Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:44

Samir Sarı "Qeyrətlilər" (Yumoreska)


- Salam, ceyranım.

- Salam.

- Necəsən, mənim mələyim?

- Sağ ol, həyatım, yaxşıyam. Sən necəsən,?

- Mən də yaxşıyam. Ərin necədir?

“Ceyran” bu suala da müsbət cavab verdi və sevimli ərinin əvəzindən telefon qulaqdaşına təşəkkür elədi və onun arvad-uşağını vəziyyətini xəbər aldı.

Sonra söhbət ötən günlərdən düşdü və bir neçə dəqiqə lirik lad üstündə davam elədi:

“Mən sənsiz hər zaman xəyallarınla yaşadım, inan”;

“Səninəm, bil ki, hər gün, hər zaman sənin, illər ötüb keçsə də, bil ki, səninəm”,

”Ötüb keçən o illərin heç bilmədin sən qədrini”,

“Bir sözünlə dönərəm, inan, o sevginə yenidən”,

”Sən bil ki, mənəm səni yenə ömrü boyu arzularımda yaşadan, sevən”,

“Səninlə bir dəfə görüşə bilsəm, səninlə dil tapıb barışa bilsəm… ” və sair və ilaxır.

Təmiz lirika və romantika.

Pıçııldaşma arada hətta erotik xarakter də aldı, amma sədaqətli qadın söhbətin bu məcrada getməsinə dözməyib təklif verdi: - Belə istəmirəm, həyatım, vaxt eləyib görüşək.

Necə lazımdır, söhbətləşək.
Razılaşdılar. Lap axırda “həyatı” “ceyran”ına müjdə verdi: - Sabah sənin ad günündür, elə bilmə yadımdan çıxıb.

Bu münasibətlə səni təbrik edirəm. Hədiyyəm var sənə. İstədim bu dəfə də ərindən qabağa düşüm. Bir dəqiqədən sonra hüzurunda olacaq, qapını aç, götür.

“Öpürəm, opürəm, sağ ol, sağ ol, poka, poka” deyib sağollaşdılar.

Hədiyyəni görəndə xanım çox məmnun qaldı. Belə bahalı hədiyyələri çox gördüyündən qiymətini dərhal təyin etdi: “Azı 20 min dollar pul sayıb. Necə diqqətli və səxavətlidir həyatım”.

Bir azdan onun nikahadaxil “həyatı” da gələcəkdi. O da təbii ki, öz “halal ceyran”ını hədiyyəsiz qoymayacaqdı.

Bu üçqütblü macəranın maraqlı tarixçəsi vardı. Bir il əvvəl “ceyran” subay idi və nikahdankənar “həyatı”nın məşuqəsi idi. Artıq neçə il idi onlar bir yerdəydilər, hətta bir-birindən bezmiş kimiydilər.

Amma iş elə gətirdi ki, pullu dövlət şirkətinə prezidentlik edən kişinin madar və ərköyün oğlu onu məşuqunun yanında görüb xoşlandı və Məcnun kimi iki ayağını bir başmağa dirədi ki, onu almalıyam. “A bala, o, evli kişinin məşuqəsidir, gəl sənə qız başlı qız alaq” –dedilər.

Xeyri olmadı. “O, yalnız o.” Prezident ata oğlunun eşq fərağına dözmədiyini görüb iş adamının yanına özü elçi getdi və onu razı saldı ki, öz məşuqəsini onun oğluna arvadlığa versin.

Köhnə dövr olmadığından müasir insanlar bir-birini başa düşdülər və artıq gözəl məşuqəsindən doymuş biznesmen “başqa gözəllər çoxdur, o isə mənim üçün keçilmiş mərhələdir ” deyə fikirləşərək “ceyran”ın özünün ağzını aradı. Məlum oldu ki, məşuqə xanım artıq elə bir imkanlı ailəyə gəlin, o cür yaraşıqlı oğlana arvad olmaq fikrinə etiraz eləmir.

Sövdə baş tutdu. Möhtəşəm toy çalındı. Köhnə sevgililər ayrıldı. Yeni sevgililər qovuşdu.

Bir müddətdən sonra romantik biznesmen gördü ki, elə bil, həyatında nəsə çatışmır. O, kimin çatışmadığını dərhal bildi.

Keçmiş məşuqə, hazırda isə sədaqətli arvad olan xanım da bəzi-para çatışmazlıqlar hiss etməkdəydi ki, yuxarıdakı zəng və hədiiyyə gəldi.
Artıq növbə qeyrətli ərindir.

O, gəldi, gözəl zövcəsi ilə görüşüb-öpüşüb, ordan-burdan danışdı. Nəhayət, onun sayıq gözləri termonun üstündəki bahalı hədiyyəni gördü.

Xanım onu gizlətmək istəməmişdi – axı bir-birini sevən ər-arvadın arasında gizli heç nə olmamalıdır. Qeyrətli ər hədiyyəni götürüb baxdı və qiymətini dərhal təyin elədi: “Uzağı, 20 min dollaradır”.

İçində qısqanclıq duyğuları baş qaldırdı. O, bu hədiyyənin müəllifini yaxşı tanıyırdı. Üzünü xanıma tutub qətiyyətlə, ancaq təmkinlə soruşdu: - O yaramaz göndəribmi?

Xanım susdu. Bu, razılıq əlaməti olan susmaqlardan idi. Ər qəzəbli-qəzəbli düşündü: “O göndərib. Əclaf. Mən sənə göstərərəm”. Əsəbi şəkildə pencəyini götürüb qapıdan çıxdı.

Vəziyyətin bu şəkil alması xanımı pəjmürdə etdi. Ərinin özünə, ona və biznesmenə xətər yetirə biləcəyindən qorxdu. O, “həyat”larının heç birini itirmək istəmirdi.

Qarmaqırışıq fikirlər onun sentimental qəlbini sıxır, gözəl əndamını qıvrıldırdı.

Ağlına cürbəcür duyğusal fikirlər gəlirdi. Bu sayaq neçə dəqiqə keçdi, gənc qadın bilmədi, bir də onu eşitdi ki, qapının zəngi çalınır. Durub açdı.

Gələn əriydi. Yarali deyildi. Üzündə hətta məmnunluq ifadəsi vardı. Xanım əvvəlcə qorxdu: “Bəlkə onu artıq öldürüb?”. Ola bilərdi. Çünki ərinin əlində bükülü bir qutu vardı.

Qısqanc ər əlindəkini ona uzadıb dedi: “Aç, bax”. Xanım qutudan sevgilisinin başını və yaxud başqa bir əzasının çıxacağı qorxusu ilə qutunu açdı və qışqırdı: “Oyy”.

Qutudakı kəsilmiş baş və ya başqa bir bədən üzvü deyildi, adi hədiyyə idi. Gənc və gözəl qadın “adi hədiyyə”nin qiymətini dərhal təyin etdi: “Azı 25 min dollarlıqdır”. Soruşdu: - 25?

Qısqanc ər təmkinlə, bir qədər də saymazyana: - 25 ,- dedi, artıq boynuna sarılmış arvadını sinəsinə sıxaraq ürəyində belə fikirləşdi: “Get, alçaq, adamı belə qoyarlar kazyol gününə”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG