Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:04

M.Köhnəqala: "AYB-nin sədri yox, tipi dəyişməlidir!"


Murad Köhnəqala
Murad Köhnəqala
"Bu saat azad fikirli bir gənci Azərbaycan Yazıçılar Birliyinə rəhbər qoysalar, yenə də orada xoş ab-havanın yaranması mümkün deyil.

Çünki AYB-nin bir təşkilat kimi strukturu, tipi dəyişməlidir.

AYB rəsmən bir dövlət təşkilatı deyil. Sadəcə olaraq qeyri-rəsmi ədəbiyyat nazirliyidir.

Və belə olan halda AYB-yə il ərzində tendersiz bu qədər pulun ayrılması cinayətdir".

Bu fikirləri Azadlıq Radiosunun "Pen klub" proqramında şair Murad Köhnəqala bildirib.

Verilişin mövzusu "Yazıçılar birliklərinin başına gənclər gəlsə, nə dəyişəcək?" olub.

Qarşıdan gələn qurultayda AYB-nin rəhbərliyi dəyişməlidirmi?


Murad Köhnəqala:

"Bax o yeni tikilən binaların mənə nə dəxli var? Əgər deyildiyi kimi ölkədə sürətli inkişaf varsa, o inkişaf mənə niyə gəlib çatmır?"
Və Azad Yazarlar Ocağını yaradanlar onu gənclərə verib getməlidirlərmi?

Proqrama tənqidçi Cavanşir Yusifli də telefonla qatılıb.

Murad Köhnəqala:

- AYB sovet dövrünün - o köləlik dövrünün formasını indiyədək özündə saxladığı üçün bu gündədir.

Nə vaxtsa AYB tarixin arxıvınə gedəcək. Və biz bir muzey kimi ziyarət edib onu ədəbiyyatın cəza maşını kimi xatırlayacağıq.

M.Köhnəqala dövlətdən pay ummayan, azad yazarların bir çoxunun acınacaqlı vəziyyətdə yaşadığını dilə gətirib.

- 50 yaşı keçmişəm. Evim də yoxdur. Bax o yeni tikilən binaların mənə nə dəxli var?

Əgər deyildiyi kimi ölkədə sürətli inkişaf varsa, o inkişaf mənə niyə gəlib çatmır?

Axı məni Azərbaycanda tanıyırlar, ortada olan bir adamam, bu mənə də dəyməlidi də. Mən tikilən binalara, çəkilən yollara nifrətlə baxıram...

M.Köhnəqala AYB-yə müxalif olan Azad Yazarlar Ocağında da islahata ehtiyac görür.

- AYO –nun adını mən qoymuşam. O yarananda da fikrim belə idi ki, orada gənclər olsun. Özü də məncə ocağın sədri olmamalıdır. Olsa-olsa ocağın ocaqçısı olar də.

Mən çox istərdim ki, AYO-da gənc yazarlar çox olsun. İstərdim ki, orada Rafiq Tağı yaşda yazıçı olmasın.

Cavanşir Yusifli
Necə ki mən AYO-dan çıxmışam, onlar da çıxsın. Bilmirəm niyə çıxmırlar. Amma heç demirəm də çıxsınlar. Bu, sadəcə mənim fikrimdir.

Düşünürəm ki, bişmiş yazıçıların nəfəsi cavanların başının üzərində olmamalıdır. Mən bunu arzulayıram.

Cavanşir Yusifli:

- Cəmiyyətin, idarəetmənin, rejimin tipi dəyişməzsə, münasibət dəyişməzsə, AYB-nin növbəti qurultayında seçiləcək gənclər 2 dəqiqədən sonra qocala bilərlər.

Çünki insanın cavanlığı, qocalığı onun necə düşünməsi ilə ölçülür.

AYB-də 18 yaşından 30 yaşadək cavanların yazılarını oxuyanda görürsən ki, aralarında zəifləri, otababları ilə yanaşı doğrudan çox yaxşıları da var.
Amma idarəetmə, tendensiyalara yol verilməsi və sair məsələlər ideologiyasız mümkün deyil.

Bunun da özülündə o durmalıdır ki, insanların bu cəmiyyətdən, bu qurumdan saf su içmələrini necə təşkil etmək lazımdır.

Əsas məsələ də əlində qələm olan insanların maddi durumunun necə yaxşılaşdırılmasıdır.

Halbuki doğrudan da bu tikilən binaların, çəkilən yolların, bu gözqamaşdırıcı sürətlə müqayisədə insanların nə qədər böyük səfalət icərisində olduğunu hamı bilir.

Gözümüzün qarşısındə hər gün zibillikləri eşələyən insanların arasında qələmini cibində gizlədən yazıçılar da olmamış deyil.

Məncə yaşlı yazarlarrın AYO üzvü kimi qalmaları elə bir problem deyil. Əsas odur ki. üzvlər arasındakı münasibətlər düz qurulsun.

Atmosfer yaxşı olandan sonra yaşlı, yaxud cavan olmasının bir əhəmiyyəti yoxdur. Hesab edirəm ki, AYO-nun yaradılması niyyəti düzgün qoyulub.

Və bəlkə də başqa alternativ qurumlar da olmalıdır ki, yeganə təşkilatın varlığı məsələsi unudulsun.

Yazıçılar Birliyinin sədri, yazıçı ANAR
Amma heyf ki, AYO hələ də rəsmi qeydiyyata alınmayıb. Halbuki, qeydiyyata alınsa, digər qurumların da yaranmasına təkan verərdi.

Murad Köhnəqala:

- Biz AYO-nu yaradandan sonra Anar, Elçin və digər nüfuz sahiblərini tənqid etdik.

AYO-nun qeydiyyata alınmaması da nizamnamədə nəyinsə düz yazılmamasına görə yox, buna görədir. Azərbaycanda bax bu reallıqlar var.

Köşə yazıları həmişə yazaram. Amma çox arzulayardım ki, indiki kimi onun qonorarından asılı olmayım.

Köşəni hərdənbir yazım və qalan enerjimi əsas yaradıcılığıma həsr edim.

Axı mən robot deyiləm ki, şeir, nəsr yazmaqla yanaşı, gündəlik publisistika ilə də məşğul olum.

Cavanşir Yusifli:

- Bu cəmiyyətdə sevdiyin işlə məşğul olmaq da bir az qorxuludur.

Çünki, bəzən bizdən asılı olmayaraq gərginlik hərdən elə həddə çatır ki, insan sevdiyi şeyə nifrət də edə bilər.

Axı insanın işləməsinin, çalışmasının da bir həddi olmalıdır. Hərdən öz-özünə düşünürsən ki, ailə, uşaqlar var, bunları dolandırmaq lazımdır.

Və özünə söz verirsən ki, yıxılanadək işləyəcəksən. Amma kənardan baxanda deyirsən ki, bu manyaklıqdır, insan bu qədər işləməz.

Murad Köhnəqala:

- Sonunda da təqaüdümüz yoxdur. Bu qədər işləməkdən sonra bizim təqaüdümüz olmayacaq. Yıxılıb ölsək necə olacaq?...

PROQRAMA TAM ŞƏKİLDƏ BURDA QULAQ AS
Prodüsser Maarif Çingizoğlu

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG