Keçid linkləri

Təcili xəbərlər

Gizli kameralardan qurtulmağın yolları


«QADINLAR SƏMTƏ BOYLANMAYIN»

Ərəstun Oruclu
bloquna gizli kameralardan qorunmağın yolları haqda təlimat yerləşdirib. Bloqqer yazır ki, həyatımızın tərkib hissəsinə çevrilmiş gizli kameralar bəzən bizləri çətin durumlara salır:

«Belə duruma düşməmək və sonra da Lider TV-nin ekranını, internet səhifələrini bəzəmək istəməyənlərə aşağıdakı qaydalara ciddi şəkildə riayət etməyi məsləhət görürük:
- qadınlar olan səmtə boylanmayın,
- küçədə uşaq yaxınlaşıb nəsə soruşsa, ona tərəf boylanmadan və cavab vermədən hərəkətinizi davam etdirin, yoxsa sizi kameraya çəkib pedofil kimi təqdim edəcəklər,
- günün saatından asılı olmayaraq tünd rəngli eynəkdən istifadə edin,
- kişilərlə belə əl tutub görüşməyin (sizi kameraya çəkib mavilikdə ittiham edə bilərlər), ümumiyyətlə, mavi rəngi unudun. Kimsə sizə mavi rəngdə paltar, avtomaşın, hətta təyyarə bağışlamaq istəsə, bilin ki, bu təxribatdır və nəzakətli şəkildə imtina edin,
- SOS: ictimai tualetdən heç bir halda istifadə etməyin!!! (ümumiyyətlə isə, ən etibarlısı evdən çıxanda böyük ölçüdə pampers geyinib çıxmaqdır)
- sex sözünü eşidəndə belə diqqətinizi o sözü deyənə çəkməyin (bu an sizi kənardan çəkə bilərlər). Səfirliklərdə viza üçün anket doldurduqda oradakı sex sözünün üstündən xətt çəkib, qarşısına «Bu bizim milli mentalitetimizə ziddir» yazıb, altından imza atın,
- çalışın internetdən (xüsusilə də sosial şəbəkələrdən) istifadə etməyin, etdikdə isə profilinizə xüsusi adlar seçin («YAPsevər», «Mən dəstəkləyirəm», «Müxalifətə ölüm!», «Vətən xainlərinə ar olsun!» və s.).

«PREZİDENTLƏ GÖRÜŞ HƏR GÜN TƏKLİF OLUNMUR»

Ceyhun Osmanlı isə bloqunda prezidentin gənclərlə görüşünün onun üçün sürpriz olduğunu yazıb:

İlham Əliyev
«Düşünün ki, cəmi bir gün öncədən xəbər edilir ki, sabah Azərbaycan prezidenti ilə görüşəcəksiniz. Etiraf edək ki, hər gün olunmayan bir təklifdir. O an suallar gəlir adamın ağlına. Mövzu, protokol və s. necə olacaq… Lakin eşidəndə ki, cənab Prezident istəyir ki, bizləri düşündürən, bizim gənclər olaraq həllini istədiyimiz, gənclərin inkişafına əngəl törədən məsələləri qaldıraq, onların həlli yollarını qarşılıqlı olaraq müzakirə edək etiraf etməliyəm ki, bunun nə qədər məsuliyyətli olduğunu düşündüm. Düşündüm ki, gənclərin mənafeyi baxımından aktual məsələləri gərək elə qaldıraq ki, bu bütün ölkə gənclərinin maraqlarına cavab vermiş olsun və həllini tapacaq məsələlərdən bütün gənclərimiz faydalansın».

«ETİRAZ AKSİYASI BAŞ TUTDU»


Anar Məmmədlinin son postu 17 aprel aksiyası barədədir:

«Aksiya günü Bakıda olmamışam və etirazçıların sayı barədə nəinki dəqiq, heç təxmini rəqəm də deyə bilmərəm. Bununla belə aksiyada 100-dən artıq vətəndaş saxlanılırsa, bundan bir qədər artıq şəxsin Bakının mərkəzində etiraz etdiyini əminliklə söyləmək olar. Birdəki altı illik fasilədən sonra Bakının mərkəzində icazəsiz aksiya təşkil edilib siyasi şüarlar səslənirsə, bunu qəhrəmanlıq adlandırmaq olar. Qəhrəman olmaq üçün isə günlərlə təlim keçmək və ya idman salonlarına baş vurmaq gərək deyil...
Aksiyada qətnamə oxunmadı, amma şüarlar səsləndi.
Aksiya Sahil bağında baş vermədi, amma başqa küçələri əhatə etdi. Və etiraz aksiyası baş tutdu. Zəif idimi? Bəli».

«BUNLARI NƏ ÜÇÜN EDİRSİZ?»

Nextaz da müxalifətdən yazır:

«Bizim müxalifət : Mənasız, arsız, nə etmək istədiyini bilməyən bir özəl işlətimdir. Xarici ölkələrdən maliyyə yardımı alıb mitinqlərdə nəsə etməyə çalışır guyaki. İsa Qəmbər və Əli Kərimli kimilərə belə bir sualım olacaqdı: Bunları nə üçün edirsiniz?
Cavab çox sadədir: Hakimiyyətdə yer almaq və vaxtilə yeyə bilmədiklərini yemək. Hakimiyyətdə qarpız satanları gətirmək. Bir azdan artıq soğan və sarımsaq satanlarda peyda olacaq. 1-2 cavan oğlanı ortaya çıxarıb istefa dedizdirənlərdən nə gözləyəsən. 17 aprel mitinqində nələrin olacağı məni də maraqlandırırdı. Dedim yəqin ki mitinqdə iştirak edənlər çox olar bu dəfə. İqtidar olduğu kimi hər ölkədə də müxalifət olmalıdır. Amma bizdəki müxalifətdən əsər əlamət yoxdur. Mitinqdə cəmi 10-15 nəfər görə bildim. Onlarda mənasızcasına qaçırdılar».

HÖRMƏTSİZ YERLİ MAL

Rəşad Babalı hesab edir ki, monopolistlərin at oynatdığı daxili bazarda keyfiyyətdən söhbət gedə bilməz:
«Aptekdən yod verməsini xahiş etdim qızdan. Dedi 20 qəpik bizimkidir, 30 qəpik də Rusiya istehsalı olan. Məsləhət gördü ki rusunkunu alım. Aldım da. Demək aptekçi də öz yodumuza güvənmir.

Təqribən 6 il bundan əvvəl İqtisadi İnkişaf naziri olan Fərhad Əliyev belə bir kompaniyaya başlamışdı: «Hamı yerli mal alsın, xeyir vətənə qalsın». Əla səslənməklə yanaşı həm də praktiki əhəmiyyəti vardı. Məsələn, istehsalatdan ərzaq məhsullarının əksəriyyəti heç də keyfiyyətsiz deyildi. Kolbasa və süd məhsullarını çıxmaq şərtilə digərlərində vəziyyət katostrafik deyildi. Həm də yerli istehsalçını təşviqetmə vardı. Sonra noldu aydındı. Əsas gəlirləri ölkəyə mal idxalı olan məmur-biznesmenlər torbasını tikdi. Tələbə vaxtı BDU-da oxuyan bir türkiyəlini tanıyırdım. Ölkəsini çox sevdiyini bir hərəkətindən bildim. Qardaşının nişanına gecikməsi bahasına olsa da AZAL-la yox, Tükr Hava Yollarıyla uçmağı seçmişdi».

BAKIDA PASXA BAYRAMI


Deffektiv pasxa bayramı haqda uşaqlıq xatirələrini bölüşüb:

«5-ci, 6-cı sinifdə oxuyurdum, məktəbin bufetində şəkərbura, paxlavayla yanaşı, Pasxa bişmişləri satılırdı. Azərbaycan bölməsinin bəzi aktiv uşaqları badamburaya bənzəyən o bişmişlərə sifətlərini bürüşdürərək baxır, onlardan yeməyə instinktiv bir ksenafobiya ilə iyrənirdilər. O bişmişləri yalnız rus bölməsinin uşaqları alıb yeyirdilər. Bizcə, yemədən bilirdik, bizim bişmişlər onlarınkından dadlıdır.

Sonrakı illərdə bahar aylarında Pasxa keçirən ruslar bizim şəhərdə özlərini gizli sektanın üzvləri kimi aparır, bayramlarını başlarını aşağı salaraq sakitcə qeyd edirdilər. Müsəlman Bakısının içində gizli bir xristian Bakısı zühur edirdi belə günlərdə. Elə bil yan otağın qapısını bağlayıb orada nə isə edirlər, amma sən olan otaqda bu barədə heç kim nəsə danışmamağa üstünlük verir, yan otaqdan isə dumanlı şüşənin arxasından gələn hənirtidən başqa heç bir səs eşidilmir».
XS
SM
MD
LG