Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:37

Akif Çovdarovun müdafiəsinə daha bir vəkil qoşuldu


Akif Çovdarov
Akif Çovdarov

Dövlət Təhlükəsizliyi Xidməti həbsdə olan keçmiş MTN-çilərə qarşı mülki iddia qaldırıb. Bu iddia oktyabrın 4-də MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, həbsdə olan general-mayor Akif Çovdarovun və onun tabeliyində çalışmış daha üç nəfərin - Akif Əliyev, Səlim MəmmədovOrxan Osmanovun işi üzrə məhkəmənin hazırlıq iclasında məlum olub.

Buna da bax:​ "Akif Çovdarovun işinə Hərbi Məhkəmə baxmalıdır"

Çovdarov və daha üç nəfərin işinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevdən ibarət heyət baxır. Prosesə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında baxılır.

“Ya işə Bakı Ağır Cinayətlər Məhkəməsi baxsın, ya da...”

Qanuna görə, məhkəmə baxışı qapalı olanda da hazırlıq iclası və hökmün elanı açıq keçirilməlidir. Açıq məhkəmə iclasına istənilən şəxs, o cümlədən jurnalistlər qatıla bilsələr də, ötən hazırlıq iclasında olduğu kimi, media təmsilçiləri bu dəfə də məhkəməyə buraxılmayıblar.

Hazırlıq iclası barədə media nümayəndələrinə Səlim Məmmədovun vəkili Cavid Rzazadə məlumat verib. O, iclasda vəsatət qaldırdığını və bu işə ya mülki məhkəmədə - Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmasını, ya da təqsirləndirilən şəxslər haqqında həbs-qətimkan tədbirinin seçilməsi, uzadılması barədə qərarların qanunsuz sayılıb ləğv olunmasını istədiyini bildirib: “Məlum olduğu kimi, cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib, çünki təqsirləndirilən şəxslərin hərbi qulluqçu statusu var. Qanun da bunu deyir. Amma dörd təqsirləndirilən şəxsin hamısının barəsində həbs-qətimkan tədbirinin seçilməsi qərarını Səbail Rayon Məhkəməsi verib. Halbuki, hərbçilər barəsində qətimkan tədbiri məsələsinə də hərbi məhkəmə baxmalı idi. Bizim də vəsatətimiz bu oldu ki, iş Bakı Hərbi Məhkəməsinə aid idisə, niyə həbs-qətimkan tədbirini Səbail Rayon Məhkəməsi seçib və sonradan müddəti də iki dəfə uzadıb? Yox, əgər Səbail Rayon Məhkəməsi onların həbs qərarını qanunauyğun şəkildə veribsə, o halda işə də Bakı Hərbi Məhkəməsi yox, Bakı Ağır Cinayətlər Məhkəməsi baxmalıdır. Tələbimiz də bundan ibarət oldu ki, aidiyyət qaydaları pozulubsa, o zaman iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsin, aidiyyət məsələsinə düzgün riayət olunubsa, deməli, həbs-qətimkan tədbirini səlahiyyətsiz məhkəmə seçib və o qərarlar qanunsuz sayılmalı, təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılmalıdır”.

Buna da bax:​ MTN-in agenturasına ayrılan milyonlar

Hakimlər kollegiyası hazırlıq iclasının yekun qərarında bu məsələyə münasibət bildirəcək.

A.Çovdarov məhkəmədən vaxt istədi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX-nin) sabiq MTN-çilərə mülki iddiasına gəlincə, Cavid Rzazadə deyir ki, məhkəmədə onlara bu barədə məlumat verilsə də, iddia təqdim olunmayıb: “Mülki iddia dəftərxanaya daxil olsa da, hələ bizə təqdim edilmədiyindən, onun mahiyyəti və həcmi ilə tanış deyilik. Ona görə mülki iddianın məbləği də məlum deyil”.

Buna da bax:​ 'MTN generalı'nın işi: Zərərçəkmişlərin biri müğənnidir...

Sabiq generalın müdafiəsinə yeni vəkil qoşulub

Çovdarovun müdafiəsinə yeni vəkil – Kamandar Nəsibov qoşulub. O, 28 cildlik cinayət işinin materialları ilə tanış olmaqdan ötrü ona 20 gün vaxt verilməsini istəyib. Çovdarov özü də “xəstə olduğunu” və iş materialları ilə tanış ola bilmədiyini bildirib.

Məhkəmənin hazırlıq iclası oktyabrın 19-da davam edəcək.

Xatırlatma

A.Çovdarov ötən il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi və 19 nəfər artıq həbsdədir. Onlardan yuxarıda adları çəkilən dörd nəfərin işi məhkəməyə göndərilib.

A.Çovdarov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvət alma ) və daha bir neçə ağır maddələri ilə ittiham irəli sürülüb.

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-yə yaxın yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha 2 ay sonra həmin nazirlik ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG