Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:44

Azərbaycanda ağacları iki səbəbdən kəsirlər [video]


Azərbaycanda qanunsuz ağac kəsməyə görə cərimələr iki dəfə artırılır. Cəza sərtləşdirilir. Ağacı qanunsuz kəsəni bundan sonra 5 min manatdan 7 min manata qədər cərimələyə bilərlər.

Bəs, cəzaların sərtləşdirilməsi çıxış yoludurmu? Ekoloq Telman Zeynalov elə də ümidli deyil. O düşünür ki, ilk növbədə problemin kökünü aydınlaşdırmaq lazımdı. Əsas səbəblərdən biri isə regionlarda əhalinin odundan istifadə etməyə məcbur olmasıdır.

Buna da bax: ​Yaşıllıq əvəzinə «Öztürk» dönəri təklif edilir

Kəndlərin neçə faizində qaz var?

SOCAR yeni qazlaşdırılan kəndlərlə bağlı məlumat yayır. Amma qazlaşdırılmayan kəndlər haqda hər hansı açıqlama yoxdur. Məsələn, Gədəbəyin 109 yaşayış məntəqəsindən hardasa 30-u qazlaşdırılıb, qalanında qaz yoxdur. Bir qışı yola verməyə azı 2 maşın odun gərəkir. Cəlilabadın Göytəpə qəsəbə sakini İlhamə Teymurova deyir ki, onların yaşadığı küçənin qazlaşdırılması ilə bağlı illərdir yerli icra hakimiyyətinə müraciət edirlər. Di gəl ki, nəticə yoxdur:

"SSRİ dağılandan bəri bizdə qaz yoxdu. Yerli icra hakimiyyətindən müraciətimizə cavab olaraq, deyirlər ki, edəcəyik. Amma illərdir heç nə yoxdu. Biz tərəflərdə də meşə yoxdur. Masallıdan maşınlarla hazır odun gətirirlər. Metrəsi 12 manatdan. Nə qədər biz oduna pul xərcləyib, əziyyət çəkəcəyik. Gözləyirik ki, bizim də küçə qazlaşdırılsın".

Buna da bax:​ Ağac kəsməyə görə cəzalar sərtləşdirilir

Cəriməyə görə özünü yandırıb

İlhamə Teymurova deyir ki, odun almağa pul tapmayan ailələr də var. Belə ailələrdən biri də Gədəbəyin Zamanlı kəndində yaşayırdı. 5 il öncə o özünü ailəsi ilə birlikdə yandırıb.

İmkansızlıqdan odun almağa pulu yox imiş, o da gedib meşədən özü odun gətirirmiş. Bir gün cərimələnir. Özü də 790 manat. Cəriməni ödəmək üçün inəyini belə satır amma pul çatmır. Cəriməni ödəyə bilmədiyi üçün iş polisə gedir. Ailəsi iddia edirdi ki, polis onu təngə gətirib, o da əlacsız qalıb özünü ailəsi ilə birlikdə yandırıb. Özünün həyatını xilas etmək mümkün olmamışdı. Onun həyat yoldaşı Hakimə Hüseynova 5 il öncə hadisəni belə nəql edirdi:

"Odun deyəndə, meşədən quru çırpı gətirirdik. Dalımızda, ulaqda. Bir inəyimiz vardı onu satdıq, otları satdıq. Cərimənin yarısını ödəmişdik. Onu canından bezdilər".

Buna da bax:​ Prezident: Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər...

Bəs, cərimələr artılandan sonra qazlaşdırılmayan regionlarda yaşayan əhali necə etsin. Evini nə ilə isitsin?

Noyabrın 11-də Milli Məclis "Meşə Məcəlləsinə" dəyişikliyi müzakirəyə çıxaracaq. Dəyişiklik ağac kəsənlərə qarşı cəzaların sərtləşdirilməsi ilə bağlıdır. Ağac kəsənlər 2 il müddətinə azadlıqdan məhrum ola bilər. Bundan başqa 5 min manatdan 7 min manata qədər cərimələnə, iki ilədək islah işlərinə cəlb oluna, 3 ilədək müəyyən vəzifə tuta, fəaliyyətlə məşğul olma hüququndan da məhrum edilə bilər. Hazırda cərimələr 2 min 500 manatdan 3 min 500 manata qədərdir.

Azərbaycanda ağac kəsilməsinin 2 nümunəsi

Ekoloqlar Azərbaycanda ağacların kəsilməsini, özəlliklə iki halda baş verdiyini vurğulayırlar. Birinci müəyyən inşaat işləri zamanı. Amma bir çox hallarda yerli icra hakimiyyəti inşaat şirkətinə razılıq verdiyindən, ağacların kəsilməsi qanunsuz sayılmır.

Buna da bax:​ İntihara cəhd göstərən: 'Çevik polisi əraziyə tökdülər, 20 nəfər olardı...'

Bir nümunə... Yeni Günəşlidə əhalinin ümumi istifadəsində olan bir parkda çoxmərtəbəli binanın bünövrəsi qoyulur. Sakinlər ağacların kəsilməsinə etirazları nəticə vermir. Əhaliyə belə izah olunur ki, tikintiyə yerli icra hakimiyyəti icazə verib.

İkinci hal isə daha çox regionlarda ağacların kəsilməsidir. Bunun bir səbəbi qaz problemidirsə, digər səbəb mebel sexləridir.

AzadlıqRadiosu Zaqatala, Cəlilabad, Gədəbəy, Hacıkənd və digər rayonlardan dəfələrlə bu mövzularda reportajlar edib.

Buna da bax: ​Əhmədlidə ağacları elə kəsirlər, izi qalmır...

Ekoloq Telman Zeynalov düşünür ki, cəzaları artırmaqla bir nəticə əldə olunası deyil. O əlavə edir ki, indiki cəzalar da ağırdır. Ağac kəsəni cərimədən başqa 2 ilə qədər həbs də edə bilərlər. Amma ağaclar kəsilməkdə davam edir:

"Cəzaları sərtləşdirməklə nəsə etmək olmur. Cəzalar indi də sərtdir. Bəzən müsahibə verirlər ki, pul yığa bilmirlər. Amma adamların xirtdəyindən yapışıb, qəpiyinə kimi alırlar cəriməni. Sadəcə dövlətdən gizlədirlər".

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG