Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:11

ABŞ şirkətləri müsəlmanlara şərait yaradır


Nyu-Yorkda "Bu gün mən də müsəlmanam" yürüşü - 2011
Nyu-Yorkda "Bu gün mən də müsəlmanam" yürüşü - 2011

Terror hücumları çoxalır. İslam dini tənqid atəşinə tutulur. Respublikaçı namizəd Donald Trump müsəlman mühacirlərin ölkəyə girişini qadağan etmək istəyir. Belə bir vaxtda ABŞ-da daha çox şirkət müsəlmanların iş yerində özlərini təhlükəsiz hiss etmələrinə yönəlik tədbirləri artırır: hər şirkətdə namaz otaqları yaradılır, İslam barədə qrup müzakirələri təşkil olunur, alkoqolsuz ofis partiləri keçirilir. Menecerlər istedadlı işçiləri şirkətdə saxlamaq, qarşıdurma və məhkəmə çəkişmələrini önləmək istəyirlər.

BİRCƏ ADDIMIN FƏRQİ

Məşğulluq sahəsində ixtisaslaşmış hüquqşünas Michelle Phillips deyir ki, bu niyyətlə atılan tək addım da böyük fərq yaradır: «Dini inancına görə başqaları tərəfindən xoş qarşılandığını hiss edən işçi öz işinə gərəkən dəyəri verir. İşəgötürənlər bu məsələlərə ciddi yanaşmağa başlamasalar və heç kimin təhqirə məruz qalmaması üçün tədbirlər görməsələr, daha çox şikayətlə üzləşəcəyik».

Bütövlükdə ABŞ əhalisinin cəmi 1 faizi müsəlman olsa da, ötən il Bərabər İş İmkanları Komissiyasına (EEOC) dini inancla bağlı şikayətlərin 40 faizə qədəri onlardan gəlib. Agentlik bununla bağlı ard-arda müzakirələr aparıb. İşdə donuz əti və alkoqoldan boyun qaçırdığına görə müsəlmanların qovulub-qovulmadığı müzakirəyə çıxarılıb. Bir çox hallarda məhkəmə qərar verib ki, heç kəs buna görə işdən qovula bilməz.

Amerika məscidləri Ramazana belə hazırlaşır

Amerika məscidləri Ramazana belə hazırlaşır
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

SAQQAL QIRXMAYAN POLİSİ…

EEOC-yə şikayətlər arasında «AutoZone Inc.» və «UPS Inc» poçt şirkəti ilə bağlı müraciətlər də var. İşçilər onlara «terrorçu», «Bin Laden» kimi adlar qoyulduğunu, məscidə gedə bilməkdən ötrü iş cədvəllərini dəyişdirməklə bağlı müraciətlərinin rədd edildiyini deyirlər. Ötən ay Nyu York polis departamenti bir polis zabitini dini inancına görə saxladığı şəxsin saqqalını qırxmadığına görə işdən uzaqlaşdırmışdı. O, məhkəməyə üz tutandan sonra, müvəqqəti də olsa, işinə qaytarılıb.

Ötən ilin dekabrında İŞİD-in San-Bernardinodakı terror hücumundan sonra EEOC öz internet saytına belə bir səhifə əlavə edib: «Müsəlman, yaxud Yaxın Şərqli olan ... fərdlərin məşğulluğu ilə bağlı vəzifələr».

Vətəndaş Hüquqları Aktının 7-ci bəndinə görə, məşğulluqla bağlı qərar verilərkən, dini inancın nəzərə alınması qadağandır.

GEYİM KODEKSİ

Bir çox iş yerləri liberal dress-kod tətbiq etdiklərindən («dress code» – ingiliscədən çevirəndə «geyim kodeksi» anlamına gəlir. İş yerlərinə, bəzi tədbirlərə, təhsil ocaqlarına gedərkən, tətbiq edilə bilər – red.), xarici görkəmlə bağlı məsələlər problemə çevrilmir. «PricewaterhouseCoopers»də çalışan Umar Latif kufi kimi tanınan baş örtüyü ilə işə gedir və deyir ki, bu, onun «müsəlman kimliyini» göstərir.

«JP Morgan Chase&Co.» şirkəti içərisində namaz və dua otağı olmayan kiçik ofislərin işçilərinin məscid və digər ibadət yerlərinə gedə bilmələri üçün nəqliyyat vasitəsi təşkil edir. Nyu Yorkda yerləşən bir memarlıq şirkətinin keçirdiyi korporativ şənlikdə spirtli içki verilməyib ki, yeni işə başlamış müsəlman işçi özünü narahat hiss eləməsin. «At Accenture Plc» şirkətində isə korporativ təqvim elə tərtib olunur ki, müsəlmanlara və ya digər dinlərə aidbayram günlərinə tədbir salınmasın.

Gözü bağlı müsəlman parisliləri qucaqlayır

Gözü bağlı müsəlman parisliləri qucaqlayır
Gözlə

No media source currently available

0:00 0:00:49 0:00

GET-GEDƏ DAHA ÇOX ŞİRKƏT...

Tanenbaum Dinlərarası Anlaşma Mərkəzindən Joyce Dubensky deyir ki, get-gedə daha çox şirkət dinlə bağlı məsələləri çözməyə çalışır. Son 3 ildə Tanenbaum mərkəzinin tərəfdaş şirkətlərinin sayı 24-ə çatıb. Onların arasında «Wal-Mart Stores Inc», «Walt Disney Co.» və«Merck&Co» kimi iri şirkətlər var.

41 il «Horion» şirkətində işləmiş auditor Hadiyah Muhammad müdirlərin ondan dini inancını açıqlaması barədə xahişini çox yaxşı qarşıladığını deyir.

«DiversityWealth» konsaltinq şirkətindən Terry Howard deyir ki, ABŞ-ın ən böyük qeyri-xristian dini icmalarından olan müsəlmanlara iş yerlərindəki münasibət qarşıdakı illərdə çox önəm daşıyacaq: «Müsəlmanlar da hamı kimi özlərinə sayqı umurlar».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG