Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:44
Ötən həftə Dünya Azərbaycanlılarının ikinci qurultayında əslən İrandan olan azərbaycanlılar Azərbaycandan vahid, amma 19-cu əsrin əvvəllərində ikiyə bölünmüş bir ölkə kimi danışmışdılar. Ertəsi gün İran səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyinə nota göndərərək qurultayda səslənən fikirlərin bu ölkənin əleyhinə yönəldiyini və Bakının onun daxili işinə qarışması kimi qiymətləndirdiyini bəyan etmişdi. Martın 18-də isə səfirlik daha bir bəyanatla çıxış etdi.

Azərbaycan rəsmilərinin davranışı Tehranla Bakı arasında yaşanan gərginliyin yaxın bir neçə gündə səngiyəcəyini göstərir. Çünki Dünya Azərbaycanlılarının ikinci qurultayında səslənən fikirlərə İranın sərt reaksiya verməsinə və dalbadal iki bəyanatla çıxış etməsinə baxmayaraq rəsmi Bakı çox ehtiyatla davranmağa çalışır. İran Azərbaycanın Xarici İşlər Nazirliyinə martın 17-də nota göndərsə də, qurum münasibətini bir gün yubatdı.

Martın 18-də nazirliyin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəhbəri Tahir Tağızadə qurultayda səslənən fikirlərin Azərbaycanın rəsmi mövqeyi olmadığını, ayrı-ayrı adamların şəxsi düşüncələri olduğunu söylədi.


Martın 20-də «Azadlıq» radiosuna açıqlamasında isə Prezident Aparatının Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov bu məsələnin dərinliyinə getməyə, mətbuatın ona dönə-dönə qayıtmaqla qızışdırmasına ehtiyac olmadığın söylədi. Ən önəmlisi, cənab Məmmədov əmindir ki, Dünya Azərbaycanlılarının qurultayında səslənən fikirlərə görə, İranın verdiyi bəyanatlar Tehranla Bakının münasibətlərini gərginləşdirə bilməz.


Keçmiş dövlət müşaviri Vəfa Quluzadə də Tehranla Bakı arasında yaşanmış bu hadisənin növbəti günlərdə unudulacağını düşünür. Onun sözlərinə görə, əslində, İranı da başa düşmək olar, söhbət bu ölkə üçün həssas mövzudan gedir. Amma cənab Quluzadə əlavə edir ki, İranın narahatlığına da əsas görmür. Öz əraziləri işğal altında olan Azərbaycanın İranın ərazilərinə iddia etmək imkanları yoxdur.


«Qafqaz» Araşdırmalar Mərkəzinin rəhbəri Xaləddin İbrahimli isə, deyir ki, İranla Azərbaycanı mehriban düşmən kimi xarakterizə etmək olar. Üzdə iki ölkə normal münasibətlər qurmaq istəsə də, gərginlik heç vaxt səngimir. İran tərəfdən bu gərginlik həmişə hiss olunur. Xüsusən də Ermənistanı himayə etməsində, Xəzərin dibinin bölüşdürülməsində, sərhəd bölgələrdə ideoloji təbliğat aparmaqda və s. Ekspert xatırladır ki, Bakı ilə Tehran arasında ən böyük qalmaqal bir neçə il öncə İran təyyarələri Azərbaycanın sərhəddini pozanda baş vermişdi.


Amma həm keçmiş dövlət müşaviri Vəfa Quluzadə, həm də Xaləddin İbrahimli son günlər İranın Azərbaycana aqressiv münasibətini başqa məqamla bağlayırlar. Vəfa Quluzadəyə görə, son zamanlar nüvə stansiyası məsələsinə görə ABŞ-ın və Qərbin basqısı altında qalan Tehranın əsəbləri tab gətirmir. Cənab Quluzadənin qənaətini bölüşən Xaləddin İbrahimli isə, bunu həm də qabaqlayıcı tədbir kimi qiymətləndirir.


Bir sözlə, ekspertlər, başı daha böyük problemə qarışan və Qərbin təzyiqi altında olan Tehranın bu qalmaqalı böyütməyəcəyini düşünürlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG