Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:43

ABŞ prezidentini öldürmək istəyən şəxs anasının yanında yaşayacaq


Ronald Reagan-a sui-qəsd - 1981

Ronald Reagan-a sui-qəsd - 1981

1981-ci il martın 30-da Vaşinqtondakı «Hilton» otelində ABŞ-ın 40-cı prezidenti Ronald Reagan-a sui-qəsdə cəhd göstərən və 3 nəfərə atəş açan John W.Hinckley 35 il saxlandığı ruhi xəstəxanadan azad ediləcək.

BÜTÜN ŞƏRTLƏR YERİNƏ YETİRİLSƏ…

Vaşinqtonda federal hakim Paul L.Friedman-ın qərarına görə, 61 yaşlı Hinckley indən belə nə özünə, nə də başqalarına təhlükə yaradır və Virciniya ştatının Uilyamsburq şəhərində öz anası ilə yaşamaq üçün azad edilir.

Hinckley bütün şərtləri yerinə yetirərsə, 12-18 aydan sonra onun 35 illik məhdudiyyətləri aradan qaldırılacaq.

1990-cı illərədək Hinckley xəstəxanada yalnız yaşayıb, bu illərdənsə xüsusi nəzarət altında ailə üzvlərini ziyarət edə bilib. Onun 90 yaşlı anasının evində baş tutan bu ziyarətlər get-gedə ayda 17 günədək uzadılıb.

Son 10 ildə bu ziyarətlərin sayı 80-ni keçib.

SÖHBƏT BU MƏHDUDİYYƏTLƏRDƏN GEDİR

Hakim qərarına əsasən, Hinckley şərtləri pozsa, yenə St. Elizabeth xəstəxanasına qaytarılacaq.

Bu şərtlərə görə, Hinckley yaşadığı Uilyamsburq şəhərinin 80 metrlik diapazonundan kənara çıxa bilməz. Sosial mediaya çıxışı yasaqlanan Hinckley istifadə etdiyi mobil telefon və avtomobilləri də məhkəməyə bildirməlidir. Hinckley öz kompüterinə hər hansı məlumat yükləyə, yaxud onun brauzer tarixini də silə bilməz.

ABŞ-ın ən tanınmış ruhi xəstələrindən olan Hinckley-in işi prezidentlik tarixi, zorakılıq və məşhurluqla bağlı idi. Televiziyada yayımlanan xəbər proqramları 40-cı prezidentə törədilən sui-qəsd cəhdini qeyri-adi tərzdə bütün amerikalıların evlərinə gətirmişdi.

JOUDI FOSTER-IN DİQQƏTİNİ ÇƏKSİN DEYƏ…

Ronald Reagan-ı, onun mətbuat katibi James Brady-ni, ABŞ xüsusi xidmətlərinin agenti McCarthy-ni və Vaşinqton polisinin əməkdaşı Thomas Delahanty-ni yaraladığı zaman Hinckley-in 25 yaşı vardı. Bu şəxslərin hamısı hücumdan salamat qurtulmuşdu. Di gəl, başından zədələnən Brady həmişəlik iflic qaldı. Ömrü boyu silahlara nəzarətin gücləndirilməsini təbliğ edən Brady 2014-cü ildə dünyasını dəyişdi.

Hinckley Hollivud aktrisası Jodie Foster-in diqqətini çəksin deyə, Reagan-ı vurduğunu demişdi. Aktrisanı da həyatda deyil, dəfələrlə baxdığı «Taksi sürücüsü» filmində görmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG