Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:36

ABŞ seçkiləri Rusiya televiziyalarının gözüylə


D.Kiselyov
D.Kiselyov

Rusiyanın dövlət nəzarətində olan telekanallarının ABŞ seçkilərini aşırı diqqətlə izləməsi istehza doğurub. «The New York Times» qəzetinin yazdığına görə, rus mediası seçkini elə işıqlandırır ki, ekranlara baxan səsvermənin Rusiyada keçirildiyini zənn edə bilər. Rusiyanın «Rossiya-24» kanalı seçki prosesini hətta canlı yayımlayıb.

Kremlin nəzarətindəki xəbər mediasının ABŞ seçkilərinə cəmi iki ay əvvəl baş tutmuş yerli seçkilərdən daha çox diqqət ayırdığını çoxları deyir.

KISELYOV DA DEMOKRATİYADAN DANIŞIB

Müxalifətdən olan siyasətçi Dmitry Gudkov Facebook-da belə yazıb: «Səhv düşünürümsə, düzəldin, amma Rusiyada heç bir seçki belə işıqlandırılmamışdı». D.Gudkov Dumaya seçilə bilməməsinin səbəbini həm də müxalifətçilərin televiziya ilə təbliğatına yol verilməməsiylə izah edənlərdəndir.

Başqa bir şərhçi Lidia Sergeeva Facebook-da zarafat edərək yazıb: «Televiziyalar ABŞ seçkilərindən elə danışırlar ki, indi, yəqin, Rusiyadakı seçicilər də Trump-a səs verməkdən ötrü seçki məntəqəsi axtarmağa başlayacaqlar».

Yeri gəlmişkən, rusların çoxu Trump haqda daha yumşaq danışır, Clinton-u «qoca düşmən» hesab edirlər. Amma Rusiya mətbuatı, ümumiyyətlə, həm namizədlərin, həm də seçki prosesinin ən pis tərəflərini göstərməyə üstünlük verib.

«Hər şey o qədər iyrənc və üfunətlidir ki, Birləşmiş Ştatların «demokratiya» adlandırdığı şey adamda yalnız ikrah doğurur». Həftəlik xəbər buraxılışının aparıcısıDmitry Kiselyov efirdə belə deyib. Onun ABŞ seçkilərinə həsr olunmuş proqramı düz yarım saat çəkib.

H.Clinton və D.Trump
H.Clinton və D.Trump

RUS DİPLOMATLARIN İNCİDİLDİYİNİ DEYİRLƏR

Moskva küçələrindən keçənlərin ABŞ prezidentliyinə namizədlər haqda fikirləri öyrənilib. Məsələn, Olga Zakharova adlı bir xanım televiziyaya müsahibəsində Trump-ın var-dövlətinin çox olduğunu, amma ciddi siyasi təcrübəsinin çatmadığını deyib. 33 yaşlı menecer Zakharova Clinton-dan yaxşı heç nə gözləmədiyini, onun siyasi sistemin əlində girov olduğunu söyləyib: «Kim qalib gəlir-gəlsin, bunun Rusiyaya təsiri olmayacaq».

Rusiya prezidenti Vladimir Putin isə seçkidən öncəki çıxışında ölkəsinin seçki prosesindəki rolunun Rusiyanın qüdrətinin artmasından xəbər verdiyini bildirib. Putin Rusiyanın seçki sənədlərinə müdaxiləsiylə bağlı deyilənləri yenə yalanlayıb və bir fikri dəfələrlə vurğulayıb ki, amerikalı seçicilər də, mətbuat da haker hücumlarının arxasında dayananlara deyil, hücumlar nəticəsində ortaya çıxan sənədlərə diqqət etməlidirlər.

Noyabrın 8-də Rusiya ABŞ seçkilərini izləmək istəyən rus diplomatlarının incidildiyini, onların seçkini müşahidə etməsinə icazə verilmədiyini bildirib.

Rusiyanın Xarici İşlər Nazirliyi bundan sonra amerikalı diplomatların da Rusiya seçki məntəqələrində xoş qarşılanmayacağını elan edib.

«MƏNİ DAHA ÇOX RUSİYANIN SİYASƏTİ MARAQLANDIRIR»

Mətbuatın isti yanaşmasına baxmayaraq, «The New York Times» Moskvada bəzilərinin Ağ Ev uğrunda mübarizə aparan namizədlərin adını hətta o dəqiqə xatırlamadıqlarını qeyd edir. Məsələn, Daniil Protasov adlı bir tələbə müxbirin sualına cavab verərkən, «Hə, dünən radioda bir qadının seçilmək istədiyini eşitdim. Adı nə idi…Clinton? Mən Trump-ı tanıyıram, yəni onun miqrantlara və homoseksuallara qarşı olduğunu, Clinton-un isə Rusiyaya nifrət etdiyini bilirəm».

55 yaşlı menecer Yelena Arakcheeva isə nə Trump-a, nə də Clinton-a rəğbəti olmadığını söyləyib: «Məni daha çox Rusiyanın siyasəti maraqlandırır. Amma mətbuatımıza ABŞ seçkiləri, deyəsən, daha maraqlıdır».

Bir çox müşahidəçilər ABŞ-da seçkiqabağı kampaniyaya xarakterik tərzin Kremldən ötrü bəhanəyə çevrilməsindən, Rusiyanın Qərb demokratiyasını xaos kimi göstərmək fürsəti qazanmasından gileylənir.

XS
SM
MD
LG