Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:16

Nardaran hadisələri üzrə təqsirləndirilən Abbas Hüseynovun DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan qardaşları – Hüseynağa, Elçin və Malik Hüseynovlar azad edilib.

Bu barədə AzadlıqRadiosuna A.Hüseynovun yaxınları məlumat verib.

Yaxınları deyir ki, onlara «bandotdel»də işgəncə verilib və səhhətlərində ciddi problemlər yaranıb. Yaxınlarının sözlərinə görə, qardaşları Abbasın hökumətin ünvanına səsləndirdiyi sərt fikirlərə görə bu şəkildə cəzalandırıblar.

Qardaşların azad edildiyini Abbas Hüseynovun vəkili Fariz Namazlı da təsdiqləyib.

Hüseynağa Hüseynov oktyabrın 5-də, Elçin və Malik Hüseynovlar isə oktyabrın 6-da axşam saatlarında saxlanılaraq, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) aparılmışdılar.

A.Hüseynovun 3 qardaşının saxlanması və buraxılması, eləcə də işgəncələrlə bağlı deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Buna da bax-Nardaran işi: ‘Xəzər’ TV-nin rəhbəri məhkəməyə çağrıldı...

Abbas Hüseynov məhkəmədə kəskin mövqeyi ilə seçilir. O, oktyabrın 7-də məhkəmə iclasında da bildirib ki, qardaşları onu susdurmaq məqsədilə həbs olunub.

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçiriblər. Əməliyyat zamanı ikisi polis olmaqla, 6 nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi Hərəkatı»nın sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı, o cümlədən müavini A.Hüseynov həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Onlardan daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi başa çatıb. Bəzilərinə 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası verilib.

Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. Taleh Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir.

Təqsirləndirilən bu ittihamları rədd edirlər, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər. Ancaq məhkəmədə ifadə verən hüquq-mühafizə əməkdaşları işgəncələrlə bağlı şikayətləri təkzib edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG