Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 08:43

Ekspertlər Kaydanaunun həssas dövrdə gəldiyini düşünürlər


ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Tina Kaydanau Bakıdadır.

İLHAM ƏLİYEV TİNA KAYDANAUNU QƏBUL EDİB

AzərTAC bildirir ki, aprelin 25-də gerçəkləşən görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Bundan başqa regional məsələlər də müzakirə edilib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da ABŞ-ın dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Tina Kaydanaunu qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin AzadlıqRadiosuna verdiyi məlumata görə, xanım T. Kaydanau ABŞ-ın Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini, ölkəsinin Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.

ABŞ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN TEZ BİR ZAMANDA HƏLL OLUNMASINI İSTƏYİR

O bildirib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həll olunmasını istəyir və bu istiqamətdə öz töhfəsini verməyə hazırdır. Tina Kaydanau əlavə edib ki, ölkəsinin münaqişənin nizamlanmasında müsbət irəliləyişin əldə olunmasına tərəfdardırlar.

Elmar Məmmədyarov
Öz növbəsində, E.Məmmədyarov Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesi çərçivəsində aprelin 22-də Moskvada Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirildiyini qeyd edib. Nazir mövcud “status-kvo”nun saxlanılmasını yolverilməz kimi qiymətləndirib.

Görüşdə, həmçinin, birgə maraq kəsb edən digər müxtəlif ikitərəfli, regional və qlobal mövzular ətrafında da fikir mübadiləsinin aparıldığı bildirilir.

Bu, Tina Kaydanaunun Azərbaycana ikinci səfəri barədə rəsmi məlumatlardır.

Bəs Amerikanın nüfuzlu dövlət məmurunun ölkəyə ikinci gəlişini nə şərtləndirir? İki ölkə arasında münasibətlər yüksələn xətlə irəliləyir və ya əksinə, enişə doğru istiqamət alıb? Ekspert şərhinə keçməzdən öncə Tina Kaydanaunun daha bir görüşünə toxunaq. O, aprelin 25-də həm də vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb. Be barədə Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov məlumat verir. O mətbuata qapalı olan görüş barədə yalnız bunları dedi:

SON HƏBSLƏR KAYDANAUNUN NƏZƏRİNƏ ÇATDIRILIB


- Bu görüşdə daha çox müzakirə olunan məsələ demokratik islahatlarla bağlı vəziyyət, insan haqlarının və vətəndaş cəmiyyətinin durumu idi.

Eldar Namazov
Eldar Namazov deyir ki, onlar son həbslərlə, xüsusilə gənc fəal Bəxtiyar Hacıyevin Gəncədə həbs edilməsi ilə bağlı məsələləri də amerikalı məmurun diqqətinə çatdırıblar.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə deyir ki, Tina Kaydanaunun son iki səfəri arasındakı vəziyyət təhlil olunsa, münasibətlərin heç də ürəkaçan olmadığını görmək olar:

- Bu cür yüksək təyinatlı səfərlər münasibətləri irəli aparmaqdansa, biz görürük ki, bir-iki xırda məsələni çıxmaq şərti ilə fundamental problemlər öz həllini tapmayıb.

Elxan Şahinoğlunun fikrincə, fundamental azadlıqlar sahəsində hələ də Azərbaycan öyünə bilmir və bu üzdən də ABŞ kimi tərəfdaşının tam dəstəyini almir. Buna misal kimi, ekspert prezident İlham Əliyevin Obama adminstrasiyası tərəfindən hələ də rəsmi dəvət almadığını göstərir.

HƏSSAS DÖVR

- Amerikalı rəsminin Azərbaycana səfəri çox həssas məqama təsadüf edir. Bir tərəfdən ərəb inqilabları, bir tərəfdən də Azrəbaycanda müxalifətin canlanması, hakimiyyətin müxalifətlə dialoqdan qaçması, müzakirə olunmalı məsələlər çoxdur.

Tina Kaydanau Azərbaycana sonuncu dəfə 2010-cu il sentyabrın 8-də, parlament seçkilərindən əvvəl gəlmişdi.
XS
SM
MD
LG