Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:34

►“Abşeron" Gənclər Şəhərciyində qaz tələbi

Şirkət sözçüsü: Qışa qədər bütün binalara qaz veriləcək

“4 ildir bu şəhərcikdə yaşayıram, qaldığım binaya hələ də qaz verilməyib. 85 blokdan 14-ü qazlaşdırılıb, qalanları yox”.

Xırdalandakı “Abşeron” Gənclər Şəhərciyinin sakinləri şikayət edirlər ki, şəhərcik çoxdan istifadəyə verilsə də, mavi yanacaq problemi, hələ də, tam həllini tapmayıb.

Binaların kiçik qismi qazla təmin olunub, çoxunda hələ də elektrik sobasından istifadə edilir. Sakinlər deyirlər, qazın olmaması xüsusilə qışda özünü daha çox büruzə verir.

“YAYIN YARISI GEDİB”

Səadət Aslanova deyir, şəhərcikdən mənzil alanda ona binaların qısa müddətdə qazlaşdırılacağını bildiriblər:

“Dedilər, “6 aya binalara qaz veriləcək”. Dözdük, dözdük, nəhayət, keçən il bıçaq sümüyə dirəndi, adamlar bir neçə dəfə küçəyə tökülüşdü, gəlib sakitləşdirdilər ki, “işlər başlanır”. Bu ilin yanvarından, nəhayət, başladılar. Bir neçə blok qazlaşdırıldı, sonra işlər yenə dayandı. Üç körpəm, bir də xəstə anamla yaşayıram. Yayın yarısı gedib, bir azdan payız qapını kəsdirəcək. Ancaq bir hərəkət görmürük. Qorxuruq ki, üzümüzə gələn qışı da əziyyətlə keçirək”.

Buna da bax: Yayın cəhənnəmində at-eşşəyin ümidinə qalanlar

Şəhərcikdə yaşayan köçkün Nabat Hüseynovanın deməsinə görə, bütün şəhərciyə mavi yanacaq çoxdan verilərdi, səbəb “Akkord”la qazlaşdırma işlərini görən podratçı şirkət arasında pul söhbəti olub:

“MƏNZİLİN SAHƏSİ SƏNƏDDƏKİNDƏN AZDIR”

“Podratçı şirkət işləri yarımçıq qoyub getdi. Dedi, ““Akkord” pulumuzu versin, biz də gələk, işləri davam edək”. İki şirkət razılığa gələ bilmir, əziyyəti biz çəkirik. Martdan bu tərəfə işlər dayanıb”.

Şəhərcikdə mərkəzi istilik sistemi də yoxdur. Sakin Sahilə Kərimova deyir, halbuki, şirkətlə müqavilədə şirkətin öhdəlikləri arasında binaların mərkəzi istilik sistemi ilə təchizatı da yer alıb:

“Müqaviləyə görə, mərkəzi istilik sistemi olmalıydı. Yayı heç, ancaq qışda azı 150-170 manat işıqpulu gəlir. Növbəti qışı bu bəlanı yaşamaq istəmirik. Şəhərciyə qaz verilsin. Biz hələ otaqların sahələrinin ölçüsündən danışmırıq. Ölçəndə bilmişik ki, aldığımız ev sənəddəkindən 12 kvadrat kiçik gəlir. Vəkilim məhkəməyə sənəd toplayır”.

“BÜTÜN BLOKLAR QAZLAŞDIRILACAQ”

“Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyasının mətbuat xidmətinin rəhbəri Bəhruz Əliyev AzadlıqRadiosuna deyib ki, sakinlərin narahatçılığına əsas yoxdur:

“Bu məsələ həllini tapıb. Qışa qədər bütün bloklar qazlaşdırılacaq”.

Şirkət sözçüsü növbəti qışda şəhərcikdəki bircə mənzildə də mavi yanacaq probleminin qalmayacağını deyir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG