Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:16

2016-cı maliyyə ilində ABŞ rekord sayda müsəlman qaçqına qapılarını açıb. Bunu «Pew» Tədqiqat Mərkəzi Dövlət Departamentinin Qaçqınları Qəbul Mərkəzinin məlumatlarının təhlilinə əsasən üzə çıxarıb.

Təhlillərin nəticələrinə görə, 2015-ci il oktyabrın 1-dən 2016-cı il sentyabrın 30-dək ölkəyə daxil olmuş 85 minədək qaçqının 38 min 901 nəfəri və ya 46 faizi müsəlmandır.

Ölkəyə daxil olan qaçqınların dini inancları barədə məlumatın toplanmasına 2002-ci ildə başlanılıb. Müsəlman qaçqınların builki sayı 2002-ci ildən bəri qeydə alınmış ən yüksək göstəricidir.

Bu müddət ərzində ABŞ-a daxil olan xristianların sayı da buna yaxındır. 2016-cı maliyyə ili ərzində ölkəyə gələn qaçqınların 37 min 521 nəfəri, yaxud 44 faizi xristiandır.

Buna da bax-Amerikalıların 55 faizi İslama mənfi münasibət bəsləyir

SONUNCU DƏFƏ 2006-CI İLDƏ

Son onillikdə ilk dəfədir ki, müsəlman qaçqınların faizi xristianlardan yüksəkdir. Sonuncu dəfə belə hal 2006-cı ildə qeydə alınıb. «Pew» bildirir ki, həmin il ABŞ-a çox sayda Somali qaçqını gəlib.

Bu il ərzində ölkəyə gələn müsəlman qaçqınların yarısından çoxu Somali (9 min 12 nəfər) və Suriyadandır (12 min 486 nəfər). «Pew»nun təhlilinə görə, müsəlman qaçqınların qalanı İraq (7 min 853), Myanma (3 min 145), Əfqanıstan (2 min 664) və başqa ölkələrdəndir (3 min 741).

Ötən il Obama administrasiyası 10 min Suriya qaçqınını qəbul etməyi qarşısına məqsəd qoymuşdu. Bu il avqustun sonunda bu vəd yerinə yetirildi.

Bəziləri iddia edirlər ki, ABŞ qaçqınları ölkəyə buraxmaqla terrorçulardan ötrü rahat məkana çevrilə bilər.

Buna da bax-Obama niyə 'İslam terrorçuluğu' ifadəsini işlətmir

30 QUBERNATOR QAÇQINLARA QARŞI ÇIXIB

Ötən ilin noyabrında Parisdə baş vermiş terror hücumlarından sonra ABŞ-ın 30 ştatının qubernatorları Suriya qaçqınlarının onların ştatında yerləşməsini əngəlləyəcəklərini bildirmişdilər. Onların bunu etməyə hüquqi səlahiyyətləri olmasa da, bu, ABŞ-ın müsəlmanlara münasibəti ətrafında böyük debatla sonuclandı.

O vaxtdan bəri həmin qubernatorlardan üçü Suriya qaçqınlarını qəbul etməklə bağlı mövqeyini yumşaldıb. Ancaq bu rəqəm daha yüksək ola bilər. Belə ki, qaçqınların yerləşdirilməsinə qarşı çıxan qubernatorların yarısı bununla bağlı sualları cavablandırmayıb.

Texas məhkəməsi Suriya qaçqınlarının ştatın ərazisində məskunlaşmasını yasaqlamağa cəhd göstərsə də, federal məhkəmə bunu əngəlləyib. Digər ştatlar da buna bənzər məhkəmə işlərinə başlayıblar, ancaq hələ istəklərinə nail ola bilməyiblər.

Obama Suriya qaçqınlarının qəbul edilməməsini «utancverici» və «qeyri-amerikan» hərəkət adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG