Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:56

ABŞ rus hakerlərindən heyf çıxmağa hazırlaşır. Ağ Evin mətbuat katibi Josh Earnest deyib ki, hazırda prezident Barack Obama Rusiyaya cavab üçün müxtəlif variantları gözdən keçirir, amma variantlar barədə bilgi verilməyib.

Birləşmiş Ştatlar rus hakerlərinin seçki sənədlərinə müdaxilə etməyə çalışdıqlarını çoxdan deyirdi. «The Wall Street Journal» Federal Tədqiqat Bürosu və ABŞ kəşfiyyat idarələrinin bu istiqamətdə aylarla iş apardığını, Amerika kompüter sistemlərinə müdaxilənin arxasında kimin dayandığını müəyyən etməyə çalışdıqlarını yazır. Rəsmilər rus hakerlərindən şübhələndiklərini bildirsələr də, Ağ Ev birbaşa ittihamlardan qaçırdı. Yalnız keçən həftə Obama administrasiyası haker hücumlarına görə Kremli qınadı.

Rəsmi məlumata görə, rus hakerlər Milli Demokratiya Komitəsi və başqa təşkilatların elektron poçtunu yarıb, minlərlə faylı açıblar. Demokratların prezidentliyə namizədi Hillary Clinton-un təbliğat-təşviqat ofisinin rəhbəri John Podesta-nın keçmiş dövlət katibi Colin Powell ilə şəxsi yazışmaları da son günlər açıqlanan sənədlərin arasındadır.

PROPORSİONAL CAVAB

«Bu oğurluqlar və yazışmaların üstünün açılmasında məqsəd ABŞ-da prezident seçkisinin nəticələrinə təsir etməkdir», - daxili təhlükəsizlik naziri Jeh Johnson və Milli Kəşfiyyat Xidmətinin direktoru James Clapper ötən həftə yaydıqları bəyanatda belə deyiblər. Onlar bu taktikanın Moskvadan ötrü yeni olmadığını, Rusiyanın əvvəllər də Avropa və Avrasiyada ictimai rəyə təsir etmək üçün hakerlərdən yararlandığını bildiriblər.

Ağ Evin mətbuat katibi Josh Earnest Rusiyaya cavab addımlarının nədən ibarət olacağını deməsə də, prezidentin ABŞ-ın öz sistemlərini qorumaq, həmçinin başqa ölkələrin sistemlərinə hücum imkanlarını müzakirə etdiyini, «proporsional cavab» veriləcəyini söyləyib.

ABŞ Rusiyanın kompüter sistemlərinəmi hücum edəcək? Josh Earnest «proporsional cavab» deyəndə, nəyi nəzərdə tutur? Mətbuat bu suala cavab axtarmağa çalışır. «Politico» yazır ki, Şimali Koreyanın «Sony Pictures Entertainment»ə kiber-hücumundan sonra da Obama administrasiyası «proporsional cavab» ifadəsini işlətmiş, bir neçə həftə keçməmiş Şimali Koreyaya əlavə sanksiyalar qoyulmuşdu.

Haker

Haker

AVROPA DA ƏZİYYƏT ÇƏKƏR

Xarici Əlaqələr Şurasının beynəlxalq kiber siyasəti üzrə eksperti Adam Segal «Politico»ya müsahibəsində deyib ki, Rusiyaya heç bir xəbərdarlıqsız müxtəlif sanksiyalar elan etmək olar.

«The Wall Street Journal» ABŞ-ın atacağı bütün cavab addımların arxasında siyasi riskin olduğunu vurğulayır. Qəzet yazır ki, məsələn, əgər Vaşinqton Pxenyan kimi Moskvaya da əlavə sanksiyalar qoyarsa, bundan kiber-hücumda günahı olmayan Avropa ölkələri də əziyyət çəkər.

ABŞ Rusiyanı diplomatik yolla cəzalandırmaq istəyər, Suriya kimi məsələlərin müzakirəsində gərginliyi artırar. Amma bu da Vaşinqtona sərf etmir, çünki ABŞ rəsmiləri Suriya məsələsində Rusiyayla birgə işləməyin zəruriliyini etiraf edirlər.

«RUSİYANI CAVABSIZ QOYMAQ OLMAZ»

Daha bir versiya odur ki, Ədliyyə Departamenti məsələyə cinayət işi kimi baxılmasına imkan versin. Bu halda kiminsə cinayət məsuliyyətinə cəlb olunması sual altında qalır.

«The Wall Street Journal» ABŞ-ın Rusiya seçki sisteminə kiber-hücumu versiyasını da irəli sürür. Eyni zamanda Rusiyanın seçki sisteminin fərqli şəkildə qurulduğunu, hücumun əndazəsinin eyni olmayacağını vurğulayır.

ABŞ-ın təhlükəsizlik ekspertləri və kiber-təhlükəsizlik məsələləri üzrə analitiklər istənilən «proporsional cavab»ın iki ölkə arasındakı münaqişəni dərinləşdirəcəyini deyirlər. Amma Rusiyanı cavabsız qoymaq da olmaz. Cavabsız qoysa, Vaşinqton Kremlin belə davranışlarına gələcəkdə də dözəcəyini bildirmiş olar. «The Wall Street Journal» belə yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG