Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:38
Milli Məclisin keçmiş üzvi, «Bakılı oğlanlar» Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanov vəfat edib. Onun ürək tutmasından öldüyü deyilir.

A. Məmmədxanov bitərəf kimi üç dəfə Milli Məclisə seçilsə də, prezidentin tərəfdarı kimi tanınırdı. O, 25 yaşında deputat olmuşdu və özünü «Azərbaycan tarixində ən gənc millət vəkili» adlandırırdı. Hətta A. Məmmədxanovu Heydər Əliyevin sağlığında Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin çevrəsində tez-tez görmək mümkün idi. Ancaq İlham Əliyevin prezidentliyinin ilk illərindən başlayaraq onun ətrafında artıq A. Məmmədxanov bir elə də gözə dəymirdi.

Odur ki. onun təsisçisi olduğu «day.az» saytının iki il əvvəl qəflətən satılması çoxları üçün təəccüblü olmadı. Həmin vaxt A. Məmmədxanov bildirmişdi ki, «Bu sayt mənim övladımdır. Ona baxacam, fəaliyyətini izləyəcəm. Lazım olanda, müsahibələr verəcəm, yazılar yazacam. Məni bu sayta mənəvi tellər bağlayacaq, başqa heç nə».

A. Məmmədxanov deyirdi ki, bundan sonra yeni layihələr üzərində çalışacaq. Son müsahibələrindən birində sənədli filmlər, verilişlər hazırlayan layihə üzərində işlədiyini deyirdi.

«Bəzi məmurlar ömürlərinin axırına qədər kresloda oturmaq istədiyini» deyən keçmiş millət vəkili bildirirdi ki, bu, onun üçün problem deyil.

Son zamanlar mətbuat səhifələrində A. Məmmədxanovun hakimiyyətdə «arzuolunmaz fiqur»a çevrilməsi barədə mülahizələr səslənirdi. Hətta bildirilirdi ki, hakimiyyətdəki mühafizəkar qanad ona danışmağa yasaqlar qoyub. Ancaq özü qəzetlərə verdiyi müsahibələrdə bunu təkzib edirdi. Bununla belə, parlament seçkiləri ərəfəsində namizədliyini irəli sürməyəcəyini açıqca bildirmişdi.

A. Məmmədxanov 1970-ci il iyulun 20-də Bakı şəhərində doğulub. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, «Bakılı oğlanlar» komandasının kapitanı olub.

Evlidir, 3 övladı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG