Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 02:56

Passajdakı suvenirlərin izi ilə


Nizami küçəsi
Nizami küçəsi
Lap yaxın tarixdir – 7-8 ay əvvələ qədər hamının «Torqovı» kimi tanıdığı Nizami küçəsində rəssamların, müxtəlif suvenirlər, əl işləri satan adamların, sənətkarların yığışdığı bir guşə vardı. Yaz-qış bura adamla dolu olurdu. Nəsə alıb-satanlardan başqa almayanlar da burda ayaq saxlayırdı, qədimi qablara, rəsm əsərlərinə baxardı, istər-istəməz üzündə xoş əhval yaranırdı.

Köhnə bakılı Sədaqət Əmirova deyir ki, indi hər gün bu küçədən keçəndə o çatışmazlığı hiss edir:

«Boşluqdur, elə bilirsən ki, nəsə çatmır. Hər gün baxırdım, xalçalar, rəsm əsərləri, gümüşlər, suvenirlər, cürbəcür miniatürlər vardı. Nə bilim vallah, olanı yox eləmək nə deməkdir, başa düşmürük»...

Təmirdən sonra indi bu küçə çox sakitdir. Nə alıcılar, nə satıcılar, nə də tamaşa edənlər var.

Suvenir axtarışında olan Vadim Alekseyeviç deyir ki, əvvəllər də burdan Bakıya aid suvenirlər alıb-aparırmış. İndi isə:

«Burda çox gözəl qədimi qablar, suvenirlər satılırdı. Seçim də çox idi. Turustləri də cəlb edirdi. İndi isə bağlayblar, heç nə yoxdur. Niyə, başa düşmürəm».

HARA GEDİB ONLAR?

Vaxtilə «Torqovı»da görünən sənətkarların hərəsi indi bir tərəfdədir, şəhərin ayrı-ayrı hissələrinə dağılışıblar. Rəssamlar deyir əsərləri emalatxanalara, sənətkarlar deyir qab-qaşığı, suvenirləri evlərinin balkonlarına yığıblar. Elə bu küçənin iki zirzəmisində işləyənlər də var. Deyirlər, dağılmışıq deyə, alıcılar da azdır. Hətta ticarət yarmarkalarına gedənlər də var. Onlardan biri, kolleksiyaçı, həm də suvenirlərin alqı-satqısı ilə məşğul olan Namiq Rzayev isə İçəri şəhərin bir küncünə sığınıb. Deyir «Passajdakı alıcı hara, bura hara». Baxmayaraq ki, şəhərin mərkəzidir, yerlə-göy qədər fərq var:

«Bekar qalmamaq, avara gəzməmək üçün bura gəlmişik. Ora başqa yer idi. Burda günümüzü keçirdirik. Burda adam yoxdur. Orada isə müxtəlif ölkələrdən belə müştərilərimiz vardı. Orada olanda yaxşı dolanırdıq».

VERİLƏN VƏD ELƏ VƏD OLARAQ QALIB

Namiq Rzayev deyir ki, onlara deyibmişlər ki, təmirdən sonra yenə qayıdacaqsınız. Ancaq sonra bir daha ayaqlarını əraziyə qoymağa imkan verməyiblər:

«Prezident gəlmişdi, bizi heç əraziyə qoymadılar ki, nəsə şikayət edərik. Rəhmətlik Heydər Əliyev gələndə bizimlə söhbət edirdi, nəsə alırdı. Xoşuna gəlirdi, camaat da ətrafına yığışırdı. Ancaq İlham Əliyev gələndə bizi həndəvərə belə buraxmadılar».

Namiq kimi vaxtilə Passajda işləmiş Abbas Əliyev də deyir ki, hər gün əlində olan suvenirlərin tozunu silməkdən başqa bir iş görmür:

«Orada nə qədər adam ailəsini saxlayırdı. Heç elə şeyi düşünən yoxdur».

SƏNƏTKARLARIN QAYIDIŞI GÜNDƏLİKDƏ DEYİL


Bakı şəhər icra hakimiyyətinin ticarət və xidmət departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyir ki, ərazidəki adamlar qanunsuz küçə ticarəti ilə məşğul olduqları üçün fəaliyyətlərinə son qoyulmuşdu. O ki qaldı nə vaxtsa sənətkarların ora qayıtmasına, bu hələ gündəlikdə deyil:

Namiq Rzayev
«Bu məsələ hal-hazırda gündəlikdə deyil. Əgər gündəliyə gəlsə, onlar tərəfindən qaldırılsa, Bakı şəhər icra hakimiyyətinə müraciət etmiş olsalar, bu barədə fikirləşməyinə dəyər».

Namiq Rzayev isə deyir ki, o da, başqa həmkarları da dəfələrlə bu haqda Bakı şəhər icra hakimiyyətinə, Prezident Administrasiyasına müraciət edib. Ancaq şikayətlərinə heç kim cavab verməyib. Onu da deyirlər ki, əgər xidmət departamenti belə deyirsə, yığışıb bir də müraciət edərlər. Təki faydası olsun.

Sənətşünas Ziyadxan Əliyev isə deyir ki, belə ərazilər həm də qeyri-rəsmi mədəniyyət mərkəziləri sayılır. Ona görə də sənətlə əhalinin canlı təmas məkanı əvvəlki yerinə mütləq qaytarılmalıdır.
XS
SM
MD
LG