Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:10

Sevgiyə məhkum olana


Mətanət Vahidova


Sən məhkumsan... xatirələrlə qolboyun yaşamağa, hər gün səni öləsiyə boğub, boğub yerə çırpsalar da, onlarla dost olmağa.

Məhkumsan ürəyini yandıran acıları üzündə təbəssümlə qarşılamağa – acı həbləri içərkən gözləri yaşarsa da, gülümsünən qürurlu uşaqlar kimi.

Saralıb-solmuş köhnə rəsmləri gizli-gizli öpməyə məhkumsan, göz yaşını tez-tələsik silməyə...

Olduğun kimi görünməyə haqqın yoxdur, göründüyün kimi ola bilməyə məhkumsan.

Keçmişlə gələcək arasındakı zənciri qırılmağa qoymayan ən güclü bəndin ağırlığını ürəyinin tən ortasında daşımağa, ümid dolu şirin xəyalları qovub yerinə ümidsizlik bəsləməyə məhkumsan.

Yuxunda görməli olmadığını görməməkçün gecələri yuxusuz keçirməyə, hər yerdə onu arayan nəzərlərin möhtacı olduğu gözlərlə qarşılaşarsa, günaha batmamaq üçün hər yana səpələnmiş baxışlarını yollardan yığmağa məcbursan.

Sevgi nəğmələrindən qaçmağa məhkumsan, yoxsa alıb götürər səni şirin anıların qoynuna, özləm yapışar ətəklərindən, dartıb ala bilməzsən canını əlindən.

Allah kəlamı oxumağa, Onun ən çox sevdiklərini ən ağır imtahanla sınağa çəkdiyinə inanmağa məhkumsan.

Qisməti, qədəri tanımazkən ən çox onlara inanc gətirməyə, ən böyük arzun Onunla birgə ola bilməkkən Ona başqasıyla ömür boyunca sürən səadət diləyə biləcək qədər mələk təbiətli olmağa məcbursan.

Sən məhkumsan ümid dolu gecələri qətl edən sabahların qanlı dişlərindən irpənsən də, həyat arkadaşının üzünə xoşbəxt-xoşbəxt gülümsəməyə, beynini işə-gücə verib düşüncələrinə lay-lay çalmağa, ürəyinin sancısını havanın əlverişsiz olduğuna calamağa.

Xoşbəxt ailə serialının baş rolunu məharətlə oynamağa, yad qoxulu bədəndə ovunmağa, saçının hər telindən asılı qalan özgə oxşamalarına dözə bildikcə dözməyə məhkumsan.

Sevmədiyinə sevgiylə baxa bilmək üçün baxışlarını yalana, “sevmirəm” deyə hayqırmamaq üçün dilini susmağa alışdırmağa məcbursan.

Unuda biləcəyinə, hətta artıq unutduğuna, sevgilərin mənasız olduğuna başqalarını inandırıb, yalanına özün də inanmağa məcbursan...

Daş bağla ürəyinə, ürəyinə daş bağla, məhkum adam. Yoxsa... yoxsa sən həsrətdən ölməyə məhkumsan...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG