Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:31

Hər dəfə xərəkdə icra hakimiyyətinə aparılan Səbinə


Qəzalı evə görə çöldə gecələyən uşaq.
Qəzalı evə görə çöldə gecələyən uşaq.

«Məni hər dəfə xərəyə qoyub icra hakimiyyətinə aparırlar, orda da saatlarla gözlədəndən sonra yağlı vədlər verirlər. Qonşularım, mən qarışıq, xərəyi təzədən şəlləyirlər kürəklərinə, gətirirlər evə. Bu, haracan davam edəcək? Vallah, ölürəm. Qorxum qışdan idi, qış da gəldi… Kərpic evin divarları aralı, ev də az qalır, üstümüzə gəlsin. Axırıncı zəlzələdən sonra bu vəziyyətə düşdü. Yayda başımıza dağılar deyə, həyətdə yaşayırdıq. Qış gəlib, hara gedək, bilmirik. Külək əsəndə divarlar silkələnir».

İKİNCİ DƏFƏ YAZIR

AzadlıqRadiosu «İmişli rayonu, Mirzə Sadıqcan küçəsi, ev 14»də yaşayan Səbinə Talıbzadənin durumundan ikinci dəfədir yazır. Bu ilin sentyabrında «Qaynar xətt»ə zəng vuran bu xanım yaşadığı evin zəlzələdən qəzalı vəziyyətə düşməsindən və xəstə, həm də körpə uşaqla, qoca valideynləri ilə çarəsiz qalmalarından söz açırdı. İmişli rayon İcra Hakimiyyətindən ailəyə kömək edəcəklərini demişdilər. İki aydan çox ötüb, vəziyyət dəyişməyib.

Səbinə xanım bir müddət öncə avtomobil qəzasına düşdüyündən, yerimə qabiliyyətini itirib və 1-ci qrup əlil olub. Düşdüyü çarəsizlik onu bu vəziyyətdə günaşırı rayon icra hakimiyyətinin qapısına aparıb-gətirir.

«HƏR DƏFƏ QONŞULARA DEMƏYƏ UTANIRAM Kİ…»

«Hər dəfə qonşulara deməyə də utanıram ki, «götürün xərəyi, getdik». İcra hakimiyyətinin binasının pəncərələrindən baxırlar. Kimisi qulağını çəkir, kimisi eşidəcəyim səslə «iraq olsun»,- deyir. Yəni, halıma acıyırlar. Bəs niyə kömək eləmirlər?».Bu sual Səbinə xanımı rahat buraxmır.

Qəzalı ev.
Qəzalı ev.

ƏRİ TƏRTƏRDƏ - CƏBHƏ XƏTTİNDƏDİR

Ailə imkansızdır. Səbinə xanımın əri Tərtərdə - ön cəbhə xəttindədir. Səbinə xanım hələ 1 yaşı tamam olmayan körpəsi və valideynləri ilə hər an uça biləcək evdə yaşamağa məhkum qalıb. Dediyinə görə, onu hər dəfə İmişli rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səfa Ağayev qəbul edir. Hər dəfə anket məlumatlarını dəqiqləşdirib onu yola salırlar:

«HƏR DƏFƏ EYNİ SUALLARI VERİR»

«Hər dəfə eyni sualları verir. Adımı, ünvanı soruşub kitabçasında qeyd aparıb deyir, get, gəlib problemlə yerində maraqlanacaqlar. O qədər imkansızıq ki... Divara bir əl suvaq da çəkə bilmirik. Həyat yoldaşımın səngərdə keşik çəkməsini, özümün əlilliyimi, övladımın çox körpə, valideynlərimin qoca və xəstə olmalarını nəzərə alsınlar. Yalvarıram, bizə kömək etsinlər. Həm əlil, həm də hərbçi ailəsi kimi yalvarıram. Bu uşaq 3 aylığından küçədə gecələyib, bütün yayı onu qurd-quşdan qoruyuram. Atası isə torpaq keşiyindədir. Heç olmasa, bunu nəzərə alsınlar».

«XANIM BİR AZ SƏBİRLİ OLSUN»

İmişli rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, qeyd olunan ünvana baxış keçiriləcək: «Ev qəzalıdırsa, akt yazılacaq, müəyyən tədbirlər görüləcək. Xanım bir az səbirli olsun, özünə də dəfələrlə deyilib».

SƏBİRMİ QALIB?

Aralı divarlardan evə dolan soyuq əlilin səbrini çoxdan kəsib.

XS
SM
MD
LG