Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:11

Neft şirkətləri Şimali Dakotadakı Bakken şist yatağında, az qala, İran və İraq kimi neft nəhənglərinin çıxardığı qiymətə neft çıxara bilirlər.

Cəmi bir neçə il öncə Birləşmiş Ştatlarda şist yataqlarından neft çıxarmaq gəlirli sayılmırdı. Ancaq indi, qiymətlərin kəskin endiyi, bu səbəbdən OPEC üzvlərinin hasilatı azaltmaq istədiyi dönəmdə şist yataqlarından daha çox neft çıxarıla bilər. Bu isə OPEC-in qiymətləri qaldırmaq fürsətinə ciddi ziyan vura bilər. Ötən gün OPEC ölkələrinin neft nazirləri bazarda son iki ilin toxluğuna son qoymaqdan ötrü hasilatın azaldılmasını müzakirə etməyə Vyanada toplaşmışdılar.

TEXNOLOGİYA YÜKSƏLİR, QİYMƏTLƏR DÜŞÜR

Texasdan Şimali Dakotaya qədər şist yataqlarında hasilat qiymətləri 2014-cü ildən bu yana təqribən yarıbayarı azalıb. Başqa sözlə, 59.03 dollardan 29.44 dollara enib. «Wood MacKenzie» konsaltinq şirkəti bildirir ki, texnologiyaların inkişafı ilə qiymətlər daha da düşəcək.

İki il davam edən «qiymət müharibəsi» nəinki ABŞ şist sənayesini məhv etmədi, əksinə, onu indiki aşağı qiymətlər şəraitində belə daha güclü rəqibə çevirdi.

ABŞ-ın Mineral Ehtiyatlar Departamentindən Lynn Helms-in sözlərinə görə, Şimali Dakotanın Dann dairəsində təqribən 5200 kvadrat kilometrlik ərazidə Bakken şist yatağından çıxarılan neftin bir barrelinin maya dəyəri 15 dollardır və bu dəyər düşməkdədir.

HASİLAT UCUZLAŞIR

Dann dairəsində hasil edilən neftin maya dəyəri İrandakı ilə eyni, İraq neftindən isə azca bahadır. Dannda sutkada təqribən 200 min barrel neft hasil edilir. Bu, bütün ştatda çıxarılan neftin təqribən 1/5-idir.

Dann Şimali Dakotanın ən ucuz neft çıxan ərazisi sayılsa da, inkişaf etməkdə olan texnologiya və qazma texnikası sayəsində ştatın qalan yataqlarında da hasilat qiymətləri enməkdədir.

Perm neft hövzəsi

Perm neft hövzəsi

Ancaq dənizə çıxışı olmayan Bakken hasilatçılarının gəlir götürməsindən ötrü dünya bazarında qiymətlərin qalxmasına ehtiyac var. Belə ki, onlar xam nefti bazara çıxarmağa ABŞ-ın digər regionlarındakı istehsalçılardan daha çox pul xərcləməli olurlar.

45 DOLLAR DA BƏSDİR

«Ness» neft kəşfiyyat şirkəti bildirib ki, dünyada neftin barrelinin 45 dollar olması Bakken istehsalçılarının gəlir götürməsinə yetər. Qiymətlərin 55 dollara çatması isə hasilatı artırardı.

Ötən gün Vyanada toplaşan OPEC nazirlərini əndişələndirən əsas məsələlərdən biri də hasilatın azaldılacağı halda, ABŞ istehsalçılarının buna cavabında hasilatı artırması ehtimalı idi.

Dallasda yerləşən «Hodges Capital Management» şirkətinin birja təhlilçisi Mike Breard-ın sözlərinə görə, bu, təkcə Bakken fenomeni deyil: «Hər kəs daha sürətlə quyu qazır və daha uğurla rəqabət aparır».

M.Breard diqqəti Texasdakı Perm hövzəsinə yönəldərək bildirir ki, gələn il bu ərazidəki yataqlar böyük qazanc gətirəcək.

BÖYÜK SƏRMAYƏLƏR

Neft şirkətləri artıq indidən bu şist yataqlarından çıxacaq neftə böyük sərmayələr yatırırlar. «Tesoro Corp» şirkəti bu yaxınlarda Texasda yataqları olan «Western Refining Inc» şirkətini 4 milyard dollara satın alıb.

«Castleton Commodities International LLC» şirkəti isə Şərqi Texasda paylarını artırmaq məqsədilə «Anadarko Petroleum Corp» şirkətinin səhmlərinə 1 milyard dollar sərmayə qoyub.

«Occidental Petroleum Corp»un baş direktoru Vicki Hollub bu yaxınlarda bildirib ki, Perm hövzəsində quyuların məhsuldarlığının yüksək, qazma və tamamlama işlərininsə aşağı olması onun şirkətinə çox sərfəlidir.

«Sadə dillə desək, biz daha az quyu ilə daha çox məhsul hasil edə bilirik», - deyə o, təhlilçilərə bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG