Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:15

ABŞ-ın Suriyadakı qiyamçıları əlavə silahla təmin etməsi barədə müzakirələri nəticəsiz qalıb. «The Washington Post» qəzetinin yazdığına görə, ABŞ diplomatlarının razılaşmamasının səbəbi Ağ evin bu plana şübhə ilə yanaşmasıdır.

Qəzet çoxdandır Obama administrasiyasının Suriyaya əlavə silah göndərmək məsələsini götür-qoy edəcəyini yazırdı. İndi qəzet Ağ evdəki mənbələrə əsaslanaraq, planın təsdiqlənmədiyini, amma gündəmdən çıxarılmadığını da xəbər verir.

Planın məqsədi Suriyada Bashar Assad rejimiylə mübarizə aparan və ABŞ-ın dəstəyinə arxalanan qüvvələrə daha güclü silahlar göndərmək, bununla da Assad rejiminə təzyiq göstərmək idi. Ancaq rəsmilər Rusiyanın müdaxiləsi olduğu halda, planın hətta genişləndirilmiş versiyasının işə yaramayacağını deyiblər. Deyəsən, Obama Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) bu planının taleyini gələcək prezidentin öhdəsinə buraxmaq istəyir. «The Washington Post» belə yazır.

«RUSLAR TƏŞƏBBÜSÜ ƏLƏ ALIBLAR»

Belə olarsa, Obama-nın davamçısı çox müxtəlif variantlarla üz-üzə qalacaq. Çünki qiyamçıların əlavə silahla təmin olunmasına qarşı çıxanlar bu planın durumu bir az da gərginləşdirəcəyini, Suriyada əməliyyatların nəticələrinə xüsusi təsir etməyəcəyini deyirlər.

SU-34

SU-34

Amma fəaliyyətsizliyin də öz dərsləri var. Hələb şəhəri çökə, CIA-nın arxa durduğu on minlərlə döyüşçü daha etibarlı müttəfiq axtarışına çıxa və ABŞ Assad-la vuruşanlara təhlükəli silah verməkdən indiyədək çəkinən region ölkələri üzərində nüfuzunu itirə bilər.

Obama administrasiyasının bəzi üzvləri ümid edirlər ki, Hələb məğlub olsa belə, qiyamçılar rejimə qarşı yeni cəbhələr yarada, Rusiyanı daha geniş əməliyyatlar zərurətiylə üz-üzə qoya bilərlər.

Diplomatik səylər nəticə verməzsə, əl atılacaq «B planı» kimi tanınan versiyanın tərəfdarları hələ də var. CIA-nın direktoru John Brennan və müdafiə naziri Ashton B.Carter də belələrindəndir. Amma dövlət katibi John Kerry və bəzi başqa diplomatlar əlavə silahın rus əsgərlərini də öldürəcəyindən və bunun Moskvayla qarşıdurmanı gücləndirəcəyindən narahatdırlar.

«Ruslar təşəbbüsü ələ keçiriblər. Siz Assad-la müharibə edirmiş və Rusiyayla vuruşmurmuş kimi davrana bilməzsiniz». «The Washington Post»un yazdığına görə, müzakirələrə qatılan rəsmilərdən biri belə deyib.

Hələbdə dağıntılar

Hələbdə dağıntılar

TÜRKİYƏ MƏYUSDUR

Hazırda Ağ ev və CIA məsələni şərh etmir. Obama-nın tərzindən agah olan rəsmilərdən biri «The Washington Post»a müsahibəsində prezidentin gücdən istifadəyə qarşı olduğunu aydın ifadə etdiyini, amma məsələnin müzakirə masasında qaldığını bildirib.

Prezidentliyə namizədlərdən nə demokrat Hillary Clinton, nə də onun rəqibi – respublikaçı Donald Trump CIA-nın Suriyada əməliyyat planı barədə bir şey deməyiblər.

Obama-nın əməliyyatla meyl etməməsi CIA-nın xaricdəki müttəfiqlərini, o cümlədən Suriyayla geniş sərhədlərə malik Türkiyəni məyus edib.

Türk rəsmilərindən birinin qəzetə verdiyi bilgiyə görə, onlar ABŞ-ın niyyətindən çaş-baş qalıblar. Ona görə də Suriyadakı qiyamçıların ağır silahla təmin olunmasıyla bağlı özləri ölçü götürmək niyyətindədirlər.

«Onlar dayaq duracaqlarına söz vermişdilər, amma indi heç nə baş vermədiyini görürük… Biz öz versiyalarımıza baxmağa hazırlaşırıq. Çünki Hələb məğlub olarsa, Assad qalib gələr», - türk rəsmisi belə deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG