Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:46

.

“Əgər bütövlükdə seçki ənənəsi yoxdursa, bir dairədə necə demokratik seçki keçirilə bilər?”

"Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsində keçirilən təkrar seçki ilə bağlı bunu Azadlıq Radiosuna deyib.

Mehman Əliyev bildirir ki, “yuxarıların diktəsi altında” işləyən bir sistemdə ədalətli və demokratik seçki prosesinə nail olmaq mümkün deyil.​

Mehman Əliyev

Mehman Əliyev

Bu, Azərbaycan reallığıdır

M.Əliyevin fikrincə, görə, iyunun 18-də Ağdaşda Milli Məclisə keçirilən seçki özündən əvvəlkilərlə heç nə ilə fərqlənməyib: “2015-ci ilnoyabrın 1-də keçirilən seçkilərdə nə qədər adama təzyiq edildi ki, namizədliyini geri götürsün. Kimsə seçkiyə gedib uda da, uduza da bilər. Ancaq yuxarıdan razılıq olmasa, heç kəs paralamentə gedə bilməz. Bu, Azərbaycan reallığıdır”.

90 saylı Ağdaş seçki dairəsində keçirilən təkrar seçkilərlə bağlı bəzi mətbuat orqanlarında optimist fikirlərə rast gəlmək mümkün idi. Bəziləri düşünürdü ki, Qərbə görüntü məqsədi ilə, Ağdaşdakı təkrar seçkilərdə demokratik prinsiplər qorunacaq.

Mehman Əliyev belə düşünənləri sadəlövh sayır. O deyir ki, bir dairədə keçirilən demokratik seçki ilə ümumilikdə parlamentə təsir etmək mümkün deyil: “Qərbə bir dairədəki demokratiyamı lazımdır? Xeyr. Bir deputat demokratik seçilsə, ümumilikdə parlamentə nə təsir göstərəcək?”.

Bəşir Süleymanlı

Bəşir Süleymanlı

Seçki yox imitasiyadır

Ekspertlərdən Bəşir Süleymanlı da deyir ki, indi ölkədə seçkidən yox, imitasiyadan söhbət gedə bilər. Onun qənaətinə görə, siyasi azadlıqlar təmin edilməyənə, siyasi məhbuslar azadlığa buraxılmayana, vətəndaş cəmiyyətinə basqılar dayanmayana qədər Azərbaycanda real seçki prosesindən söhbət gedə bilməz: “Belə bir şəraitdə baş tutan seçki deyil ki... ”

Mübariz Əhmədoğlu

Mübariz Əhmədoğlu

“Əvvəl nə idiksə, yenə biz şimdi hamanız....”

Politoloq Mübariz Əhmədoğlu isə “ bir gül ilə bahar olmaz” deyənlərlə razılaşmır. Deyir ki, bütün müxalif partiyalar bir namizəd müəyyənləşdirib seçkiyə onunla getməli və bir dairədə demokratik seçkinin təminatına çalışmalı idilər: “Ancaq əksər müxalif partiyaların bir dairədə keçirilən seçkiyə ciddi yanaşmadığını müşahidə elədim”.

Ancaq, Mübariz Əhmədoğlu da 90 saylı Ağdaş seçki dairəsində keçirilən təkrar seçkinin əvvəlkilərdən fərqlənmədiyini düşünür: “Bütün seçkilərdə olan nöqsanlar vardı. Məntəqə seçki komissiyalarının üzvləri həmişə necə davranıblar, indi də elə davranış gördük. O, cümlədən, əsas namizədlərin nümayəndələri özlərini necə aparırdılarsa, indi də elə aparıblar”.

Mübariz Əhmədoğlu deyir ki, təkrar seçkilər demokratik seçkidən ötrü bir fürsət idi. Ancaq bu fürsət dəyərləndirilmədi.

Hərçənd 90 saylı Ağdaş Seçki Dairəsinin sədri Nurəddin Nəsibov, hələ səsvermə yenicə başlayanda demişdi ki, seçkilərin azad və ədalətli keçirilməsindən ötrü onlara hər bir şərait yaradılıb.

Bu dairədə deputat mandatı uğrunda 7 namizəd mübarizə aparır.

Namizədlərdən 5-i bitərəfdir. Qalan iki nəfərin siyasi mənsubiyyəti var. Onlardan biri - Cavid Osmanov hakim Yeni Azərbaycan Partiyasını təmsil edir. O, YAP-ın Ağdaş rayon təşkilatının sədridir.

İkincisi isə Ümid Partiyasının sədri İqbal Ağazadədir.

Azərbaycanda sonuncu parlament seçkiləri ötən il noyabrın 1-də keçirilmişdi. Həmin seçkidə yenə hakim Yeni Azərbaycan Partiyası böyük üstünlük qazanmışdı. 90 saylı Ağdaş Seçki Dairəsində də ilkin qalib kimi Çingiz Əsədullayev elan edilmişdi. Ancaq sonradan Mərkəzi Seçki Komissiyası (MSK) həmin dairədə nəticələri ləğv etmişdi. O vaxt mətbuat bunu Ç.Əsədullayevin işdən çıxarılan milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumu olması ilə izah etdi.

MSK-nın qərarında deyilirdi ki, 90 saylı Ağdaş Seçki Dairəsində 17 məntəqədə pozuntulara yol verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG