Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:35

Ə.Əhmədov: «Bir neçə gənci aldadaraq küçələrə tökməyə mitinq adı qoymaq olmaz»


Əli Əhmədov

Əli Əhmədov

«Radikal müxalifət partiyalarının sıralarında olmuş adamların kütləvi şəkildə həmin partiyaların sıralarını tərk etmələri Azərbaycan vətəndaşlarının bu partiyaların ölkədəki sabitliyi pozmaq istiqamətində fəaliyyətinə cavabıdır».

Bunu aprelin 23-də jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov bildirib:

«Bu partiyalar dərk etməlidirlər ki, Azərbaycan xalqı onların bütün səylərinə nəinki biganəlik göstərir, kəskin şəkildə öz etirazını bildirir. Azərbaycandakı ictimai-siyasi sabitliyi hər bir Azərbaycan vətəndaşı yüksək qiymətləndirir. Çünki ölkəmizin əldə etdiyi nailiyyətlər ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində qərarlaşmış ictimai-siyasi sabitliyin üzərində möhkəmlənib. Azərbaycan vətəndaşları kimlərinsə hansı maraqlar naminə ölkəmizdəki sabitliyi pozmaq səylərini pisləyirlər. Güman edirəm ki, bundan sonra da bu münasibəti göstərəcəklər».

Ə. Əhmədov qeyd edib ki, müxalifətin radikal qanadındakı partiyaların kütləvi aksiyalar keçirmək cəhdləri biabırçılıqla iflasa uğrayıb:

«Bir neçə gənci aldadaraq küçələrə tökməklə əlbəttə ki, kütləvi aksiya keçirmək mümkün deyil və bunun adını da mitinq qoymaq olmaz. Ola bilsin ki, həmin radikal müxalifət partiyaları ölkədə sabitliyi pozmağa səy göstərirlər. Bir neçə nəfərin hesabına ölkədə sabitliyi pozmaq da mümkün deyil. Onların bu hərəkətləri xalqın onlara qarşı ikrah hissini daha da gücləndirir. Ona görə də onların sıraları seyrəlir və üzvlər partiyalardan kənarlaşır».

İcra katibi hesab edir ki, radikal müxalifətçilik öz mövqeyini və ideologiyasını kəskin surətdə dəyişməyə məhkumdur:

«Onlar bu reallığı dərk etməsələr, səhv mövqelərini davam etdirməkdə israrlı olsalar, Azərbaycan cəmiyyətinin onlara münasibəti daha da kəskinləşəcək. Onların sıralarında qalan az sayda adamlar da həmin partiyalardan kənarlaşacaqlar, aldadılıb cəlb olunan gənclər də səhv yola cəlb olunduqlarını dərk edəcəklər. Azərbaycanda radikalçılığa, aqressivliyə yer yoxdur».

Ə. Əhmədov Müsavat başqanı İsa Qəmbərin Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) ünvanladığı müraciətə də münasibət bildirib:

«İsa Qəmbər kiminləsə danışmaq fikrinə düşə bilər. Lakin İsa Qəmbər dərk etməlidir ki, onun danışmaq istədiyi adamlar onunla danışmaq istəyir, ya yox?... Yekə-yekə danışıqlar haqqında kiməsə məktub yazmaq yersizdir. İsa Qəmbər uzaq başı aksiya üçün yer xahiş edə bilər». /Trend/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG