Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:12
Səhiyyə Nazirliyi bəyan edib ki, Salyan və Tərtərdəki «quş qripi» ocaqlarında aparılan araşdırmalar virusun xəstələrə çöl quşları ilə təmasdan keçdiyini göstərib
«Quş qripi»nə yoluxması ehtimal edilən daha bir xəstə, Netfçalanın Xolqarabucaq kənd sakini, hamilə qadın Qənirə Əsgərova Bakıdakı Elmi Tədqiqat və Ağ Ciyər Xəstəlikləri İnstitutuna yerləşdirilib. Neftçala Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov bildirir ki, xanım Əsgərova Salyanın Dayıkənd kəndində sözügedən virusdan dünyasını dəyişmiş Şahmar və Nabat Əsgərovların bacısıdır: «O, Neftçalaya gəlin köçüb. Yüksək temperaturu olduğundan və ata evində iki nəfər dünyasını dəyişdiyindən hər ehtimala qarşı Bakıya göndərdik».

Cənab Zahidov əlavə edir ki, hazırda Qənirə Əsgərovanın Neftçaladakı ailəsi müayinə edilir və onlarda xəstəliyin əlamətləri müşahidə olunmayıb. Bundan başqa, Xolqarabucaq kəndində ev quşlarının ölümünə də rast gəlinməyib.


Bu arada Səhiyyə Nazirliyi bəyan edib ki, Salyan və Tərtərdəki «quş qripi» ocaqlarında aparılan araşdırmalar virusun xəstələrə çöl quşları ilə təmasdan keçdiyini göstərib. Faktların araşdırılması ilə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət olunub. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Səmayə Məmmədova deyir ki, ocaqlarda profilaktik və əks-epidemik tədbirlər həyata keçirilir və artıq onlar lokallaşdırılıb.


«Quş qripi»nə yoluxduğu təsdiqlənən Salyan rayonunun iki sakini - 10 yaşlı Bəxtiyar Əsgərov isə, sağalaraq evə buraxılıb. Onun bacısı 15 yaşlı Ülkər Əsgərova isə Bakı Şəhər 2 Saylı Klinik Xəstəxanada müalicəsini davam etidirir.



Xanım Əsgərova Salyanın Dayıkənd kəndində sözügedən virusdan dünyasını dəyişmiş Şahmar və Nabat Əsgərovların bacısıdır

«Quş qripi» ilə Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görəsə, London laboratoriyasına göndərilmiş 11 nəfərin qan nümunələrinin müayinəsi 7 nəfərin sözügedən virusa yoluxduğunu aşkarlayıb. Onlardan artıq beş nəfəri – Salyandan dörd, Tərtərdən isə bir nəfər dünyasını dəyişib. İki nəfər isə müalicə olunur.


Ümumdünya Səhiyyə Təşkilatının məlumatında müalicə alanlardan birinin sağalmaq üzrə olduğu, digərinin vəziyyətinin ağır olaraq qaldığı bildirilir.


Komissiyanın məlumatında o da deyilir ki, mart ayında Ağdam rayonu Bənövşəli kəndində bir ev quşunda H5N1 virusu aşkarlanıb. Hazırda laborator müayinələr davam etdirilməklə yanaşı, həmin ərazidə sanitar-karantin tədbirləri tətbiq olunur.


Azərbaycanda «quş qripi» xəstəliyi bu ilin fevralında müəyyən olunub. İnsanlarda virusun olmasını isə martın 21-də Ümumdünya Səhiyyə Təşkilatı elan etdi. Son üç ildə «quş qripi»ndən Azərbaycan daxil olmaqla 46 ölkədə 103 nəfər dünyasını dəyişib.


Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG