Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:46

General Çovdarov ittihamları 'Piri babanın nağılı' adlandırır


Akif Çovdarov
Akif Çovdarov

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş general Akif Çovdarov və onunla birlikdə hakim qarşısına çıxarılan üç nəfər keçmiş işçi - Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanov özlərini suçlu saymırlar. Onların məhkəmədə söylədiklərindən belə çıxır.

MTN-çilərin işinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovdan, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevdən ibarət tərkib baxır. Amma mühakimə prosesi Sabunçu Rayon Məhkəməsinin binasında keçirilir.

Məhkəməyə bu dəfə də jurnalistləri buraxmayıblar. Məhkəmə salonunda olub-bitənlər vəkillərin, eləcə də MTN-çilərin işində zərərçəkənlərin məlumatı əsasında diqqətə yetirilir.

MTN-ÇİLƏR ÖZLƏRİNİ TƏQSİRLİ BİLMİRLƏR

Noyabrın 21-də keçirilən məhkəmə iclası prokurorun ittiham aktını elan etməsiylə başlanıb. Əslində, «davam edib» demək daha doğrudur, çünki ittihamnamənin elanı noyabrın 18-də keçirilən ötən məhkəmə iclasında start götürmüş, həcmi böyük olduğundan növbəti iclasa qalmışdı. Elə bu gün – noyabrın 21-də də ittihamın oxunması bir neçə saat çəkib.

Hakim ittihamnamə başa çatınca, A.Çovdarov və o biri üç nəfərdən yazılanları qəbul edib-etmədiklərini, özlərini təqsiri bilib-bilmədiklərini soruşub. Onların heç biri özünü təqsirli bilməyib. Yazılanların yalan olduğunu deyən A.Çovdarov ittiham aktını «Piri babanın nağılı»na bənzədib.

A.Çovdarov bu dəfə də məhkəmə boyunca həkim nəzarətində olub. Onun vəkili Şahin Rəfiyev AzadlıqRadiosuna bildirib ki, məhkəmə gedişində durumu pisləşən generala tibbi yardım göstərilib.

Ardından zərərçəkmişlərdən Şahmar Qurbanov dindirilib. O, A.Çovdarova 500 min dollar nağd pul, eləcə də 380 min dollarlıq qızıl-brilyant zinət əşyaları verdiyini bildirib.

Şahmar Qurbanov ondan alınan pul və zərgərlik məmulatları barədə istintaqda verdiyi ifadəni təsdiqləyib və dəymiş ziyanın ödənilməsini tələb edib.

«500 MİNİ «ŞAMAXİNKA»DA, BRİLYANTLARI DA BAĞ EVİNDƏ ÇOVDAROVA VERDİM»

1994-cü ildən zərgərliklə məşğul olduğunu deyən Şahmar Qurbanov istintaqa ifadəsində göstərib ki, 2007-ci ildə A.Çovdarov onu MTN-ə çağırıb, bir hindistanlıya borclu olduğu 120 min dolları niyə vermədiyini soruşub.

Şahmar Qurbanov təsdiqləyir ki, onun həqiqətən də Qriş adlı Hindistan vətəndaşına 120 min dollar borcu olub. Dediyinə görə, MTN-dəki görüşdə A.Çovdarovun söylədiklərindən telefon danışıqlarının dinlənildiyinə inanıb.

Generalın onu hədələdiyini deyən Şahmar Qurbanovun sözlərinə görə, həbsdən canını qurtarmaq üçün ondan 1 milyon dollar pul istənib. Danışıqlardan sonra razılaşıblar ki, 500 min dollar nağd pul və bir o qədərlik də qızıl-zinət əşyaları veriləcək. Ona hindistanlıya olan borcunu da 2 ay ərzində ödəyəcəyi haqda ərizə imzalatdırılıb. Amma 5-6 gün sonra A.Çovdarovun işçisi gəlib və Qrişə olan borcunu təcili ödəməyi tələb edib. O, hazırda bu qədər pulu olmadığını deyir və belə razılaşırlar ki, əvəzində 120 minlik əmlak versin. O, Əhmədli qəsəbəsində dostunun inşa etdirdiyi çoxmərtəbəli binada 120 min dollarlıq bir mənzili A.Çovdarovun göstərdiyi İsgəndər adlı şəxsin həyat yoldaşının adına keçirib. Həmin mənzil də iki aydan sonra satılıb.

Dollar
Dollar

Şahmar Qurbanovun dediyinə görə, maşınını, obyektini satıb, bir az da tanışlarından borc tapıb, 500 min dollar düzəldəndən sonra Bakının «Şamaxinka» adlanan ərazisində A.Çovdarovla görüşüb, pulu ona verib.

Ardındana A.Çovdarovun tələb etdiyi brilyantlara baxmaqdan ötrü əvvəlcə Hindistana, oradan da Dubaya gedib. Sonra generalla İstanbulda görüşüblər, orada ona daş-qaşın siyahısını verib. Zərərçəkmişin sözlərinə görə, A.Çovdarov siyahıdan iki qızı, gəlini və həyat yoldaşı üçün brilyant zinət əşyaları seçib. O da Dubaya qayıdıb, generalın seçdiyi əşyaları 120 min dollara alıb gətirib və MTN-in binasının yaxınlığında onun özünə verib. Bir gün sonra general yenə zəng eləyib, bu dəfə «rəhbərlik üçün» 2 ədəd 4 karatlıq və 1 ədəd 5 karatlıq sertifikatı olan brilyant istəyib. Şahmar Qurbanov deyir ki, beş gün sonra yenə Dubaya gedib, sifariş verilən əşyaları 260 min dollara alıb, Bakıda A.Çovdarovun Novxanıdakı bağ evində ona çatdırıb.

Şahmar Qurbanov əlavə edib ki, bütün bu olanlardan sonra Türkiyəyə işləməyə gedib.

«O ŞİKAYƏTİ ELDAR MAHMUDOVA SƏFİRLİKDƏ VERMİŞDİLƏR»

Şahmar Qurbanovun məhkəmədəki ifadəsinə münasibət bildirən A.Çovdarov onun yalan danışdığını söyləyib. Şahmar Qurbanovun Hindistan vətəndaşına təxminən 400 min dollar borclu olduğunu deyən Çovdarov qeyd edib ki, bu barədə onlara diplomatik korpusdan məlumat daxil olmuşdu. Onun sözlərinə görə, keçmiş nazir Eldar Mahmudovun səfirlikdə görüşü zamanı bu problemlə əlaqədar ona şikayət ərizəsi verilib. Keçmiş nazir də məsələni araşdırmağı ona tapşırıb.

Şahmar Qurbanov da öz növbəsində Akif Çovdarovun yalan danışdığını deyib.

A.ÇOVDAROVUN VƏKİLİ İŞƏ BAXAN HAKİMLƏRDƏN NARAZIDIR

A.Çovdarov və vəkilləri məhkəməni aparan hakimlər kollegiyasından narazıdır. Noyabrın 21-də generalın vəkillərindən Şahin Rəfiyev yenə hakimlərə etiraz edib.

«Məhkəmə tərkibinə etiraz etdim. Bu barədə vəsatət vermək istəyirdim. Lakin hakim qəbul etmədi», - Şahin Rəfiyev AzadlıqRadiosuna belə deyib.

Məhkəmə noyabrın 23-də davam edəcək.

XATIRLATMA

A.Çovdarov ötən il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi və 19 nəfər artıq həbsdədir. Onlardan yuxarıda adları çəkilən dörd nəfərin işi məhkəməyə göndərilib.

A.Çovdarov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvət alma ) və daha bir neçə ağır maddələri ilə ittiham irəli sürülüb.

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-yə yaxın yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha 2 ay sonra həmin nazirlik ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG