz korporativ saytı həmin hesabatı ictimaiyyətə çatdırmalıdır. Nəzarət yetərsizliyindən bu tələbə çox az sayda şirkət əməl edir.

Ötənilki nəticələr hələ açıqlanmayıb

2014-cü ildə Akkord 19,8 milyon qazanc götürüb. Ötənilki maliyyə nəticələri barədə, hələlik, məlumat verilmir.

2005-ci ildən fəaliyyət göstərən «Akkord» korporasiyasının 6 ölkədə nüşayəndəliyi, Azərbaycanda və onun xaricində 40-dək şirkət və ortaqlığı var.

XS
SM
MD
LG