Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:54
Azərbaycanda xarici dövlətlərin qeyri hökumət təşkilatlarının mübahisəli qeydiyyatı məsələsi yenidən gündəmə qayıdır. Ötən aydan fəaliyyəti dayandırılan Norveç İnsan Haqları Evinin rəhbərliyi Bakı filialının qeydiyyatı məsələsini müzakirə etmək üçün hazırda Bakıdadır və Ədliyyə Nazirliyi ilə görüşlər keçirir. Təşkilatın Azərbaycan üzrə rəhbəri Vüqar Qocayev Norveçdən nümayəndə heyətini gəldiyini təsdiqləsə də, ətraflı məlumat verməyə tələsmədi.

Norveç İnsan Haqları Evi və ABŞ Milli Demokratiya İnstitutunun (NDİ) fəaliyyəti 1 aydan çoxdur ki, dayandırılıb.

Ədliyyə Nazirliyindən NDİ-ın Azərbaycandakı nümayəndəliyinə verilən məktubda beynəlxalq təşkilatların ölkədə qeydiyyatsız fəaliyyətinə Azərbaycan qanunvericiliyinin imkan vermədiyi bildirilib. Hərçənd təşkilat qeydiyyat üçün 2006-cı ildən dəfələrlə Ədliyyə Nazirliyinə müraciət etsə də, müraciəti qəbul olunmayıb. Qapısı bağlanıb və möhürlənib. Bunu Eurasianet-ə müsahibəsində NDİ-dakı mənbə deyib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Keith Bean də AzadlıqRadiosuna bildirib ki, hazırda Milli Demokratiya İnstitutu ilə bağlı danışıqlar davam edir və məsələnin müsbət həll olunacağına ümid edirlər.

2007-ci ildən Azərbaycanda fəaliyyət göstərən Norveç İnsan Haqları Evi isə elə həmin il Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Hüquq müdafiə təşkilatları üçün resurs mərkəzi rolu oynayıb. Qeydiyyatının olmasına baxmayaraq, o da fəaliyyətini dayandırıb.

NAZİRLƏR KABİNETİNİN QAYDALARI

Norveç İnsan Haqları Evi və Milli Demokratiya İnstitutunun nazirlikdən xəbərdarlıq məktubu almasından qısa müddət sonra – martın 16-da Nazirlər Kabineti beynəlxalq QHT-lərin fəaliyyəti üçün yeni tələblərini açıqlayıb. Bu qaydalara görə, filial və ya nümayəndəliyin Azərbaycanda dövlət qeydiyyatı ilə bağlı danışıqların başlanması üçün təşkilatın nümayəndəsi Ədliyyə Nazirliyinə yazılı müraciət etməlidir. Sənəddə xarici QHT-lərin qarşısına bir sıra şərtlər də qoyulub. Xarici QHT-lər Azərbaycan Konstitusiyası və qanunlarına riayət etməli, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmalı, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş ərazilərdə hər hansı fəaliyyət həyata keçirməməlidirlər. O cümlədən separatçı Dağlıq Qarabağ
Ələsgər Məmmədli
rejimi ilə əlaqələr qurmamalı, siyasi və dini təbliğatla məşğul olmamalıdır və s.

«HAVADAN-SUDAN SƏBƏBLƏRLƏ QHT QEYDƏ ALINMIR»

Media məsələləri üzrə müstəqil araşdırmaçı, hüquqşünas Ələsgər Məmmədli deyir ki, 2007-ci ildə qeydiyyatdan keçmiş bir təşkilatın, 2011-ci ildə Nazirlər Kabinetinin bir qərarında yeni bəndlər yarandığı üçün təzədən qeydiyyatdan keçirilməsi, ya da o prosedurlardan keçməsinin tələb olunması qeyri-hüquqi davranışdır. Təşkilatların hüququ var ki, məhkəmə mübahisələndirməsi aparsınlar və öz hüquqlarını bərpa etsinlər. Hüquqşünas Nazirlər Kabinetinin martın 16-da açıqladığı qaydalara yenidən baxılmasını zəruri sayır:

«Bu zəruridir, çünki qeydiyyatın bu qədər bəsit səbəblərdən imtina olunması, bu qədər hüquqi əsas olmayan havadan–sudan səbəblərlə QHT-in qeydiyyatının ləğv olunması, qeydə alınmasından imtina olunması biabırçılıqdır».

Yeri gəlmişkən qeyd edim ki, ABŞ Milli Demokratiya İnstitutunun ölkədə əsas fəaliyyəti seçki monitorinqi, siyasi partiyalara təlimlər keçmək olub. Norveç İnsan Haqları Evi isə gənclər və hüquq müdafiəçiləri, jurnalistlərin sıx toplaşdığı məkanlardan olub.

«QEYDİYYATIN LƏĞVİNDƏN SÖHBƏT GETMİR»

Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov isə yeni qaydaların vətəndaş cəmiyyətinə qarşı yönəlmədiyini, heç bir basqıdan, məhdudlaşdırmadan söhbət getmədiyini deyir. Onun sözlərinə görə, söhbət prosedur qaydalardan gedir və yeni qaydalar olduğuna görə, bəzi şəxslər bunu təzyiq fotrması kimi qiymətləndirir.

İdarə rəisi Norveç İnsan Haqları Evinin nümayəndələri ilə aprelin 21-də çox məhsuldar görüş keçirdiklərini bildirib:

-Xeyr, qeydiyyatın ləğv olunmasından söhbət getmir. Ümumiyyətlə ləğv olunmadan söhbət getmir. Sadəcə prosedur qaydaları başa çatana qədər onlarən fəaliyyəti dayandırılıb.

-Axı onlar bu prosedur qaydalarından 2007-ci ildən keçmişdilər.

-Heç kim onların 2007-ci ildən keçirilən qeydiyyatını şübhə altına alıb ləğv etmir. Sadəcə onlar fəaliyyətlərini qanunvericiliyə uyğun davam etdirmələri üçün mütləq qaydada Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalara müvafiq saziş imzalamalıdırlar. Bu sazişi imzalayandan sonra yenidən öz fəaliyyətlərini davam etdirəcəklər. Hər bir bu qəbildən olan QHT-yə şamil olan qaydadır”.

Prosesin nə qədər çəkəcəyinə gəlincə, Faiq Qurbanov bildirib ki, bu QHT-nin çevikliyindən, qanunun tələblərini həyata keçirilməsinə istək və əzmkarlığını nümayiş etdirməsindən asılıdır.
XS
SM
MD
LG