Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:20

FEYZİYYƏ. Yeni şeirlər


mesaj

Onlar,
yuxularında evlərinin pəncərəsini daşlayar
qonşularına bağırıb
“pərdələri çək deyər...”

Sən onlara baxma,
bu gün tutulmasıdı, hələ çox çəkəcək,
Bircə mən döyəcləyəcəm hər kəsin yerinə
mis qazanları,
Dəmir qapaqları

Heç kim bilmir,
bu günəş hələ çox gizlənəcək hamıdan
Axı, o, bircə çəkili pərdələrdən incik,
Axı, o, təkcə bağlı pəncərələrdən küskün...

Mən inanmaram, inanmaram dualara
-bircə, qaçmağı bilərlər onun dərgahına,
bunun qulluğuna...
Onlar dadını bilməz
bağlı-bağlı pəncərələrdən küsməyin,
örtülü-örtülü pərdələri çəkə bilməməyin...

bəs başına-başına döyməzsənmi
birisi desə, ay bala,
onu bunu nahaq qaxınc etdin o qızın başına,
sən onlara baxma,
onların nələri yox idi, nələri-
yuxuları,
duaları,
anaları...
onunsa bircə iyirmi doqquz yaşı var idi,
iyirmi doqquz yaşı...


Qaçış

Qaçmaq lazımdır
Bax bu binanın damından
O binaya
Bircə zaman yağmasa,
Bircə qorxutmasa məni bu qaçış,
Bu qurtuluş..

O binanın zirzəmisi, rütubətli, qaranlıq,
O zirzəmiyə girilməz
Zirzəminin qapısı yox.
Divarları qıfıl şəkilli
Divarları nəmli soyuq,
Bircə çata bilsəm, bircə qorxmasam
O rütubətdən, o soyuqdan,
Məni ayaqyalın qaçırdan o səhərin acığına
Ayaqyalın qaçacağam
Bu binanın damından
O divarların yanına...

Beşə qədər sayınca gözlərinizi yumun,
Kimsə arxamca boylanmasın,
Kimsə çağırmasın
yoxsa gecikə bilərəm,
yoxsa bir gilas dənəsi çürüyər,
yoxsa bir sünbülqıran üşüyər
orada, o binanın zirzəmisində
qifil şəkilli divarların içində

yolumu kəsməyin,
qolumdan tutmayın,
yıxılmaram qorxmayın-
Bir, iki, üç...


***


O beli at çiynindən,
Torpağı belə qazarlar, amma
Itəni belə axtarmazlar,
Gedən belə qayıtmaz...

Bəlkə bir əsər çəkəsən?!
Bilmirsən? öyrənərsən!-
böyük, lap böyük
əvvəl bir çay çəkərsən,
axar olsa da olar, olmasa da
sonra bir cam çəkərsən,
hardasa oralarda -
dolu olsa da olar, boş olsa da.
Yaxınlıqda tut ağacı olsun,
Amma qara tut,
Üstündə barı olsa da, olar olmasa da
Amma altında adamlar çəkmə,
əllərində bel görsək neylərik,
onlara necə deyərik:
torpaği belə qazarlar, amma
itəni belə axtarmazlar,
gedən belə qayıtmaz...

Daha vaxtdır, qalx yola düş
Indi sənə bircə işarə lazımdır
Al, bu da yağış...


***


- deyirlər, gecələr piano səslənir otağından
- mən piano çalmağı sevirəm,
- bilirəm, amma sənin pianon yox...
- ola bilər.
- səni tez tez görürlər?
- harada?
- Orada, uzaqlarda...
- Nə olsun?
- Axı sən eləcə buradasan, həmişə...
Burada... yaxında...
- bəlkə də
- bəs niyə hər yerə yazırsan
Betta, betta, betta...
Bilmirəm...
- mən isə bilirəm...
- nəyi?
- çox şeyi...
məsələn, sevmirsən yüksəkliyi...
amma hər gecə çıxırsan binaların damına
ocaq qalamağa
- neçəsini- birini, ikisini?
- heç görmədim, deyirlər...
- Bəs səncə,
çoxmu şey istəyər balınclar gecənin qaranlığından?
sürmə izlərinə toxunmağı tək,
nəmini saxlasaydı balıncların,
qurutmasaydi qaranlıqlar,
sabahlar da bir baxsaydı,
bir görsəydi
nə olacaqdı ki...
kimsə bilməz,
sizildayan, nəmli barmaqların yazdığı mesajlar
ünvanına gülüş işarəsi ilə çatar...
Sən də tutmusan ki, deyirlər... deyirlər....
Neynək, deyirlər, deyirlər də...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG