Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:24

İki amerikalı diplomatı Rusiyada zəhərləməyə çalışıblar


Moskvada ABŞ səfirliyinin binası
Moskvada ABŞ səfirliyinin binası

ABŞ-ın diplomatik pasport daşıyan iki rəsmisini ötən il Rusiyada bir konfrans zamanı zəhərləməyə çalışıblar. Onlardan biri xəstəxanaya yerləşdirilibmiş. Rəsmilər bunu Rusiyanın ABŞ diplomatlarına qarşı daha geniş, artan qısnama kampaniyasının bir hissəsi olduğunu deyirlər.

Hadisə ötən ilin noyabrında Sankt-Peterburqda BMT-nin antikorrupsiya konfransı çərçivəsində bir otelin barında baş verib. Bu, ABŞ Dövlət Departamentinin narahatlığına səbəb olub, qurum Moskvaya sakitcə etirazını da bildirib. Məlumatı AzadlıqRadiosuna hadisəylə bağlı birbaşa bilgili bir ABŞ hökumət yetkinlisi verib.

Amma Vaşinqton rəsmiləri noyabr hadisəsinə bu ilin iyununda baş vermiş dramatik insidentdən sonra yenidən baxıb, bunun müəyyən bir kampaniyanın tərkib hissəsi olması qənaətinə gəliblər. Belə ki, iyunda Moskvadakı ABŞ səfirliyi qarşısında bir amerikalı diplomat mühafizəçi tərəfindən döyülüb.

TRANKVİLİZATOR

Dövlət Departamenti bildirir ki, son iki ildə Rusiyada amerikalı diplomatlara qarşı təqib kampaniyası gedir.

İnsidentdən xəbərdar bir keçmiş hökumət rəsmisinin sözlərinə görə, zəhərlənmiş diplomatlar noyabrın 2-dən 6-dək Sankt-Peterburqda BMT-nin Korrupsiyaya qarşı Konvensiyasına üzv dövlətlərin konfransına qatılıblarmış. ABŞ, Avropa Birliyi və müttəfiqləri Rusiyaya sanksiyalar qoyandan bəri ilk dəfəydi ki, ABŞ hökumət təmsilçiləri Rusiyada rəsmi tədbirə gedirdilər. Xatırladaq ki, həmin sanksiyalar Rusiyanın 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaqından sonra qoyulmuşdu.

AzadlıqRadiosu bu tədbirdə iştirak etmiş bir sıra QHT təmsilçiləriylə əlaqə saxlayıb, heç biri həmin zəhərlənmə insidentindən xəbərdar olmayıb.

ABŞ hökumət rəsmisinin AzadlıqRadiosuna bildirdiyinə görə, amerikalı təhqiqatçılar iki amerikalını trankvilizatorla («zorlama narkotiki» adlanan maddə) zəhərləməyə çalışıblar. Biri qadın, digəri kişi olan diplomatların başına bu əhvalat qaldıqları otelin barında gəlib.

Moskvada amerikalı diplomatın FTX tərəfindən saxlanması. 2013
Moskvada amerikalı diplomatın FTX tərəfindən saxlanması. 2013

ELEKTRİK QƏFİL KƏSİLİB

Onlardan birinin durumu ağırlaşıb və şəhərdəki Qərb klinikalarından birinə gətirilib. Amma elektrik qəfil kəsilib və həkimlər gərəkən analizləri əldə edə bilməyiblər, - radioya danışan rəsmi belə deyir. Amerikalı tibbi müalicədən ötrü ölkədən çıxarılsa da, analizlərin toplanması artıq gecikib.

Konfransa qatılanlar yüksəkçinli rəsmilər olmayıb deyə, Dövlət Departamenti insidentə sakit yanaşıb. Rəsmi etiraz notası verilib, amma Rusiya hakimiyyəti həmin şəxsin zəhərlənməsinə dair sübut istəyib. Amerikalıların əlində isə dəlil olmayıb. Təhqiqatçılar ABŞ rəsmilərinin qaldığı oteldə işləyən personalın iş qrafikini istəyəndə isə, menecerlər deyiblər ki, həmin müddətlə bağlı cədvəl yoxdur, bu isə şübhələri artırıb.

ABŞ rəsmisinin sözlərincə, Rusiya tərəfi təhqiqatçılara belə bir yekun cavab verib ki, dəlil yoxdursa, əlimizdən heç nə gəlmir.

AzadlıqRadiosu Rusiya səfirliyindən hər hansı şərh ala bilməyib.

ZƏHƏRLƏNMƏ QEYRİ-ADİ HAL SAYILMIR, AMMA...

Rusiya barlarında əcnəbilərin zəhərlənməsi insidentləri qeyri-adi hal sayılmır, çox vaxt da bunu qarətlə bağlayırlar. Dövlət Departamentinin Rusiyada barlarda içməyin təhlükəsi barədə xəbərdarlığı da var. Amma ABŞ rəsmilərinin içkisinə həmin maddə ayrı-ayrılıqda qatılıb və qarət cəhdinin heç bir əlaməti ortaya çıxmayıb.

AzadlıqRadiosunun əməkdaşı Mike Eckel yazır ki, ABŞ diplomatları və jurnalistlər hələ onillər öncədən Rusiya və sovet kəşfiyyat xidmətlərinin təqibinə məruz qalıblar. ABŞ rəsmiləri müxtəlif insidentlərdən söz açıblar – Moskva və başqa yerlərdəki mülklərinə giriblər, ev əşyalarının yerlərini dəyişiblər, qaz plitəsini işlək vəziyyətdə qoyub, yaxud siqareti yandırıb gediblər. Amma son illər, Moskvanın Ukraynanın müdaxiləsindən sonra ABŞ-Rusiya münasibətləri pisləşəndən qısnama halları da çoxalıb.

Rus mühafizəçi ABŞ səfirliyinə daxil olan amerikalıya hücum çəkir.
Rus mühafizəçi ABŞ səfirliyinə daxil olan amerikalıya hücum çəkir.

2012-ci ildən 2014-cü ilin fevralınadək ABŞ-ın Rusiyada səfiri olmuş Michael McFaul dəfələrlə qapalı görüşlərindən sonra dövlət televiziya kameralarına tuş gəlib, həm də bu barədə öncədən heç bir bildiriş verilməyib. Vaşinqton təhlükəsizlik məsələləriylə bağlı Moskvaya gileylənməli olub. McFaul deyirdi ki, ola bilsin, onun kommunikasiyaları izlənir və jurnalistlərə ötürülür.

PROBLEM ŞİDDƏTLƏNİB

Dövlət Departamenti zəhərlənmə insidenti barədə deyir ki, 2014-cü ildən problem şiddətlənib. «Son iki ildə əməkdaşlarımıza münasibətdən narahatıq», - Departamentin adının çəkilməsini istəməyən rəsmisi AzadlıqRadiosuna deyib. «Bu məsələni ən yüksək səviyyələrdə qaldırmışıq, yenə qaldıracağıq», - o, sözlərinə əlavə edib.

İyunda Moskvadakı ABŞ səfirliyinə daxil olan amerikalını rus mühafizəçi döymüşdü. Həmin amerikalı akkreditədən keçmiş diplomat idi və Dövlət Departamenti onun sənədlərini normal qaydada mühafizəçiyə təqdim etdiyini deyirdi. Moskva daha sonra həmin amerikalının diplomatik ad altında Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) işlədiyini iddia etdi. Bu insidentin videosu televiziyalarda yayımlandı. Bundan sonra Moskvayla Vaşinqton qarşı tərəfin iki diplomatını ölkədən çıxardı.

Amma ABŞ rəsmiləri həmin səfirlik insidentindən həftələr öncə Rusiyada diplomatlarının yol polisi tərəfindən dəfələrlə saxlandığını bildirirdi. Moskva da, öz növbəsində, ABŞ-dakı diplomatlarının təzyiqlə üzləşdiyini vurğuladı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG