Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:04

'Bu gedişlə bir gün binaların hamısı alışacaq'


«Bu, ilk hadisə deyildi, şəhərcikdəki binalarda tez-tez qısaqapanmalardan alışmalar olur. Özümüz qarşısını vaxtında alırıq deyə, yanğınsöndürənə iş qalmır».

«Akkord» şirkətinin Xırdalanda inşa etdiyi «Abşeron» Gənclər Şəhərciyinin sakinləri AzadlıqRadiosuna noyabrın 24-də axşam saatlarında baş vermiş yanğının səbəblərindən danışırlar.

DAHA ÇOX PUL QAZANMAQ

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, şəhərcikdəki 11-mərtəbəli yaşayış binasının zirzəmisindən 1-ci mərtəbəsinə kimi elektrik kabelləri yanıb. Yanğınsöndürənlər yuxarı mərtəbələrdəki mənzillərdən 22 nəfəri çıxarıb. Onlardan 7 nəfəri azyaşlı olub.

6 ildir ki burada yaşayan Cavid İsmayılov deyir, binalardakı elektrik kabellərində tez-tez qısaqapanmalardan alışmalar baş verir. Ancaq sakinlər özləri cəld tərpənib qarşısını alırlar:

«Bu şəhərciyi salanların bir məqsədi olub – necə gəldi tikib satmaq, daha çox pul qazanmaq... Burada yaşayacaq insanları nəzərə alan olmayıb. Olsaydı, bu boyda 10- və 11-mərtəbəli binaların elektrik şəbəkəsini ən ucuz və ən keyfiyyətsiz naqillərlə qurmazdılar. Qaz yoxdur, hava şaxtalı, hamı canını isitmək istəyir. Hamı məcburdur ki, elektrik qızdırıcıları işə salsın. Keyfiyyətsiz, nazik naqillər alışır, bir də görürsən hansısa binadan tüstü gəlir. Bu gedişlə bir gün binaların hamısı alışacaq».

YANĞINSÖNDÜRƏN MAŞIN DA YAXINLAŞA BİLMİR

Başqa sakin Camal Əsgərli deyir, burada yaşayanları narahat edən həm də odur ki, binalar bir-birinə sıx inşa edildiyindən bəzilərinə heç yanğınsöndürən maşınların yaxınlaşmasına imkan da yoxdur: «Allah üzümüzə baxdı, dünən axşamkı yanğın elə binada oldu ki, yanğınsöndürən çata bildi. Burda elə binalar var ki, yanğın baş versə, söndürməyə gərək mütləq helikopter gəlsin. Buranı tikənlər əlavə qazancdan ötrü öncə planda olmayan yerlərdə də binalar tikiblər. Məsələn, hazırda binamızın qarşısındakı bina vaxtilə mənə şirkətdən verilən bukletlərdə yox idi. Bir gün evin təmirinə gələndə gördük ki, tikilib».

BƏZİ BİNALAR QAZLAŞDIRILIB

Sakinlər binalara mavi yanacağın verilməsi tələbi ilə dəfələrlə şəhərciyin qarşısındakı yolu bağlayıblar. Onlar düşünürlər ki, binalara mavi yanacaq verilsə, elektrik qızdırıcılarından istifadəyə ehtiyac da azalar, elektrik kabelləri yüklənməz.

«Akkord» Sənaye Tikinti İnvestisiya Korporasiyasının mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilib ki, şəhərcikdə bəzi binalar qazlaşdırılıb. Yaxın vaxtlarda qazlaşdırma işləri tam başa çatacaq.

Qeyd edək ki, şəhərcikdəki sakinlərə mənzillərə mülkiyyətçi hüquqlarını təsdiqləyən sənədlər verilmədiyindən mənzillər sığortalanmayıb. Yalnız kreditlə alınmış mənzillərdən hər ay ödənişlə bərabər sığorta haqqı alınır. Ekspertlərsə bu ödənişi qanunsuz hesab edirlər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG