Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:08
Bir dəfə həkim- kardioloq, yazıçı Rafiq Tağı aritimiya üçün mənə bir dərman yazdı: kardoron


Dünyada ən böyük bədbəxtçilik odur ki, sən Bakı kimi möhtəşəm bir şəhərdə yaşayasan, ünvanına məktub gəlməyə.

Sənin ünvanın yoxdur! Əlli yaşına gəlib çatdın, mənim gözəl şairim, neft və milyonlar səltənəti olan bu ölkədə özünə üç otaqdan ibarət bir ev düzəldə bilmədin ki, bilmədin.

Hər dəfə balaca oğlun səndən soruşur: - «Ata, bizim evimiz nə vaxt olacaq?» - Sən isə uşağa cavab vermək əvəzinə «Vətən» şeirinin davamını yazırsan.

Həmin balaca oğlan bir gün kirayə qaldığın bir otaqlı evin calaqlı pəncərə şüşəsini sındırdı.

O gün evin yiyəsi əslən Vedibasarlı olan Davud müəllim arvad-uşağının gözü qarşısında səni elə danladı ki, az qala «Vətən» şeirinin birinci bəndini yadından çıxarasan.

O da yadından çıxdı ki, sevdiyin qızı və hal-hazırda arvadın olan Süsəni qısqandığın üçün qrup yoldaşının ağzını necə vurub əzmişdin.

İndi uşaqların (yəni bir oğlun, bir qızın) bir daha başa düşdülər ki, doğrudan da, bu balaca otaq onların evləri deyil.

Evin içində elə gəzib dolaşırdılar ki, təki əl-ayaqları ora-bura dəyməsin.

Bir dəfə balaca oğluna ayaqqabı alanda uşaq qayıdıb dedi ki, - «Ata, gör evin kirayəsini verməyə pulumuz qaldı, birdən Davud müəllim yenə hirslənər?!» - Ürəyin parça-parça oldu.

Buna baxmayaraq, sən «Vətən» şeirini bitirməyə tələsirdin. Deyirdin: «Bu şeir Səməd Vurğunun «Partiyamızdır» şeiri kimi məşhur olacaq». Süsən tarixçi idi.

O saat cavab verirdi ki, «Kommunist Partiyası Səməd Vurğunu göylərin yeddinci qatına qaldırdı. Bu Vətən sənə bir daxma da vermədi heç!» Sən dözümlü idin, mənim şairim, «Vətən» şeirini yazmalı idin.

Özü də gözəl yazmalı idin. Gecələr qızını yemək və həm də yazı stolunun üstündə yatızdırırdın. Oğlun isə stolun altında uyuyurdu.

Sonra Süsən qızı stolun «alt mərtəbəsinə» keçirtdi. Dedi: - «qız uşağıdır yıxılar, qolu-qıçı şikəst olar».

Mənim gözəl şairim, Süsən səni tələbə vaxtında böyük ümidlərlə sevmişdi. Bütün sevənləini «atkaz» eləyib səni tutmuşdu.

Sən həm yaxşı insan, həm də gözəl şair idin. Süsən elə bilirdi ki, bütün şairlərə ev verdikləri kimi sənə də ev verəcəklər.

Yaxandan orden asacaqlar, prezident təqaüdü alacaqsan, xalq şairi olacaqsan. Vaxtilə müəllim işlədiyin «Palçıqlı» kənd orta məktəbində səninlə görüş keçiriləcək.
Süsən xanım da əyri olduğu əmisi qızlarının yanında «şef-şef» yeriyəcək, «Ay qızlar, gördünüz də, bu axşam televizorda ərimi göstərdilər, bilirsiniz də prezident mənim ərimi tanıyır».

Bütün bunlar Süsənin ən romantik duyğuları və həsrətlə gözlədiyi ən şirin məqamlar idi.

Bu arzular o zaman çilik-çilik oldu ki, bir gün sənin qızına elçi gəldilər.

Mənim şairim, sənin yaşadığın evin ünvanı yox idi. Bəs nə edəcəksən? Süsənin kinayə ilə dediyi «Şairin ünvanın Vətəndir» kəlməsi də bir yandan ürəyini göynətdi. Süsən əvvəl qərar verdi ki, bəlkə elçiləri bacımgildə qəbul eləyək.

Süsənin bacısının əri Naxçıvanlı idi. Badamdarda yaxşı villası vardı.

Gözəl şairim, sən buna razı olmadın. «Sonra biabır olarıq» dedin. Özün getdin elçiləri gətirməyə.

Bayılın «kruqundan» elçiləri götürüb «dvatsatının» dar, ensiz, mazutlu dar küçəsi ünvanı olmayan yöndəmsiz, uçuq bir daxmaya gətirdin.

Ev biabırçı olsa da, pəncərəyə vurulmuş ağappaq pərdələr Süsənin əlləri kimi qəşəng idi.

Mənim gözəl şairim, elçilər evdə oturmağa yer tapmadılar. Əlacsız qalıb qapıda ayaq üstə dayandılar.

Gecələr stolun altına sığmayan, artıq böyümüş qızın - Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi - Tünzalə evin arxasında için-için ağlayırdı. Elçilər onun üçün gəlmişdilər.

Amma bu, biabırçılıqdır. Bilirdin ki, axşam Süsən şivən qoparacaq.

Yenə həmin sözlər; «əlli yaşına keçdin, şair ola bilmədin, prezident səni tanımadı, xalq şairi olmadın.

Sənin şairliyin başına dəysin, ömrümü-günümü çürütdün. Sənə gəldiyim günə daş düşəydi».

Sənsə, mənim şairim, «Vətən» şeirinin axırıncı bəndini düşünməkdə davam edəcəkdin.

Sənin bu faciəni Qəşəm Nəcəfzadə Azərbaycan Yazıçılarının XI qurultayında yüksək kürsüdən söyləmişdi. Ağlayan da olmuşdu.

Amma çoxları bunu Yazıçıların Qurultayı olduğu üçün Metafora kimi başa düşmüşdülər.

Əziz şairim, sən elçilər gələn axşamı «Vətən» şeirini tamamlaya bilmədin. Həm elçilər gəlmişdi, həm də evin kirayəsi üçün Davud müəllim.

Bir yandan da Süsənin bir ömürlük ittihamı baş qaldırmışdı.

Gözəl şairim, sənə «Vətən» şeirini tamamlamağa imkan vermirdilər. Hər dəfə axırıncı bəndin yazılmağı ixtisara düşürdü.

Elə bilirdin ki, bu şeir tamamlanan kimi sənə ev verəcəklər, gələcəyə ümidli idin.

Hökmən prezidentlə görüşəcəkdin. Niyə də görüşməyəsən? O dövlətimizin prezidenti, sən də ən sevimli şairi. Prezidentə çox böyük inamın var. Bu səni ruhlandırır.

Həmişə deyirdin ki, siyasi liderimiz Heydər Əliyev yazıçılara böyük qayğı göstərir.

Elə bu inamdan çıxış edərək Süsən də sənə ərə gəlmişdi.

Mənim gözəl şairim, sənin Vətəninə, dövlətinə çox böyük inamın var. Hər gün «Şəhidlər xiyabanı»na gedirsən, ürəyin qana dönür, «Vətən» şeirinin misralarına təzə qan gəlir.

Sənsə bu qanı kağıza, şeirə harda və necə köçürmək haqqında fikirləşirsən. Axı sənin yazmaq üçün otağında bir barmaq boyda yerin yoxdur. Səyyad Aran sənin ən yaxın dostun idi.

Deputat seçilən vaxtı səni də çox dostları kimi unutdu. İndi deputat deyil.

Tez-tez Yazıçılar Birliyinə gəlir, əziz şairim, bu da bir zirəklikdir.

Şairim, dünya bazarında neftin qiymətinin artması artıq sənin ilham mənbəyinə çevrilib. Bakı-Ceyhan neft kəməri sənin «Vətən» şeirinin misraları kimi uzanıb gedir.

Bakı şəhərini çoxmərtəbəli binalar başına götürüb. Hətta parkları da söküb iri binalar tikirlər. Elə bil ağaclar da sənin kimi kirayədə yaşayırlar. Ona görə qorxa-qorxa, əsə-əsə dayanıblar.

Bəlkə buna görə «Bakıda ağacların kölgəsi olmur». Bir az da dərindən fikirləşsək heç kirayədə yaşayan şairin «Vətən» şeiri də o qədər güclü olmaz.

Hər gün hündür binalara baxıb nə vaxtsa prezidentin sənə iki otaqlı ev verəcəyi haqqında düşünürsən.

Əlli yaşın səssiz-küysüz keçdi. Altmış yaşın hökmən qeyd olunacaq.

Xalq şairi də olacaqsan, prezident təqaüdü də alacaqsan. Deputat da seçiləcəksən, prezident səni tanıyacaq, «Vətən» şeiri də «Partiyamızdır» şeiri kimi məşhur olacaq.

Mənim əziz şairim, sənin bu arzularına Süsən inanmaz, bu sözlər 25 il bundan qabaq ona yazdığın ilk sevgi məktubundakı sözlərə oxşayır. Onda da belə sözlər yazırdın.

Əllini aşırdın, kitabın da çıxmadı, «Vətən» şeirin də yarımçıqdır. Hər axşam ümidini üzməyən Süsən səni dümsükləyir ki, prezidentə məktub yaz. Şairlərin işsizliyini, evsizliyini yaz.

Şair dostlarının hamısının adından yaz. Nazilənin, Aytənin, Aliyənin, Qumrunun, Səidənin də ərini yaz.

Yaz ki, bir-birimizə qonaq gedə bilmirik, ünvanımız yoxdur, daha yaşamağa həvəsimiz tükənib. Yaz ki, sabah oğlumuz əsgər gedəndə məktubu hansı ünvana yazacaq?

Vallah prezidentimiz yaxşı prezidentdir, bizim dərdlərimizdən xəbəri olsa hər şey eləyər.

Hə, şairim, bu gün Azərbaycan yazarlarının durumu məcburi qaçqın və köçkünlərimizin vəziyyətinə oxşayır.

Siz haradan köçüb gəlmisiniz Bakı şəhərinə? Hər yanda möhtəşəm binalar ucalır, amma sizin yaşamağa eviniz yoxdur!

Bəs Bakını - parkları, yaraşıqlı xiyabanları - bina yerləri üçün satan kimdir?

Azərbaycana, Bakı şəhərinə nə qədər şeirlər həsr etmisən? Bu gün bu şəhərdə sənin yaşamağın üçun bir bucaq belə yoxdur.

Demək, ucalan bu göydələnlər sənin Vətənin deyil, demək sən yadsan, gəlməsən. Şairim, bilirəm ki, sən Vətənini balan kimi çox sevirsən. Onun müstəqilliyi və azadlığı üçün hər an canından keçməyə hazırsan.

Ölkə prezidentinin nə vaxtsa bu sahədə addımlar atacağına böyük ümidin var. Təkcə sən yox, hamımız buna inanırıq.

Hərdən Süsənin kefi kök olanda deyir: - şəhərdə kirayə qalmadığımız yer qalmadı. Ora-bura köçməkdən cehiz şifonerim çilik-çilik olub. Bəs sənin ev muzeyin harada olacaq?

Şairim, səndən xahiş edirəm «Vətən» şeirini tamamla. Hə, deyəsən başladın, Allaha şükür.

İndi də oğlun ağlaya-ağlaya gözünün qabağında dayanmışdı. «Ata, Davud müəllim dedi ki, dünya bazarında neftin qiyməti qalxdığına görə mən də bu aydan kirayə pulunu qaldırıram».

«Vətən» şeirindən qan axırdı…

Günün bütün mövzuları

XS
SM
MD
LG