Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:34

Vaqif İbrahimoğlu. Türk aktyorunu bilməyərəkdən təhqir etdim


Vaqif İbrahimoğlu, 2009
Vaqif İbrahimoğlu, 2009
Vaqif İbrahimoğlu


DƏDƏM QORQUD EŞQİNƏ

Sovet teatr rejissorunun Türkiyə gündəliyi

əvvəli burda

26 dekabr, çərşənbə. 1984-cü il.

Səhər məşqi anlaşılmaz təsir bağışladı. Dözə bilməyib, heç büs-bütün baxmadan, ayrı-ayrı parçaları “təmizləməyə” başladım. Rəzzangilin (Telli) deyişməsini işlərkən, o, üzümə dirəndi və -- “Ben 15 yaşlı çocukmuyum?” – deyib, pilləkanla enib-qalxmaq istəmədi. Mən də prinsipə durub, onu pilləkan nömrəsini 3 dəfə təkrarlamağa məcbur etdim. Mısmırıq sallasa da, tələbimi yerinə yetirdi. Onun mənə kimi xatırlatdığını yadıma sala bilmirəm. “Niyə özünü belə aparrsan?”-- sualımı Rəzzanın yerinə Oğuz cavabladı: “Kocası yok!”..

Fasilədə Alev xanımın (ədəbi hissə müdirinin) yanına gedib, plakat və afişanın maketinə göz atdım və Rəzzanın əvəz edilməsi barədə raport yazdım. Alevlə danışdım. O, bir-iki teatra telefon açıb mənim “Qodo”ya və bir “Dastan”a baxmağımı, folklorçu və etnoqraflarla calaşdırılmağımı razılaşdırdı. Söhbətdən belə başa düşdüm ki, buralarda məhz məni maraqlandıran epos və dastan yönündə teatrın yüksəlişi gözə çarpır.

İkinci məşqdə Türkiyəli rejissorun məni necə yarıtdığını anladım: aktyorlar “ilk okul”

Bu gündəlik ilk dəfə çap olunur. Düz 28 il öncə Vaqif İbrahimoğlu Türkiyəyə--Ankara Opera və Balet Teatrında Üzeyir bəyin “Arşın mal alan” operettasını tamaşaya qoymağa dəvət olunmuşdu. Üç ay Ankarada qalan Vaqif bəy nə yaxşı ki, orada keçirdiyi günləri gündəliyində əbədiləşdirmişdi. Sovetlər dönəmində “Gündəlik” təbii ki, çap oluna bilməzdi. Odur ki, Vaqif bəy 1989-cu ildə əlyazma şəklində cildləyib hazırladığı “kitab”ı dostu Zeynal Məmmədliyə verir və şərt kəsir: “Bu gündəliyi ancaq mən öləndən sonra Azərbaycan türkcəsinə çevirib çap edərsən...”

Əziz oxucu! 28 il öncə Ankarada bəlli səbəblərdən rusca yazılan gündəliyi AzadlıqRadiosu “İz” proqramının prodüseri Zeynal Məmmədli dilimizə çevrib. “Gündəliy”in növbəti hissəsi qarşınızdadır. Bu “İz”i qaçırmayın.

– ibtidai məktəb şagirdləri kimi mətni əzbərdən söyləyir və mən -- “kötü” --(pis) deyincə, təəccüblənirlər. Hərəkətin məntiqi, arxa planı və s. “ali riyaziyyat” məqamları bir yana qalsın, heç ünsiyyət qurmağı, danışmağı, dinləməyi də bacarmırlar (Kərimandan başqa!!!). Deyəsən, hirslənirəm, axı... Gərək səbrimi toplayam...

Axşama 3-cü pərdəni qurtardım. Rəzzana baxmasam da, düşündüyüm səhnə mizanlarını gerçəkləşdirdim. Sabah Cümhur gəlməyəcək (məhkəmədə olacaq...), xoru, bir də Kərimanlı hissələri işə qatacağam. Məşqdən sonra yeni Tellini – Gizəmi (Gizem) saxlayaraq, Büləndlə birgə mətni oxutdum. Yarlı-yaraşıqlı və Rəzzandan 28,5 dəfə yaxşı qızdır. Sabah onun boş günüdür, amma birigündən məşqlərə qoşaram.

Getməyə hazırlaşırdım ki, Savaş məni saxladı və... işini göstərdi. “Super! Çok iyi!” – dedim. Sonra Oğuz qəmiş oldu – “Bohema”ya bak! – dedi. Ac və yorğun olsam da, qaldım və yaxın oturub (nə qədər desən tamaşaçı vardı!) əsnəməyə köklənirdim ki, 5-cə dəqiqədən sonra bütün opera bəyənməzliyim uçub getdi.

Birinci pərdənin dekorasiyası 20-ci illəri xatırladır, ifaları da köhnəsayaqdır. Di gəl... bacardıqlarını əsirgəmirlər. Miminin partiyalarını Kəriman oxuyurdu – uyğunlaşmanın, səmimiliyin və opera qəliblərini doğrultmağın yüksək səviyyəsində. Birinci pərdənin ortalarında düşündüm və öz-özümə söylədim ki, “Bu operanın yaşamaq haqqı var!”.

Getmək üçün qalxanda yenə qəmiş oldular ki, “2-ci pərdəyə baxmasan, peşman olarsan!”.. Doğrudan da baxmağa dəyərdi. Rejissor işi əla idi: kütlə, xor, mimans aramsız çalışır və izdihama çevrilərək, ardından ayrı-ayrı janrlarda səhnəciklərə parçalanırdı. Tamaşaya opera teatrı nəzdindəki uşaq xorunun üzvləri də qatılmışdı. Həm peşəkara yaraşan şəkildə oxuyurdular, həm də, ən başlıcası, şən və sərbəst oynayırdılar. Demək, quruluş bölümü bizdəkindən çox yaxşı qurub işini. Keyfiyyətli və möhkəm ikimərtəbəli dekorasiya, bir anbar rekvizit... Necə deməyəsən ki, “Opera çox yaxşı şeydir!”..

Xor istənilən yerdə, istənilən durumda oxuyur: becid tərpənib dirijoru tuturlar, solistlərlə mimans arasında var-gəl edərək sanki oyuna qatılmağa bəhanə arayırlar. Ara-sıra uşaqların , açıq-aydın, maestroya dikilən baxışlarını da yalnız bilici gözləri sezə bilər. Səsləniş çox əla, xor çox böyük olsa da, nə yekəqarın “xalalar”, nə də “qarımış” sifətlər gözə dəyir.

Fasilədə öyrəndim ki, tamaşalar bir-iki il gedir və keçənilki tamaşa artıq “eski”, yəni köhnəlmiş sayılır. Bu tamaşalar 2-3 ildən sonra yenidən qaytarılsa da, artıq tam yeni redaktə və tərkibdə səhnəyə qoyulur.

...Axıracan qalmadım – getdim. Hərçənd, maraqlı olardı... Oteldə dincəlməyimə imkan vermədilər – türk qonşumla uzun-uzun, üstəlik, bezə-bezə böyük siyasətdən danışdıq; mən bizim, o özlərinin mövqeyindən söz açsaq da, “Qonşuyuq və xeyirxah qonşuluq münasibətləri saxlamalıyıq” fikrində ortaq məxrəcə gəldik.
İndicə radioda bildirdilər ki, rəsmi nümayəndə heyəti üzvlərindən biri (yüksək qonağı gətirən təyyarəçi) bu gün Ankarada dünyasını dəyişib...

... Yemək məsələsini qaydaya salmaq lazımdır, yoxsa... qarnım öz təbii borclarını ödəməkdən boyun qaçıracaq. Tamam.


27 dekabr, cümə axşamı. 1984-cü il

Bu gün çox yorulmuşam, yazmağa gücüm yoxdur. “Türk Dans Toplusu”nun konsertindən gəlmişəm. Elə dərindən təsirləndim ki, yatmağa gedirəm. Sabah bu boşluğu, o ki var, dolduraram. Tamam.

“Boşluğu dolduraram” demək asanmış. Dünən o qədər üzgün qayıtmışdım ki, ancaq
Zeynal Məmmədli
Zeynal Məmmədli
autotreninqə və meditasiyanı başlamağa gücüm çatdı... Həmən dərin yuxuya getdim və oyanarkən əynimdəki pal-paltara baxıb mat qaldım: “Görəsən, indi gecədir, yoxsa gündüz?”. Portyeyə zəng edib, səhər saat 7.30 olduğunu öyrəndim. Demək, oyanıb-eləmədən düz 13 türk saatı yatmışam. Əvəzində bu gün dip-diri, şən və həyat doluyam.

... Dekabrın 27-də 12 qızdan oluşan xoru da məşqlərə qatdım. Yaraşıqlı, etnik cizgiləri fərqli bu qızlara tanışların və yaxın adamların adlarını verdim. Nisbətən yaşlısını da “Yuza teyze” – deyə çağırmağa başladım. Xorla bir saat məşğul oldum. Çalışdıq, deyib-güldük və beləcə, qaralama variantı dəqiqləşdirdik. Sonra 3-cü səhnəni sınaqdan keçirdim – monoton, darıxdırıcı və ölgün təsir bağışladı. Təxminən 40 dəqiqə aktyorlarla mırt vurdum. Halə (Asya) üzümə qayıtdı ki, axı, biz onsuz da var gücümüzü əsirgəmirik... axı, heç vaxt dramatik rollar oynamamışıq və s. və i.a. Hamının gözü önündə barmağımı Kərimana tuşlayınca, səsini “xırp” kəsdi.
Fasilədə sexləri dolaşdım: baş məşqədək işləri bitirmələri çox real görünür. Bizdəkindən çox tez davranırlar.

İkinci məşq foyedə oldu: Beynim bir az kütləşdiyindən 4-cü hissəni başlatmadım. Ayrı-ayrı parçaları təmizlədim. Hər şey axarında getdi. Məşqdən sonra İzzət (Vəli) və Gizəmi (Telli) də götürüb, Əhədlə birgə Gizəmin rolunun musiqili yerlərini gözdən keçirdik. “Deyilənləri ağızdan qapır” demək olar. Onun ifasında muğam da yetərincə qulağa xoş gəlir. Ümumiyyətlə, türk qızlarının bir az yumşaq danışığı onların nitqini sözlə deyilməyəcək qədər dadlandırır.

Məşqin gedişində İzzətə bir neçə dəfə “oğlan” deyərək onu bilməyərəkdən təhqir etdim. Sən demə, Anadolu türkcəsində “oğlan” bizlərin “gədə” sözünə uyğun gəlir. Təbii ki, üzrxahlığımı bildirdim. Belə “məzəli təhqir”lər tez-tez baş verir. Türklər danışdılar ki, rəhmətlik maestro Niyazi bir dəfə “prova”ya gecikir. Sonra məlum olur ki, o, opera teatrına çatanda sürücüyə -- “Saxla, düşürəm!” – deyib. Sürücü bu sözləri “Tut, yıxılıram!” mənasında anlayıb. Gerçək anlaşılancayadək maşın teatrdan 2 məhəllə uzaqlaşıb və beləcə, maestro Niyazi məşqə gecikib...

Məşqdən sonra Əhədlə birgə paytaxtın Ankaraya köçürülməsi şərəfinə Atatürkün tikdirdiyi muzeyə getdik. Həmin gün bu olayın 65-ci ildönümüydü. Muzeyin səhnəsində Kültür və Turizm Bakanlığı nəzdindəki “Devlet Halk Dansları Topluluğu”nun (yəni Mədəniyyət və Turizm Nazirliyi nəzdində Dövlət Xalq Rəqsləri Qrupu və ya Ansamblının) konsertlərinə də baxmaq olur. Səhnənin yenidən qurulması başa çatdırılmadığı üçün konsert zalı hələ isidilmirdi. Elə bu üzdən paltonu çıxarmadan əyləşdik. Ümumiyyətlə orada üst paltarında oturmağa, ya da tamaşa zamanı onu əlində saxlamağa pis baxmırlar və bir çox qadın manto və kürklərini əynindən çıxarmır.

Xalq çalğı Alətləri Orkestri çıxandan sonra konsert başlandı. Rəqslər o qədər damartutan və çılğın idi ki, yorğunluğumu unutdum. Yadımda qalan rəqs
Vaqif İbrahimoğlunun Zeynal Məmmədliyə məktubu
Vaqif İbrahimoğlunun Zeynal Məmmədliyə məktubu
üsullarından biri – ritmi qırıb, ona tərs gələn şəkildə oynamaq idi. Çox vaxt əllər sərbəst qalır. Rəqslərdən biri (“Anadolu rəqsi”) tək bir alətin -- qopuza bənzər simli alətin müşayiətində oynandı. Amma-ancaq-lakin bu “qopuz” kaman yayı ilə çalınırdı. Son dərəcə duyğulandırıcı və arxetipik təsir bağışlayır. Lap birinci – adət və kəndli əməyinə aid rəqs, az qala, büsbütün yaddaşıma hopub. Həmin rəqs kəndlinin işindən tutmuş uşağının doğulmasınadək bütün həyatını göz önündə çanlandırırdı... Bir sözlə, Anadolu türkləri demiş – “Harika”ydı!..

Konsert 2 bölümdən oluşmuşdu və bəzi rəqslər oxumalarla (kişi və qadın səsləri ilə) izlənirdi. Hər rəqsin özəl və etnoqrafiya baxımından dəqiq geyimləri vardı. Hər şey parlaq və parlaq olduğu qədər də gözyormayan rəngdə idi!.. Şalvarlar ilgi çəkirdi: sanki ayaq hissələrini birləşdirən yerdən daha bir belbağı sallanırdı...
Tamaşaçılar rəqslərə yetərincə sakit baxırdılar, ancaq 2 yerdə hamılıqca coşub-daşdıq: Kars əyalətinin döyüşən kişilər rəqsi oynanır, silahlar cingildəyirdi və... rəqqaslar düz 2 dəfə ağılalmaz sürətlə fırlandılar! Birinci dəfə kəllə-kəlləyə dayayıb kiçik dövrə vurdular... İkinci dəfə 15 rəqqasın 15-i də üzü tamaşaçılara fırlandılar!..
Fasilədə ansamblın şefi Mustafa bəylə söhbətləşdim (Yeri gəlmişkən, bu Mustafa bəy indi bütün dünyada məşhur “Anadolu atəşi”nin rəhbəridir—Z.M.). Öyrəndim ki, çox az maaş alırlar və rəqqasları öz həvəs və coşquları yaşadır. Bütün dünyanı dolaşıblar. SSRİ-də də olublar: Moskvanı, Daşkəndi, Tiflisi görüblər. Söylədiklərinə görə, Bakı onlara qapılarını açmaq istəməyib... Mustafa bəyin beyninə bir fikir saldım: rəqslə gerçəkləşdirilən icmal-tamaşa fikrini. O qədər maraqlandı ki, məni otelə maşınla gətirdi!..

**

Dünən az qala yatıb qalmışdım. Operaya güc-bəlayla vaxtında çatdım. Birinci məşq səhnədə oynanırdı. Halə xəstələndiyi üçün gəlməmişdi. Təbii ki, onun əri -- Cahid də yox idi. Ayrı-ayrı parçaları məşq elətdirdim, oğurlanma səhnəsini qurdum. Vaxt raket sürətiylə ötdü. Fasilədə yemək yedik, tamaşanın proqramı üçün foto çəkdirdik və 2-ci “prova”nı büsbütün rəqslərə ayırdıq. Rəqsləri onların xoreoqrafı Tufan adlı birinə də göstərdik. Onunla tezcə dil tapdım. Tufan bəy hər şeyi normal qavrayan bir adam təsiri bağışladı. Bütün bunlardan sonra Izzətlə Gizəmi saxlayıb, onların parçalarını məşq etdirdim. Əhəd simfonik konsertə çağırdı ki, bəs orada əlahəzrət səfir də olacaq, amma heyim qalmamışdı. Gəlib, artıq söylədiyim kimi -- ölü kimi düşdüm.

Bu gün, vur-tut, 2 saat məşq etdirdim, çünki saat 3-də tamaşaları vardı (“Aida”). Məşqdən sonra yenə İzzəti (İnsan da belə küt olarmış? Nə özünü idarə edir, nə də yaddaşı var), bir də Gizəmi saxladım. Düz saat 2-dək onlarla çalışdım.
Sabah bazar günüdür, işləmirik.

(ardı var)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG